İrəvanın paradındakı gizli mesaj: Ermənistan nəyə hazırlaşır? - AÇIQLAMA

Mayın 28-i Azərbaycanda Respublika Günü kimi qeyd olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə ilk parlamentli respublikanın əsası qoyulub. Maraqlıdır ki, eyni tarixdə Ermənistanda da Respublika Günü münasibətilə hərbi parad keçiriləcək. Baş nazir Nikol Paşinyanın paylaşdığı görüntülərdə Ermənistan istehsalı pilotsuz uçuş aparatları və Fransadan alınmış “CAESAR” artilleriya sistemləri nümayiş etdirilib. Bildirilir ki, paradda son illərdə əldə olunan yeni silah və hərbi texnikalar təqdim ediləcək.
Ermənistanın Respublika Günü paradında yeni silahların nümayişi regionda sülh prosesinə necə təsir edə bilər? Rəsmi İrəvanın son dövrdə silahlanmanı sürətləndirməsi hansı mesajı verir?
Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli artilleriya sistemlərinin və yerli istehsal PUA-ların nümayişinin siyasi-psixoloji mesaj xarakteri daşıdığını bildirib.
“Bu addım həm daxili auditoriyaya, həm də qismən regional kontekstə ünvanlanmış çoxqatlı mesaj kimi qiymətləndirilməlidir”,- deyən millət vəkili rəsmi İrəvanın 2020-ci il müharibəsindən sonra zəifləyən hərbi-siyasi imicini bərpa etməyə çalışdığını qeyd edib:
“Ermənistan cəmiyyətində təhlükəsizliklə bağlı ciddi narahatlıqlar qalmaqdadır və Paşinyan hakimiyyəti ordunun yenidən qurulduğu, müasir silahlarla təchiz edildiyi görüntüsünü yaratmağa çalışır. Paradlar bu baxımdan təbliğat xarakterli və həm də simvolik legitimlik alətidir. Fransadan alınmış silahların nümayişi isə Ermənistanın yeni təhlükəsizlik arxitekturasına keçidinin nümayişidir. İrəvan faktiki olaraq Rusiyadan tam asılı təhlükəsizlik modelindən uzaqlaşmağa və Qərblə, xüsusilə Parislə hərbi əməkdaşlığı dərinləşdirməyə çalışır. “CAESAR” sistemlərinin nümayişi həm də geosiyasi orientasiyanın nümayişidir”.

E.Mirzəbəyli Ermənistanın bu addımının Moskvaya da mesaj olduğunu vurğulayıb:
“Bu, Moskvaya da mesajdır ki, Ermənistan alternativ təhlükəsizlik tərəfdaşları axtarır. Lakin regiondakı sülh prosesi baxımından məsələ daha həssas görünür çünki bir tərəfdən Ermənistan rəhbərliyi sülh müqaviləsindən danışır, kommunikasiyaların açılmasını və münasibətlərin normallaşmasını gündəmdə saxlayır, digər tərəfdən də intensiv silahlanma prosesi aparır. Bu isə regionda etimad mühitinə mənfi təsir göstərən amillərdən biri kimi qəbul edilə bilər. Azərbaycanın yanaşması ondan ibarətdir ki, davamlı sülh yalnız hüquqi-siyasi öhdəliklərlə deyil, həm də praktiki davranışlarla möhkəmlənməlidir. Əgər paralel şəkildə revanşist ritorika, sürətli silahlanma və hərbi nümayişlər davam edirsə, bu, təbii olaraq suallar yaradır. Xüsusilə Ermənistan daxilində müəyyən siyasi qüvvələrin hələ də təhlükəli ərazi iddiaları narrativlərindən istifadə etməsi silahlanma prosesinin sırf müdafiə xarakterli olub-olmaması barədə şübhələri artırır. Digər tərəfdən, hər bir dövlətin öz müdafiə potensialını gücləndirmək hüququ var. Problem silahlanmanın özündə deyil, onun hansı siyasi konsepsiya ilə müşayiət olunmasındadır. Əgər bu proses real sülh gündəliyi, sərhədlərin delimitasiyası və qarşılıqlı etimad tədbirləri ilə paralel aparılmırsa, regionda yeni təhlükəsizlik dilemması yarana bilər. Hazırkı mərhələdə əsas məsələ odur ki, Cənubi Qafqazda postmünaqişə dövrü hansı model üzrə inkişaf edəcə. Yəni iqtisadi inteqrasiya və kommunikasiya modeli önə çıxacaq, yoxsa hərbi çəkindirmə faktoru gücləndiriləcək? Ermənistanın son addımları göstərir ki, Ermənistan ikili oyunlarını davam etdirir. Bütün bunlar seçkiqabağı manevr kimi də dəyərləndirilə bilər. Bütün hallarda regionda sülh prosesinin gələcəyi Ermənistanın real siyasi davranışlardan və qarşılıqlı etimad yarada biləcək addımlarından asılı olacaq”.
Məsələ ilə bağlı sabiq diplomat, politoloq Fikrət Sadıqov da açıqlama verib. Onun sözlərinə görə, müasir silahların İrəvanda nümayiş etdirilməsi onu göstərir ki, rəsmi İrəvan dairələri hələ də müəyyən mənada keçmiş yanaşmaların təsiri altındadır:
“Baxmayaraq ki, Azərbaycanla normallaşma prosesi davam edir, Vaşinqtonda saziş paraflanıb və Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanla münasibətlərin normallaşdırılmasını istədiyini bəyan edib, bunun fonunda hərbi texnikanın nümayişi müəyyən suallar yaradır. Bu vəziyyət bir tərəfdən müsbət mesajların verilməsi, digər tərəfdən isə hərbi hazırlıqlara diqqətin artırılması kimi qiymətləndirilə bilər. Burada əsas sual həmin hazırlığın kimə qarşı yönəldiyidir. Azərbaycanın, Türkiyənin, yoxsa Gürcüstanın? Bunun hansı məqsədə xidmət etdiyini dəqiq demək çətindir. Əslində, Azərbaycana hər hansı güc nümayiş etdirməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın hərbi texnologiyalarının daha müasir olduğu hər kəsə məlumdur və bunu Ermənistan tərəfi də yaxşı anlayır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hər zaman ayıq-sayıq olmalı, öz ərazi bütövlüyünü qorumağa davam etməli və mümkün fors-major vəziyyətlərdə hər hansı təxribat və ərazi iddialarına qarşı hazır olmalıdır”.

İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB








