Məşhur süni intellekt platformalarının adından saxta saytlar yaradılıb

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, kampaniya çərçivəsində "ChatGPT", "Gemini", "Claude", "Perplexity", "Meta Muse" və "Manus" kimi tanınmış süni intellekt xidmətlərinin adından istifadə edilərək saxta reklam portalları yaradılıb. Həmin portallar istifadəçilərə reklam kampaniyalarını idarə etmək, reklam xərclərini təhlil etmək və biznes hesablarını bu xidmətlərə qoşmaq kimi imkanlar təklif edir.
Əslində isə bu saytların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik təsdiq kodlarını ələ keçirməkdir. Hücum zamanı istifadəçilərə həqiqi giriş pəncərələrinə bənzəyən saxta interfeyslər göstərilir. Bu interfeyslər ayrıca brauzer pəncərəsi deyil, veb-səhifənin daxilində yaradılan vizual elementlərdir.
İstifadəçi həmin pəncərəyə istifadəçi adını və parolunu daxil etdikdə məlumatlar hücumçulara ötürülür. Daha sonra birdəfəlik təsdiq kodu tələb olunur və bununla hesaba giriş əldə etməyə cəhd göstərilir. Beləliklə, çoxfaktorlu autentifikasiyadan istifadə edilməsi belə, istifadəçinin aldadıldığı hallarda hesabın ələ keçirilməsinin qarşısını tam ala bilməz.
Araşdırma zamanı kampaniyanın reklam hesablarını idarə edən şəxsləri, media alıcılarını və reklam agentliklərinin əməkdaşlarını hədəf aldığı müəyyən edilib. Bu hesabların ələ keçirilməsi maliyyə itkilərinə, icazəsiz reklamların yayımlanmasına və qanuni sahiblərin hesablarını idarə etmək imkanlarının məhdudlaşmasına səbəb ola bilər.
Tədqiqatçılar eyni infrastrukturdan istifadə edən digər fişinq kampaniyalarını da müəyyən ediblər. Bunlara "Google Ads" adından vəsaitin geri qaytarılacağını vəd edən saxta saytlar, eləcə də müxtəlif şirkətlərin adından yaradılmış saxta işə qəbul səhifələri daxildir. Müşahidələr göstərir ki, kampaniyanın yayılmasında ödənişli internet reklamlarından da istifadə olunur.
MKA istifadəçiləri aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
- Süni intellekt xidmətlərini və digər rəqəmsal alətləri biznes hesablarına yalnız rəsmi saytlar və etibarlı inteqrasiya kanalları vasitəsilə qoşun.
- Giriş pəncərəsinin daxilində göstərilən ünvana deyil, brauzerin öz ünvan sətrindəki ünvana diqqət yetirin.
- Şübhəli məktublardakı keçidlərə daxil olmayın və tanınmış şirkətlərin adından göndərilən dəvətləri yoxlamadan qəbul etməyin.
- Birdəfəlik təsdiq kodlarını yalnız özünüz başladığınız giriş əməliyyatı zamanı daxil edin və heç kimlə paylaşmayın.
MKA mütəxəssisləri həmçinin bildirirlər ki, giriş məlumatlarınızı fişinq səhifəsinə daxil etdiyinizdən şübhələnirsinizsə, dərhal parolunuzu dəyişməli, aktiv sessiyaları dayandırmalı və hesabın administrator siyahısını yoxlamalısınız. Bununla yanaşı, hesabdakı icazələri, ödəniş məlumatlarını və son əməliyyatları nəzərdən keçirməlisiniz.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












