Banner

Azərbaycanda dəmir yolu və metroya 652 milyon dollarlıq dəstək

Xəbərlər 16 Oktyabr 2026 17:09
Azərbaycanda dəmir yolu və metroya 652 milyon dollarlıq dəstək
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, regional bağlantıların gücləndirilməsi və şəhərdaxili mobilliyin inkişafına yönəlmiş layihələrin icrası davam edir.

Yeni layihələr "AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Bakı Metropoliteni" QSC-ni əhatə edir. Beynəlxalq dəmir yolu əlaqələrinin və paytaxtın sərnişindaşıma sisteminin təkmilləşdirilməsini nəzərdə tutan bu layihələr ölkənin logistika potensialının genişləndirilməsinə və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılmasına töhfə verəcək.

Bu çərçivədə ilk növbədə Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Biləcəri–Yalama dəmir yolu xətti Şimal-Cənub və Şimal-Qərb Beynəlxalq Nəqliyyat dəhlizlərinin əsas bağlantılarından biridir və Azərbaycanın nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir.

İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçidə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.

ADB, həmçinin "AZCON Holding" şirkətlərindən olan Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiq edib. Bu maliyyələşdirmə Azərbaycan paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.

Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən "Bakı Metropoliteni"nin genişləndirilməsi proqramının bir hissəsidir. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.

Layihələrin həyata keçirilməsi Azərbaycanın regional logistika imkanlarının genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına və əhalinin daha təhlükəsiz, etibarlı və rahat nəqliyyat xidmətlərinə çıxışının yaxşılaşdırılmasına töhfə verəcək.

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh