Banner

Qərb sərhədimizdə nə baş verir? - Bakı və Tiflis hərəkətə keçdi

Xəbərlər 3 Noyabr 2026 10:41
Qərb sərhədimizdə nə baş verir? - Bakı və Tiflis hərəkətə keçdi
WhatsApp kanalımıza abunə olun

Ötən həftə Bakı və Tiflis illərdir davam edən delimitasiya prosesini kəskin şəkildə sürətləndirmək barədə strateji razılığa gəliblər. Azərbaycan qərb istiqamətində dövlət sərhədlərinin hüquqi cəhətdən dəqiqləşdirilməsi prosesini sürətləndirərək Gürcüstanla delimitasiya və demarkasiya üzrə danışıqlarda yeni bir mərhələnin başlanacağını anons edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunduğunu rəsmən açıqlayıb. Onun sözlərinə görə, son illərdə bu istiqamətdə ciddi irəliləyiş olmayıb və iki ölkə arasında hələ də razılaşdırılmamış təxminən 15 sərhəd sahəsi qalmaqdadır. Məsələ Azərbaycanın Baş naziri Əli Əsədovla İrakli Kobaxidzenin keçirilən görüşündə və Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında ətraflı müzakirə olunub. Hətta illərdir həssas mövzu kimi qalan David Qareci monastır kompleksi və ətraf ərazilər də danışıqların gündəliyinə daxil edilib.

Xatırladaq ki, Azərbaycanla Gürcüstan arasında delimitasiya danışıqları 1996-cı ildən aparılır və Azərbaycan XİN-in 2024-cü ildə açıqladığı məlumata görə, dövlət sərhədinin təxminən üçdə ikisi artıq razılaşdırılıb. Qalan sahələr üzrə isə tarixi, hüquqi və kartoqrafik sənədlərin dərin uzlaşdırılması tələb olunur. Azərbaycan və Gürcüstan Xəzər hövzəsini Qara dəniz və Avropa bazarları ilə birləşdirən əsas nəqliyyat və enerji marşrutlarının iştirakçılarıdır. Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu və Orta Dəhliz iki ölkənin strateji tərəfdaşlığının əsasını təşkil edir. Regionda yeni nəqliyyat və enerji layihələrinin gündəmə gəldiyi bir vaxtda sərhədlərin hüquqi baxımdan dəqiqləşdirilməsi xüsusi əhəmiyyət daşıyır, çünki razılaşdırılmamış sahələrin qalması gələcəkdə sərhədyanı infrastruktur və idarəetmə məsələlərində çətinliklər yarada bilər. Azərbaycan üçün əsas prinsip dövlət sərhədinin tarixi və hüquqi sənədlər əsasında, suverenlik və ərazi bütövlüyünə hörmət çərçivəsində müəyyənləşdirilməsidir. Eyni zamanda, bu prosesin Gürcüstanla strateji tərəfdaşlığa xələl gətirmədən aparılması vacib hesab olunur. Kobaxidzenin açıqlaması danışıqların sürətləndirilməsi ilə bağlı siyasi iradənin olduğunu göstərsə də, 15 sahə üzrə məsələlərin hansı müddətdə həll ediləcəyi hələ ki açıqlanmayıb.

Məsələ ilə bağlı danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, Bakı və Tiflis arasında delimitasiya prosesinin sürətləndirilməsi bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi inteqrasiyası baxımından tarixi bir addımdır: “Gürcüstan və Azərbaycan regionun iki strateji mütfəfiqidir və aradakı razılaşdırılmamış 15 sərhəd sahəsinin, o cümlədən David Qareci ətrafındakı məsələlərin hüquqi müstəvidə tam həll olunması kənar qüvvələrin bu mövzudan təxribat məqsədilə istifadə etmək imkanlarını sıfıra endirəcək.

Sərhədlərin tam dəqiqləşdirilməsi Bakı-Tiflis-Qars və Orta Dəhliz kimi qlobal tranzit layihələrinin təhlükəsizliyini tam təmin edəcək, regional sabitliyi möhkəmləndirəcək və Azərbaycanın qərb sərhədlərinin toxunulmazlığını hüquqi cəhətdən tam möhürləyəcəkdir”./nocomment.az

Oxunub : 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh