Bakıda nə baş verir? - Qaraj qiymətləri ağlasığmaz həddə çatdı

Bakıda artıq təkcə ev almaq deyil, avtomobil saxlamaq üçün yer tapmaq da cib yandırır. Paytaxtda cəmi 15-20 kvadratmetr sahəsi olan qarajlar on minlərlə manata təklif edilir.
Bəzi elanlarda qiymət hətta 80 min manatı da keçir. Bu pula şəhərdən kənarda ev almaq mümkün olduğu halda, Bakının mərkəzində bir avtomobilin güclə yerləşdiyi sahə az qala mənzil qiymətinə satılır.
Avtosfer.az “Yeni Sabah”a istinadla xəbər verir ki, daşınmaz əmlak saytlarında yerləşdirilən elanlar paytaxtda qaraj qiymətlərinin hansı həddə çatdığını göstərir. Son günlər müxtəlif ərazilərdə yerləşən kiçik qarajlar 55 min manatdan başlayaraq 80 min manatdan yuxarı qiymətlərlə satışa çıxarılıb.
Məsələn, Ağ Şəhərdə 20 kvadratmetrlik qaraj üçün 55 min manat tələb olunur. Həmin ərazidə cəmi 15 kvadratmetr sahəsi olan parkinq yeri isə 63 min manata təklif edilir. Yasamal və Nərimanov rayonlarında 20-29 kvadratmetrlik qarajların qiyməti 55-65 min manat arasında dəyişir.
Nəriman Nərimanov və Şah İsmayıl Xətai metrostansiyalarının yaxınlığında 20-25 kvadratmetrlik qarajlar 58-68 min manata satışa qoyulub.
Nəsimi rayonunda isə 24-30 kvadratmetrlik qarajların qiyməti 75-76 min manata çatır. Həmin ərazidə 40 kvadratmetrlik qaraj üçün 80 min manat istəyirlər.
Qiymətlər bununla da bitmir. “28 May” metrostansiyasının yaxınlığında 58 kvadratmetrlik qaraj 81 min 200 manata, “8 Noyabr” metrostansiyası ətrafında isə 35 kvadratmetrlik sahə 79 min manata təklif olunur.
Bəzi ərazilərdə qarajın bir kvadratmetrinin qiyməti adi mənzil bazarı ilə müqayisə edilə biləcək həddə çatıb. Söhbət yaşayış üçün nəzərdə tutulmayan, əksər hallarda yalnız avtomobil saxlamaq məqsədilə istifadə edilən sahələrdən gedir.
Qaraj qiymətlərinin bu qədər yüksəlməsinin əsas səbəblərindən biri Bakıda parkinq yerlərinə tələbatın artmasıdır. Küçə parkinqlərinin ödənişli olması, avtomobillərin sayının çoxalması və binaların ətrafında boş yer tapmaq çətinliyi sürücüləri alternativ axtarmağa vadar edir. Digər tərəfdən, yeni tikilən yaşayış binalarında mənzillərin sayı ilə müqayisədə parkinq yerlərinin kifayət qədər olmaması da problemi dərinləşdirir. Mənzil alan şəxslər sonradan avtomobillərini saxlamaq üçün ayrıca qaraj almağa və ya icarəyə götürməyə məcbur qalırlar.
Qarajların investisiya məqsədilə alınması da qiymətlərə təsir göstərən amillərdən biridir. Bəzi mülkiyyətçilər bu sahələri icarəyə verməklə gəlir əldə etməyə çalışırlar. Tələbatın yüksək olduğu ərazilərdə isə bu vəziyyət satış qiymətlərinin daha da artmasına şərait yaradır. Bakıda ev sahibi olmaq bir çox insan üçün əlçatmaz olduğu halda, indi avtomobilini təhlükəsiz yerdə saxlamaq da ayrıca böyük xərcə çevrilir. Mövcud təkliflər paytaxtda parkinq probleminin daşınmaz əmlak bazarında nə qədər bahalı məsələyə çevrildiyini açıq şəkildə göstərir.
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT












