El-Nino Azərbaycandan yan keçməyəcək: Yağıntı, sel və...

Xəbərlər 14 Avqust 2026 13:30
El-Nino Azərbaycandan yan keçməyəcək: Yağıntı, sel və...
WhatsApp kanalımıza abunə olun

Dünyada El-Nino iqlim hadisəsinin mümkün təsirləri ilə bağlı narahatlıqlar artır. Ümumdünya Səhiyyə Təşkilatı El-Nino və iqlimlə bağlı risklər sırasında istilik, quraqlıq, sel, meşə yanğınları, su ilə yayılan xəstəliklər və ərzaq təhlükəsizliyinə təsirləri xüsusi qeyd edir.
Bəs bu proses Azərbaycana necə təsir edə bilər?

Mövzu ilə bağlı açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Yer kürəsində iqlim və təbiət hadisələri milyonlarla ildir davam edən dəyişikliklərin nəticəsidir.

Onun sözlərinə görə, zəlzələlər, vulkanlar, fırtınalar, qasırğalar, sunamilər, meşə yanğınları və buzlaşma kimi proseslər təbiətin özündə daim baş verib:

“Bunların bugünkü günümüzdə də davam etdiyini mütləq qəbul etmək lazımdır. Qütblərdə dəyişikliklərin olması, buzlaqların əriməsi, okeanların səviyyəsinin artması və El-Nino kimi hadisələr iqlimə təsir göstərir”, – ekoloq bildirib.


Qorxmaz İbrahimli qeyd edib ki, El-Nino okeanlardakı hava axınlarına təsir etməklə yanaşı, quru ərazilərində də özünü göstərir. Bu təsirlər quraqlıq, yağıntıların artması, mövsümlərin xarakterinin dəyişməsi və anomal hava şəraiti formasında ortaya çıxa bilər. Ekoloq Azərbaycanda da bu təsirlərin müşahidə olunduğunu deyib:


“Azərbaycana da quraqlıqlarla və yaxud anomal istilərlə öz təsirini göstərməkdədir. Bu il, misal üçün, yağıntılı oldu. Baharımız, yayımız yağıntılı keçdi. Ümumiyyətlə, biz normal yay yaşamadıq. Arada 3-5 gün həddindən artıq isti günlər gördük. Əvvəllər əsasən Bakı və Abşeron yarımadasında külək görürdüksə, indi bütün ölkə üzrə küləkli günlərin sayı artıb”.


Ekoloq Avropada bu il müşahidə olunan anomal istilərin də iqlim dəyişikliklərinin yaratdığı mənzərənin bir hissəsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda aran rayonlarında və Naxçıvanda 40 dərəcə temperatur müəyyən hallarda normal sayılsa da, Avropada belə göstəricilər anomal hava şəraiti hesab olunur.
 

Qorxmaz İbrahimli gələcəkdə həm su qıtlığı, həm də əksinə, güclü yağıntı və sel hadisələrinin artması kimi fərqli ssenarilərin mümkün olduğunu bildirib:

"Bəlkə bu gün su qıtlığından danışırıq, gələcəkdə sellərin çox olacağına şahid ola bilərik, yağıntıların artmasını görə bilərik. Təbiəti qorumadıqca, təbiət də öz zərbəsini bizə vurmağa davam edir”.

O, həmçinin Azərbaycanda dağlıq ərazilərdə müşahidə olunan proseslərə diqqət çəkərək bildirib ki, Şamaxı-İsmayıllı istiqamətində yolların dağılması kimi hallar təkcə infrastruktur problemi deyil, təbiətdə gedən proseslərlə də bağlıdır:

"Qafqaz dağlarında və Xəzər dənizinin dibində daim müəyyən geoloji hərəkətlilik olduğunu deyən ekoloq hesab edir ki, bütün dəyişiklikləri yalnız El-Nino ilə əlaqələndirmək düzgün deyil. Bunların hamısı tək bir El-Nino deyil, ümumiyyətlə təbiətdə baş verən və gələcəkdə də baş verəcək dəyişikliklərdir. Ona görə narahat olmaq lazım deyil, təbiəti qorumaq, ətraf mühitə diqqətlə yanaşmaq lazımdır”. /sfera.az


 
 

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh