Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA

Azərbaycan neftinin qiymətində yenidən yüksəliş müşahidə olunur. “Azeri Light” markalı neftin bir barrelinin 92 dollara yaxın qiymətə satılması dünya neft bazarında baş verən prosesləri yenidən gündəmə gətirib. Qlobal geosiyasi gərginliklər, neft tədarükü ilə bağlı risklər və qarşıdan gələn payız-qış mövsümündə tələbatın artacağı ilə bağlı gözləntilər qiymətlərin formalaşmasına təsir edən əsas amillər sırasında yer alır.
Avtosfer.az xəbər verir ki, gündəlik neft qiymətlərinin formalaşmasında beynəlxalq bazardakı vəziyyət, geosiyasi proseslər və tədarük riskləri mühüm rol oynayır. Eyni zamanda, gündəlik satış qiyməti ilə orta illik ixrac qiyməti arasında fərqin yaranması da bazardakı qısamüddətli dəyişikliklərlə bağlıdır. Bəs bu qiymət hansı hadisələrin fonunda formalaşır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan neftinin qiymətinin bu gün yenidən 92 dollar səviyyəsinə yüksəlməsi qlobal enerji bazarlarında baş verən proseslərlə bağlıdır:

"Neftin qiymətindəki dəyişikliklərə əsas təsir göstərən amillərdən biri dünyada davam edən geosiyasi gərginliklərdir.
Xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyət qlobal enerji bazarları üçün ciddi əhəmiyyət daşıyır. Çünki dünya neft ticarətinin mühüm hissəsi bu marşrutdan keçir. Boğazdan tankerlərin keçidi ilə bağlı risklərin artması və ya gəmilərə hücumların baş verməsi bazarlarda təkliflə bağlı narahatlıqları gücləndirir və nəticədə neftin qiymətində artım müşahidə olunur. Əksinə, gərginliyin azalması və nəqliyyat marşrutları ilə bağlı risklərin səngiməsi qiymətlərə aşağı istiqamətdə təsir göstərə bilir. Azərbaycan da neft ixrac edən ölkə kimi bu proseslərdən birbaşa təsirlənir. Dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Hazırda isə dünya bazarında neftin qiymətinin bu göstəricidən əhəmiyyətli dərəcədə yüksək olduğunu müşahidə edirik. Bu isə ixrac gəlirlərinin artması baxımından Azərbaycan üçün müsbət amildir.
Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: gündəlik neft satış qiyməti ilə illik orta ixrac qiyməti eyni göstərici deyil. Gündəlik qiymət dünya bazarında həmin anda formalaşan kotirovkanı əks etdirir. İllik orta qiymət isə il ərzində qeydə alınan müxtəlif qiymətlərin orta göstəricisi əsasında formalaşır. Ona görə də il ərzində neftin qiymətində ciddi artım və azalmaların olması tamamilə mümkündür.
Neftin bahalaşması neft ixrac edən ölkələr üçün əlavə gəlirlər yaratsa da, bunun qlobal iqtisadiyyat üçün müəyyən mənfi təsirləri də var. Enerji daşıyıcılarının bahalaşması logistika və nəqliyyat xərclərini, sığorta haqlarını və enerji tutumlu məhsulların istehsal xərclərini artırır. Nəticədə bu, dünya bazarlarında mal və xidmətlərin qiymətlərinin yüksəlməsinə, digər tərəfdən isə inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər.
Azərbaycan üçün əsas məsələ isə bu əlavə gəlirlərdən səmərəli istifadə etmək və neft qiymətlərinin yüksək olduğu dövrlərdə iqtisadiyyatın dayanıqlılığını daha da gücləndirməkdir. Çünki neft qiymətləri daim yüksək səviyyədə qalmır və qlobal bazarlarda qiymət dəyişkənliyi kifayət qədər yüksəkdir".
İqtisadçı Xalid Kərimlinin fikrincə isə, gündəlik qiymətlər fərqli ola bilər:

"Orta qiymət ayrıdır, gündəlik qiymət isə tamam fərqli ola bilər. Məsələn, bir gün qiymət 5 dollar, digər gün 7 dollar ola bilər. Bir neçə günün qiymətini götürdükdə isə ortalama, məsələn, 6 dollar təşkil edə bilər. Yəni gündəlik qiymətlə orta qiymət arasında fərq var. Amma bir günlük qiymət dəyişikliklərindən danışırıqsa, burada əsas məsələ Hörmüz boğazı ilə bağlı proseslərdir. Hörmüz boğazında gərginlik yaranarsa, sərt bəyanatlar səsləndirilərsə və ya oradan keçən neft tankerlərinə qarşı hər hansı təhlükə meydana çıxarsa, bu, birbaşa neft qiymətlərinə təsir göstərir. Hazırda neft qiymətlərinin formalaşmasında Hörmüz boğazında baş verən hadisələr mühüm rol oynayır. Gündəlik qiymət dəyişiklikləri əsasən bu istiqamətdə gərginliyin artıb-azalmasından və gələcəkdə gərginliyin necə dəyişəcəyinə dair gözləntilərdən asılıdır".
Politoloq Turan Rzayev qeyd edib ki, adətən müharibələr və müxtəlif gərginliklər fonunda dünya bazarında qiymət dalğalanmaları baş verir:

"Bir məqamı da nəzərə almaq lazımdır ki, artıq yay ayları başa çatır, qarşıdan payız və qış ayları gəlir. Adətən payız aylarında neft və qaza tələbat artır, qışda isə bu tələbat daha da yüksəlir. Bu baxımdan hesab edirəm ki, qiymət artımlarının səbəblərindən biri də mövsümi tələbatın yüksəlməsi ilə bağlıdır. ABŞ-nin, xüsusilə də Donald Trampın dünya bazarında neft və qaz qiymətlərinə təsiri artıq məlum olan bir həqiqətdir. Ümumiyyətlə, ABŞ özü də böyük neft-qaz ixracatçısı ölkədir, amma eyni zamanda xaricdən də əhəmiyyətli həcmdə neft idxal edir. Bu mənada, Venesuela hadisələrindən sonra faktiki olaraq qiymət artımlarının baş verməsi Tramp administrasiyası üçün müəyyən mənada müsbət haldır.
Əslində, Vaşinqton bu qiymət artımları hesabına İranla bağlı proseslərdən, yəni İranla davam edən gərginlik və müharibə vəziyyətinin yaratdığı xərclərdən müəyyən qədər kompensasiya əldə edir. Çünki başda Səudiyyə Ərəbistanı olmaqla, Amerikanın bir çox neft ixracatçısı tərəfdaş ölkələri var. Hesab edirəm ki, bu ölkələrin artan neft gəlirləri müəyyən mənada müharibə ilə bağlı xərclərin qarşılanmasına da imkan yaradır".
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO










