İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları!
Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəlbdən salamlayıram.
Müstəqil Azərbaycan dövlətinin tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində müasir audit institutunun formalaşdırılması və inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin demokratik idarəetmə prinsiplərinə və bazar iqtisadiyyatının institusional əsaslarının formalaşdırılmasına verdiyi yüksək önəmin, ölkədə maliyyə intizamının və şəffaflığın, hesabatlılığın təmin edilməsinə xidmət edən uzaqgörən və məqsədyönlü dövlət siyasətinin mühüm təzahürü idi. Həmin Qanuna uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Auditorlar Palatası ötən dövr ərzində ölkədə müstəqil audit sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, peşəkar auditor kadrlarının hazırlanması, şəffaflıq və hesabatlılıq mühitinin inkişaf etdirilməsi, habelə beynəlxalq qabaqcıl təcrübəyə uyğun müasir audit modelinin formalaşdırılması istiqamətində olduqca əhəmiyyətli və zəruri işlər görmüşdür. Nəticə etibarilə, auditor xidmətlərinin əhatə dairəsi xeyli nəzərə çarpacaq dərəcədə genişlənmiş, maliyyə hesabatlarının etibarlılığının təmin edilməsində, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasında audit institutunun rolu daha da artmışdır.
Auditorlar Palatasının yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransın ölkəmizdə auditor peşəsinin son otuz ildə keçdiyi inkişaf yolunun elmi və praktik müstəvidə təhlili, auditor fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar özünüidarəetmə institutunun möhkəmləndirilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarının tətbiqi ilə bağlı mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
Eyni zamanda, konfrans çərçivəsində audit fəaliyyətinin rəqəmsal transformasiya şəraitində yeni inkişaf istiqamətlərinin, böyük verilənlərin analitikası və süni intellekt texnologiyalarının audit prosesinə inteqrasiyasının, auditin ənənəvi uyğunluq funksiyasından kənara çıxaraq strateji tərəfdaş və dəyər yaradan institut kimi rolunun genişləndirilməsinin, habelə peşə etikası və ictimai etimad prinsiplərinin möhkəmləndirilməsinin müzakirə olunması müasir dövrün tələbləri baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnoloji transformasiyanın geniş vüsət aldığı müasir şəraitdə audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi hər bir ölkə qarşısında duran mühüm vəzifələrdən biridir. Bu xüsusda audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili, süni intellekt və müasir məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsi, audit proseslərində şəffaflığın və operativliyin artırılması, habelə beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasının fəaliyyətinin səmərəliyi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır. Bununla yanaşı, auditor peşəsinin nüfuzunun və ona olan ictimai etimadın qorunması, yüksək peşəkarlıq və etik davranış prinsiplərinin daha da möhkəmləndirilməsi, habelə peşəkar kadr potensialının gücləndirilməsi qarşıda duran əsas prioritetlər sırasındadır.
Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təşəbbüslər ölkəmizdə auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, auditdə rəqəmsal transformasiyanın və süni intellektin tətbiqinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, audit institutunun nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Bu əlamətdar yubiley münasibətilə Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını bir daha təbrik edir, tədbirin işinə uğurlar arzulayıram”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












