Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Dünyada və regionda baş verən son proseslər nəqliyyat marşrutlarının şaxələndirilməsinin, alternativ bağlantıların inkişaf etdirilməsinin və logistika sistemlərinin daha çevik qurulmasının əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb.
Avtosfer.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Ekspert bildirib ki, Qırmızı dənizdə yaranan vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən münaqişələr beynəlxalq yükdaşımaların marşrut seçiminə və logistika zəncirlərinin təşkilinə təsir göstərib. Onun sözlərinə görə, bu proseslər alternativ və daha dayanıqlı quru nəqliyyat marşrutlarının inkişaf etdirilməsini aktuallaşdırıb.
R.Ağamirzəyev qeyd edib ki, bu baxımdan Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır.
“Dəhlizin yalnız ayrı-ayrı infrastruktur layihələrinin məcmusu kimi deyil, vahid və inteqrasiya olunmuş nəqliyyat-logistika sistemi kimi inkişaf etdirilməsi vacibdir. Orta Dəhlizin potensialından tam istifadə etmək üçün Xəzər dənizində liman infrastrukturunun inkişaf etdirilməsi, mövcud layihələrin tamamlanması, yeni gəmilərin istismara verilməsi və donanmanın sayının artırılması mühüm məsələlərdəndir. Bununla yanaşı, artıq yaradılmış infrastrukturun daha effektiv işləməsi təmin edilməlidir. Burada rəqəmsal alətlərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və müxtəlif nəqliyyat iştirakçıları arasında koordinasiyanın gücləndirilməsi xüsusi rol oynayır”, - deyə ekspert vurğulayıb.
Ekspertin sözlərinə görə, yük axınının artması ilə əlaqədar dəmir yolu infrastrukturunun ötürücülük qabiliyyətinin artırılması da diqqətdə saxlanılmalıdır: “Ayrı-ayrı stansiyalarda və dəmir yolu xətlərində imkanların genişləndirilməsi yüklərin daha sürətli hərəkətinə və marşrut üzrə mümkün ləngimələrin qarşısının alınmasına şərait yarada bilər. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir-biri ilə inteqrasiyası regional logistika baxımından yeni imkanlar yaradır. Xüsusilə Zəngəzur dəhlizi kontekstində bu iki istiqamətin kəsişməsi və qarşılıqlı əlaqələndirilməsi vahid nəqliyyat sisteminin formalaşmasına töhfə verə bilər. Eyni infrastrukturdan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində istifadə imkanlarının yaradılması nəqliyyat sisteminin səmərəliliyini artıra bilər. Bunun üçün dəhlizlər üzrə koordinasiyanın gücləndirilməsi, yük axınlarının düzgün planlaşdırılması və infrastrukturun ötürücülük imkanlarının əvvəlcədən nəzərə alınması vacibdir”.
Rauf Ağamirzəyev əlavə edib ki, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə bir sıra infrastruktur layihələrinin tamamlanması növbəti mərhələdə əsas prioritetlərdən biri olmalıdır. Onun sözlərinə görə, dəmir yolu bağlantılarının gücləndirilməsi, Orta Dəhlizin ayrı-ayrı hissələrinin tamamlanması və digər nəqliyyat layihələrinin sürətlə icrası marşrutların fasiləsiz fəaliyyətinə imkan verəcək.
“Burada üç əsas istiqaməti qeyd etmək olar: infrastrukturun fasiləsizliyinin təmin olunması, rəqəmsal alətlərin daha geniş tətbiqi və mövcud infrastrukturun ötürücülük qabiliyyətinin artırılması. Bu məsələlər paralel şəkildə həyata keçirildikdə yükdaşımaların sürəti və səmərəliliyi də yüksələcək. Növbəti mərhələdə əsas məqsəd yalnız yeni infrastrukturun yaradılması deyil, artıq fəaliyyət göstərən nəqliyyat sisteminin daha səmərəli və koordinasiyalı şəkildə idarə olunmasıdır. Bu istiqamətdə real layihələrin mərhələli şəkildə icrası, rəqəmsallaşmanın genişləndirilməsi və ölkələr arasında koordinasiyanın gücləndirilməsi Azərbaycanın regional və beynəlxalq nəqliyyat-logistika əlaqələrində rolunun daha da möhkəmlənməsinə şərait yarada bilər”, - deyə ekspert bildirib.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












