Toyda qanlı dava: Əmisioğluna bıçaqla xəsarət yetirdi

Hadisə 11 Sentyabr 2026 22:40
Toyda qanlı dava: Əmisioğluna bıçaqla xəsarət yetirdi
WhatsApp kanalımıza abunə olun

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən şadlıq saraylarında keçirilən toy mərasimi qanlı insidentlə nəticələnib.

Avtosfer.az Qaynarinfo-ya istinadla xəbər verir ki, toyda iki əmioğlu arasında dava düşüb. Hadisə zamanı tərəflərdən biri qarın nahiyəsindən, digəri isə üz nahiyəsindən bıçaq xəsarətləri alıb. Təqsirləndirilən şəxs saxlanılıb və barəsində cinayət işi başlanıb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına görə, toyda iştirak edən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bacısı, yəni əmisi qızı ilə rəqs edib. Təqsirləndirilən şəxsin bacısı ilə küsülü olması onun narazılığına səbəb olub. O, foyedə zərərçəkmiş şəxsə iradını bildirib və bacısı ilə rəqs etməməsini istəyib.

Tərəflər daha sonra şadlıq sarayının foyesində divanda əyləşərək söhbət etməyə başlayıblar.

Məhkəmə materiallarında göstərilir ki, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi cib bıçağını çıxararaq əmioğluna nümayiş etdirib, daha sonra bıçağı ikisinin arasında divanın üzərinə qoyub.

Bu zaman zərərçəkmiş şəxs divanın üzərindəki bıçağı götürərək əmioğlusunun qarın nahiyəsinə bir zərbə endirib. Nəticədə təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli hesab olunan ağır dərəcəli bədən xəsarəti alıb.

Bundan sonra təqsirləndirilən şəxs bıçağı əmisi oğlunun əlindən alaraq cibinə qoyub və onu şadlıq sarayının həyətinə çıxmağa çağırıb. Bildirib ki, yaralanıb və təcili tibbi yardım çağırmaq lazımdır.

Lakin tərəflərin mübahisəsi burada da bitməyib. Məhkəmə materiallarına əsasən, restoranın yan tərəfində yenidən mübahisə edən tərəflərə tanımadıqları bir şəxs yaxınlaşıb. Bu zaman təqsirləndirilən şəxs əlindəki bıçaqla əmisi oğlunun üz nahiyəsinə zərbə endirib.

Zərərçəkmiş şəxsin sol gicgah və sol yanaq nahiyələrində kəsilmiş yaralar, sol tərəfli təbil pərdəsinin perforasiyası və sağ göz almasının ağlı qişasında qansızma müəyyən edilib. Xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərər kimi qiymətləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Müttəhim məhkəmədə əməlinə görə səmimi peşman olduğunu və əmisi oğlu ilə barışdığını bildirərək ona yüngül cəza verilməsini istəyib. Zərərçəkmiş şəxs də məhkəmədə müttəhimdən şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Müttəhimin barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.

Oxunub : 156
ŞƏRH YAZ
Ad

E-mail

Şərh