Orta Dəhlizin yükdaşıma imkanlarını artırmaq üçün nə edilməlidir? – AÇIQLAMA

Xəbərlər 11 Sentyabr 2026 22:59
Orta Dəhlizin yükdaşıma imkanlarını artırmaq üçün nə edilməlidir? –  AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Xəzər və Qara dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycanın tranzit imkanlarının və logistika gəlirlərinin artırılması üçün yeni imkanlar yarada bilər. Limanların vahid logistika zəncirində daha səmərəli fəaliyyət göstərməsi Orta Dəhliz üzrə yükdaşımaların həcminə də təsir edə bilər.

Avtosfer.az xəbər verir ki, Orta Dəhlizin əsas problemləri arasında logistika xərcləri, infrastrukturun uyğunlaşdırılması və daşınma prosesində yaranan gecikmələr xüsusi yer tutur.

Movzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-açıqlamasında bildirib ki, bəli, əlbəttə ki, real imkan yaradır:

"Mərkəzi Asiyadan gələn yüklər Xəzər dənizi üzərindən keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Gürcüstan limanlarına gedir.

Bundan əlavə, quru yol xətti ilə yük maşınları vasitəsilə də daşımalar həyata keçirilir. Burada Xəzər və Qara dəniz limanlarının vahid multimodal logistika zəncirinin üzərində yerləşməsindən söhbət gedir. Yəni dəniz, dəmir yolu və avtomobil nəqliyyatı kimi müxtəlif nəqliyyat vasitələrinin birlikdə istifadəsi nəzərdə tutulur. Ələt limanının nə qədər böyük yükötürmə qabiliyyəti olsa da, məsələn, Poti və Batumi kimi Gürcüstan limanlarının yükötürmə qabiliyyəti aşağı olarsa, Ələtdən daha çox yük keçirməyin bir mənası olmayacaq. Əksinə də eyni vəziyyət yarana bilər. Bunu yol nümunəsi ilə izah etmək olar. Məsələn, Sumqayıt tərəfdən şəhərə girişdə bəzi hissələrdə yol 12-14 zolağa qədər genişlənir. Lakin şəhərə çatanda yol 2-3 zolağa düşür və həmin hissədə daim tıxac yaranır. Yəni bir tərəfin böyük yükötürmə qabiliyyətinə baxmayaraq, qarşıda dar boğaz yaranır. Bu baxımdan Xəzər və Qara dəniz limanları arasında məlumat mübadiləsinin, yükötürmə imkanlarının və iş proseslərinin qarşılıqlı şəkildə tənzimlənməsi ümumi logistika zəncirinin daha səmərəli işləməsinə gətirib çıxara bilər. Burada potensial var. Çünki yüklər elə marşrutlarla daşınır ki, həm ucuz, həm rahat, həm də sürətli olsun. Xəzər və Qara dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır''.

İqtisadçı qeyd edib ki, Orta Dəhlizdə əsas məsələlərdən biri qeyri-müəyyənlik və daşımaların proqnozlaşdırıla bilməməsidir:

''Biz hər dəfə deyirik ki, Orta Dəhliz yüklərin daha qısa müddətdə daşınmasını təmin edir. Lakin burada əsas problem daşınma prosesinin nə dərəcədə sabit və proqnozlaşdırılan olmasıdır. Okean daşımalarında məsafə çox böyük olsa da, gəmi bir limandan çıxaraq digər limana çatır və çoxsaylı sərhəd keçidlərindən asılı olmur. Bu isə müəyyənlik yaradır. Orta Dəhlizdə isə bir neçə ölkənin sərhədindən keçmək lazım gəlir. Hər bir ölkədə sərhəd prosedurları, əlavə ödənişlər və bürokratik maneələr yarana bilər. Eyni zamanda, müxtəlif məntəqələrdə dar boğazlar və növbələr də yarana bilər. Yük Qazaxıstanın hansısa limanında yığıla və həmin limanın ötürmə gücü kifayət etmədikdə növbə yarana bilər. Bu da ümumi daşınma müddətinə təsir edir. Orta Dəhlizin əsas üstünlüyü qısa müddətdə daşınma imkanı yaratmasıdır. Lakin qiymət baxımından bu marşrut hələ daşıyıcılar üçün kifayət qədər rəqabətli deyil. Problemlərin həlli üçün ilk növbədə infrastrukturun sinxronlaşdırılması vacibdir. Təchizat zəncirinin bir hissəsində yaranan problem bütün zəncirin fəaliyyətinə təsir göstərə bilər. Xəzər və Qara dəniz limanlarının yükötürmə imkanları bir-birinə uyğunlaşdırılmalı, məlumat mübadiləsi operativ həyata keçirilməlidir. Bundan əlavə, vahid tarif sisteminin tətbiqi də mühüm məsələdir. Daşıyıcı əvvəlcədən bilməlidir ki, yükü müəyyən marşrut üzrə daşımaq üçün nə qədər ödəniş edəcək. Tariflərin vahid sistem üzrə formalaşdırılması və iştirakçılar arasında bölüşdürülməsi prosesi daha şəffaf və rahat edə bilər. Yükdaşımalarda xərclərin aşağı salınması üçün digər mühüm məqam isə yükün boş qaytarılmamasıdır''.

Fatimə

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh