Ölkədəki savadlı hüquqşünas qıtlığının qarşısı necə alınmalıdır? - RƏY

Xəbərlər 2 Oktyabr 2026 23:47
Ölkədəki savadlı hüquqşünas qıtlığının qarşısı necə alınmalıdır? - RƏY
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda hüquq sahəsində kadr çatışmazlığı ilə bağlı müzakirələr davam edir. Hüquq ixtisaslarına marağın artırılması və gələcəkdə peşəkar kadrların sayının çoxaldılması üçün hansı addımların atılmalı olduğu diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, məhkəmələrdə dövlət hesabına təyin olunan vəkillərin əməyinin hər iş saatı üçün 11 manat məbləğində qiymətləndirilməsi də hüquq sahəsində müzakirə olunan məsələlərdəndir. Bəs mövcud ödəniş hüquqşünasların bu sahəyə marağına təsir edirmi?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasımda bildirib ki, ölkədə hüquqşünas çatışmazlığı yoxdur, savadlı hüquqşünas çatışmazlığı var:

''Ümumiyyətlə, bir çox hallarda imtahanlar keçiriləndə imtahanların çətinliyindən narazılıq edən hüquqşünaslar əslində ciddi şəkildə hazırlıqsız olurlar. O səbəbdən də dövlət tərəfindən, konkret olaraq komissiyalar tərəfindən müəyyən olunmuş imtahan suallarına hüquqşünaslar hazırlaşsalar belə, bəzi hallarda test mərhələsindən keçə bilmirlər. Test mərhələsindən keçdikdə belə, savadlı hüquqşünasların, yəni hüquqşünasların bir çoxunun hüquqi mühakimə qabiliyyəti yoxdur. Hüquqi mühakimə qabiliyyətləri çox aşağı səviyyədə olur. Məsələn, bəzi hallarda yeni təyin olunmuş hakimlərin belə qərarları bir çox hallarda yuxarı instansiya məhkəmələri tərəfindən məhz hakimin düzgün hüquqi mühakimə yürütmədiyi səbəbindən ləğv olunur və iş üzrə yeni qərar qəbul edilir. Eyni zamanda, bəzi hallarda hətta hüquqşünaslar belə hüquqi müdafiəni düzgün qura bilmirlər. Vəkillər tərəfindən pulsuz hüquqi yardımın həyata keçirilməsi üçün ödənilən 11 manat məsələsi də daxildir. Bunun hüquqi yardımın keyfiyyətinə, əlbəttə ki, heç bir təsiri yoxdur. Çünki məbləğin nə olmasından asılı olmayaraq, Vəkillər Kollegiyasının üzvləri istənilən halda dövlət hesabına hüquqi müdafiəni, keyfiyyətli hüquqi müdafiəni həyata keçirirlər''.

Hüquqşünas qeyd edib ki, 2025-ci ilin aprel ayında Nazirlər Kabineti tərəfindən hüquqi yardıma görə dövlət hesabına xidmətin bir saatının 11 manat müəyyən olunması, əlbəttə ki, təqdirəlayiq bir davranışdır:

''Heç şübhəsiz ki, mən bir hüquqşünas kimi düşünürəm ki, il ərzində, ən azı iki ildən bir bu qiymətə yenidən baxılmalıdır. Çünki burada əsas məsələ təkcə hüquqi yardımın keyfiyyəti və qiyməti deyil, eyni zamanda ölkə üzrə dəyişən qiymətlərə uyğun tənzimləmələrin olmasıdır. Digər tərəfdən, qəbul ballarının aşağı düşməsi artıq sırf Dövlət İmtahan Mərkəzinə aid olan məsələdir. Onlar bunu daha yaxşı analiz edə bilərlər. Nəticə etibarilə, biz hesab edirik ki, ölkədə həqiqətən də savadlı hüquqşünas qıtlığı var. Bu, zaman-zaman təkcə bizim tərəfimizdən deyil, eyni zamanda vəzifəli şəxslər tərəfindən də səsləndirilən fikirdir. Hüquq təhsilində keyfiyyətli hüquq müəllimlərinin ölkədə həqiqətən də ciddi şəkildə qıtlığı var. Mən hesab edirəm ki, xaricdə yaşayan azərbaycanlı müəllimlərin, mütəxəssislərin, dosent və professorların yaxşı əməkhaqqı müqabilində ölkəyə qaytarılması mütləqdir''.

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, gənclərin bəziləri, hüquq ixtisasına o qədər də maraq göstərmir və müxtəlif iqtisadi sahələrə üstünlük verirlər:

''Amma buna baxmayaraq, hüquq əvvəlki kimi prestijini saxlayır. Hüquq ixtisası istiqamətinə müraciət edən abituriyentlərin sayında müəyyən marağın olduğunu müşahidə edirik. Məsələ ondan ibarətdir ki, bu istiqamətdə iş imkanları və perspektiv yüksək olduğu halda, müraciət edən abituriyentlərin sayında da artım müşahidə edə bilərik. Məhkəmədə dövlət hesabına təyin olunan vəkilə bir saatlıq xidmət üçün 11 manat ödənilməsinin ciddi təsir yaradacağını düşünmürəm. Çünki vəkillər təkcə orada iştirak etdiklərinə görə dövlət tərəfindən maliyyələşdirilmir. Ümumiyyətlə, məhkəmə proseslərini apardıqları üçün müəyyən gəlirlər əldə edirlər. Ona görə də düşünmürəm ki, bu məbləğ ciddi mənada təsir göstərsin. İş təminatı baxımından isə onlar müvafiq istiqamət üzrə araşdırma apardıqdan sonra hüquq sahəsinə müraciət edirlər''.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh