Dayanacaqda çantadan 6 minə yaxın pul götürdü - Səhəri televiziyaya üz tutdu

Dayanacaqdakı sahibsiz çantadan 5627 manat götürən qadına hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi 1964-cü il təvəllüdlü N.Məmmədovanı Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilib.
Bildirilib ki, hadisə bu il mayın 27-si saat 22 radələrində Şamaxinka kimi tanınan ərazidə qeydə alınıb.
Qeyd edilib ki, hadisədən əvvəl paytaxtda mənzillərin birində xadimə işləyən qadın Müşfiqabad qəsəbəsində avtobus gözləyərkən çantasını dayanacaqda unudub. Daha sonra dayanacaqda olan N.Məmmədova həmin çantaya baxıb və içindəki 5627 manat pulu götürərək Xırdalana gedib. Faktın üstü bir gün sonra açılıb və polis cinayət işi başladıb.
Məhkəmədə N. Məmmədova özünü günahkar bilməyib: “Saat təxminən 21:40 radələrində klinikalardan birinin qarşısındakı dayanacağa yaxınlaşaraq avtobus gözləyirdim. Bu zaman qara rəngli əl çantasının unudulduğunu gördüm. Hətta orada olan iki uşaq çantanın mənə məxsus olub-olmaması barədə soruşdu, mənə aid olmadığını dedim. Çanta sahibinin uzaqlaşdığını başa düşərək onu açıb içərisinə baxdıqda əksəriyyəti 100 və 50 manatlıq əskinaslardan ibarət rezinlə bağlanmış topa şəklində pulların olduğunu aşkar etdim. Həmin anda sayını bilmədiyim pulu götürərək itməməsi və oğurlanmaması üçün öz əl çantama qoydum. Sonra avtobusa minib oradan uzaqlaşdım.
Bir müddət sonra baldızımın evinə çatdım və orada pulu sayaraq 5627 manat olduğunu bildim. Baldızım həmin pulun haradan əldə edildiyi ilə maraqlandıqda ona vəziyyəti danışdım. O isə mənim telekanallardan birinin vasitəsilə elan verib pulun sahibinə qaytarılmasının lazım olduğunu dedi. Artıq gec olduğuna görə polisə getməyi deyil, telekanal vasitəsilə elan verib pulun sahibinin tapılması və qaytarılması yolunu seçdik. Bu məqsədlə 28 may 2025-ci il tarixdə pulu özümlə götürərək baldızımla birlikdə Yasamalda yerləşən “Azad Azərbaycan” telekanalına getdim. Binaya yaxınlaşıb məlumat verdikdən sonra Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları telekanalın binasına yaxınlaşaraq bizi polis şöbəsinə dəvət etdi. Nəsimi RPİ-nin İŞ-də 53 ədəd 100 manatlıq, 02 ədəd 50 manatlıq, 12 ədəd 10 manatlıq, 21 ədəd 05 manatlıq və 02 ədəd 01 manatlıq əskinaslardan ibarət ümumilikdə 5627 manat nağd pulu sahibinə təqdim etdik. Mən cinayət törətməmişəm və məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.
Zərərçəkmiş qadın isə ifadəsində N.Məmmədovadan şikayəti olmadığını və barışdığını deyib: “Müşfiqabad qəsəbəsində ev tikdirirəm, amma pulum çatmadığına görə işlər yarımçıq dayanmışdı. Buna görə xadimə işlədiyim evin sahibindən 5000 manat borc pul almışdım ki, aparıb ustaya verim, təmir işlərini davam etdirsin. 600 manat isə aylıq məvacibim, üstündəki 27 manat isə gündəlik çörəkpulum idi. Bütün pullar mənə qaytarıldığı üçün heç bir şikayətim yoxdur”.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə N.Məmmədova oğurluq əməlində təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












