Perinatal Mərkəz niyə hələ də bağlıdır? - Xəstəxananın taleyi sual altındadır - FOTO

Azərbaycan səhiyyə sistemində ana və uşaq sağlamlığının qorunması prioritet istiqamətlərdən biri hesab olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sahədə uzun illər aparıcı rol oynamış Respublika Perinatal Mərkəzinin (RPM) iki ildən artıq bir müddətdə fəaliyyət göstərməməsi isə ciddi suallar doğurur.
Məsələ təkcə bir binanın bağlı qalması deyil - burada söhbət minlərlə ailənin ümid ünvanından və ölkə üzrə III səviyyəli ixtisaslaşmış perinatal xidmətin faktiki olaraq iflic vəziyyətinə düşməsindən gedir.
Strateji əhəmiyyətli tibb müəssisəsi
Respublika Perinatal Mərkəzi 2010-cu ildə ölkə rəhbərliyi tərəfindən istifadəyə verilmiş və fəaliyyət göstərdiyi müddətdə III səviyyəli tibb müəssisəsi kimi ixtisaslaşıb.
Mərkəz vaxtından əvvəl doğulmuş və ekstremal az çəkili körpələrin yaşadılması, ağır riskli hamiləliklərin idarə olunması, çoxprofilli (multidisiplinar) yanaşma ilə ana və yenidoğulmuş reanimasiyasının idarəsi, regionlardan göndərilən ağır pasientlərin qəbulu kimi həyati əhəmiyyətli funksiyaları icra edib.
Minlərlə ailə məhz bu mərkəzdə sağlam övladına qovuşub. RPM illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət güclü peşəkar komanda formalaşdırıb.
.jpg)
Yanğın və iki ildən artıq davam edən qeyri-müəyyənlik
8 yanvar 2024-cü ildə baş vermiş yanğın 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 35 kv.m olan 2 otaqda qeydə alınıb. Məlumatlara görə, zərər görmüş otaqlar, binanın fasadı iki ay ərzində tam təmir olunub. Lakin bundan sonra mərkəzin fəaliyyəti bərpa edilməyib. Əksinə, artıq iki ildən çoxdur ki, heç bir əsaslı təmir işinin aparılmadığı göz qabağındadır. Bu müddət ərzində mərkəzin maddi-texniki bazası da faktiki olaraq dağıdılıb.
Avadanlıqların çıxarılması – məqsədli paylanma, yoxsa sistemin zəiflədilməsi?
Mərkəzin müxtəlif şöbələrinə məxsus yeni və müasir tibbi avadanlıqların digər tibb müəssisələrinə “paylanma” adı ilə çıxarıldığı bildirilir. Bu isə mərkəzin gələcək fəaliyyətinin sual altında qalmasına dair ciddi və əsaslı narahatlıq yaradıb. Çünki III səviyyəli perinatal xidmət üçün kompleks, yüksək texnoloji baza vacib şərtdir.
500-ə yaxın əməkdaşın pərən-pərən düşməsi
RPM-in təxminən 500 əməkdaşı respublikanın müxtəlif I və II səviyyəli xəstəxanalarına ezam olunub. Nəticədə yüksək ixtisaslı mütəxəssislər öz potensiallarının cüzi hissəsini belə reallaşdıra bilmir. Riskli hamiləliklər və ağır yenidoğulmuşlarla işləmək üçün uyğun infrastruktur mövcud deyil. Peşəkar komanda dağılma təhlükəsi ilə üz-üzədir. 15 il ərzində formalaşmış ixtisaslaşmış komandanın dağılması yalnız kadr itkisi deyil, həm də sistemli sə-hiyyə kapitalının itirilməsidir.
.jpg)
Artan erkən doğuşlar və yüksək uşaq ölümü riski
Statistik göstəricilər vaxtından əvvəl doğuşların artdığını göstərir. Bu isə birbaşa olaraq neonatal intensiv terapiya imkanlarının genişləndirilməsini, III səviyyəli ixtisaslaşmış mərkəzlərin aktiv fəaliyyətini zəruri edir. Lakin belə bir vəziyyətdə ölkədə Respublika Perinatal Mərkəzi kimi aparıcı tibb müəssisəsi fəaliyyət göstərmir. Valideynlər təcrübəli mütəxəssislərə müraciət etsələr belə, onların ezam olunduqları I və II səviyyəli xəstəxanalar ağır halları qəbul etmək və idarə etmək üçün texniki baxımdan uyğun deyil. Bu vəziyyət həm tibbi, həm də sosial baxımdan ciddi risk yaradır.
Rəsmi vədlər və yerinə yetirilməyən öhdəliklər
25 aprel 2025-ci ildə TƏBİB rəhbərliyi ilə RPM kollektivi arasında keçirilən görüş zamanı 2 ay ərzində tender elan ediləcəyi və ilin sonuna qədər mərkəzin təmir olunaraq təhvil veriləcəyi bildirilib. Eyni zamanda mərkəzin strateji və multidisiplinar əhəmiyyətə malik olduğu qeyd olunub. Daha sonra 7 noyabr 2025-ci ildə təmir işlərinin 2026-cı ilin əvvəlində başlayacağı və ilin sonuna qədər başa çatacağı ilə bağlı yenidən bəyanat verilib. Lakin əməkdaşların bildirdiyinə görə, hələ də təmir işlərinə başlanılmayıb, tender prosesi barədə ictimaiyyətə açıq məlumat verilməyib və binanın gələcəyi ilə bağlı müxtəlif şayiələr dolaşmaqdadır.
Şayiələr arasında təmir üçün ayrılmış vəsaitin başqa istiqamətlərə yönəldilməsi və hətta binanın satılması ehtimalı da yer alır. Rəsmi aydınlıq olmaması isə narahatlığı daha da artırır. Məsələ təkcə bir kollektivin deyil, 10 milyonluq cəmiyyətin problemidir. Ana və uşaq sağlamlığı milli təhlükəsizlik məsələsidir. Respublika Perinatal Mərkəzi sıradan bir xəstəxana deyil - bu, ölkənin ən ağır perinatal halları üçün referans mərkəzidir.
İctimaiyyətə və aidiyyatı qurumlara çağırış
Respublika Perinatal Mərkəzinin taleyi, təmir planı, ayrılmış vəsait, tender prosesi, açılışın konkret vaxtı barədə şəffaf və ictimaiyyət üçün açıq məlumat verilməsi zəruridir.
Azərbaycan səmasında dronlar GÖRÜNÜR - VİDEO
Qırmızıda yolu qaçaraq keçən qadın hələ sürücüyə “dərs keçdi” - VİDEO
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi










