Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV EDİLƏCƏK?

Xəbərlər 10 Mart 2026 17:06
Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV EDİLƏCƏK?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddətinin martın 4-dən aprelin 4-nə qədər artırıb.

Cinayət-Prosessual Məcəlləyə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxs və ya şəxslər həmin müddət ərzində yalnız günün müəyyən edilmiş vaxtlarında yaşadığı evi tərk edə bilərlər. O, həmçinin ev dustaqlığı dövründə yalnız müəyyən edilmiş şəxslərlə telefon əlaqəsi saxlaya bilər.

Amma müğənni Rəqsanə İsmayılova bu il martın 18-də qızı Aysun İsmayılova ilə birlikdə Gəncə şəhərində konsert proqramı ilə çıxış edəcək.

Ev dustaqlığında olan müğənni həmin vaxtlarda Gəncə şəhərinə necə səfər edəcək və yaşayış yerini hansı əsaslarla tərk edə bilər?

Məsələ ilə bağlı açıqlama verən vəkil Rəşad Vaqifoğlu bildirib ki, barəsində ev dustaqlığı dövründə şəxs yaşayış yerini tərk edə bilməz:

"Qanunvericiliyə görə, hətta ev dustaqlığında olan şəxsə elektron nəzarət vasitəsi də tətbiq edilməlidir.

Cinayət-Prosessual Məcəllənin 163-cü maddəsinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin yaşayış yerini tərk etməsi qadağandır. Məcəlləyə görə, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs bu vəzifələri yerinə yetirməlidir:

1. Yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

2. Elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

3. Məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

4. Məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək".

Vəkil qeyd edib ki, qanunvericiliyə görə, məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün əlavə vəzifələr müəyyən edilə bilər:

"Həmin şəxs ev dustaqlığında olarkən, kütləvi və digər tədbirlər təşkil etməsi və belə tədbirlərdə iştirakı qadağandır. O, həmçinin istintaq dövründə müəyyən edilmiş şəxslərlə ünsiyyətdə olmamalıdlr.

Yəni Rəqsanə İsmayılovanın barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi müddətdə konsert təşkil etmək və həmin konsertdə iştirakı qanunla qadağandır".

Xatırladaq ki, dələduzluqda təqsirləndirilən müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında həbs edilib. O, vətəndaşın 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Müğənni dəymiş ziyanın bir qismini ödədikdən sonra barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda R.İsmayılova barəsində olan cinayət işinin istintaqı davam etdirilir./oxu.az

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh