Üç televiziyanın, bir radionun yayımı müvəqqəti dayandırılacaq

9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilmişdir. İclasda müxtəlif məsələlər müzakirə olunub.
Bu barədə Avtosfer.az-a Audiovizual Şuradan məlumat verilib.
İlk olaraq "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Bundan sonra, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunmuşdur ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıq olunub. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.
İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub:
14 noyabr 2025-ci il tarixdə "Dünya TV" kanalında yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.
27 noyabr 2025-ci il tarixdə "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək "MTV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.
3 dekabr 2025-ci il tarixdə, "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək "Space FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaqdır.
İclasda, ən son, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar vermişdir.
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO
Bu obyektlərdə “dəvə qutabı” ilə bağlı reydlər keçirildi - Nöqsanlar üzə çıxdı - ŞOK VİDEO
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Prezident açılışda çıxış etdi - Tam mətn - FOTOLAR - YENİLƏNİB
Nəzrinin ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edildi
Alınan biletin 80 faizini qaytarıblar - Sərnişinlər isə yollarda qalır...











