Evinizdə qeydiyyatda olan qohumunuz əmlakınızı satmağa mane ola bilər? – EKSPERT AÇIQLAMASI

Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında artan aktivlik bir sıra hüquqi və praktiki sualları da gündəmə gətirir. Xüsusilə evin satışı zamanı evdə qeydiyyatda olan şəxslərin razılığı məsələsi çoxlarını maraqlandırır. Bəs bir evdə qeydiyyatda olan, lakin orada yaşamayan şəxslər belə evin satışına mane ola bilərmi?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, evin satışı zamanı həmin evdə qeydiyyatda olan hər bir şəxsin razılığı vacibdir:

“Bir evdə heç bir şəxsin qeydiyyatda olmaması və ya kifayət qədər şəxsin qeydiyyatda olması mümkündür. Bu zaman qeydiyyatda olan şəxslər notariusa dəvət olunur və onların qeydiyyatı ilə bağlı prosedurlar həyata keçirilir. Əgər ev satılmaq istənilirsə, qeydiyyatda olan hər bir şəxsdən satılmağa icazə alınmalıdır. Yəni, evin satışı zamanı hər bir qeydiyyatda olan şəxs bu prosesə razılığını bildirməlidir”.
Ekspertin sözlərinə görə, bəzi hallarda notarius qeydiyyatda olan şəxslərdən öhdəlik də götürür:

“Məsələn, belə bir öhdəlik alınır: ''Filan tarixdə evdən qeydiyyatdan çıxacağam'' və ya ''evdən çıxacağam''. Bu öhdəlik, alıcı tərəfin hüquqlarını qorumaq üçün vacibdir. Çünki gələcəkdə hər hansı bir problem yaranmaması üçün bu cür hüquqi təminat vacib sayılır. Qeydiyyatdan çıxmaq üçün isə həmin şəxslərin başqa bir ünvanda qeydiyyata düşməsi tələb oluna bilər. Məsələn, bir şəxs evini satır, lakin özü qeydiyyatdan çıxmır. Bu kimi hallarda alıcı tərəf öz hüquqlarını qorumaq üçün mütləq şəkildə qarşı tərəfdən öhdəlik almalı, hətta bəzən girov formasında müəyyən məbləğdə pul saxlamağı tələb etməlidir. Məsələn, 1000 və ya 1500 manat miqdarında. Əgər qeydiyyatda olan şəxslər sonradan qeydiyyatdan çıxmaqdan imtina etsələr, bu vəsait vəkil xərcləri və digər hüquqi prosedurlar üçün istifadə olunur. Bu xərclər alıcı tərəfindən deyil, qeydiyyatdan çıxmaqdan imtina edən şəxsin məsuliyyətsizliyi nəticəsində onların hesabına qarşılanmalıdır. Qeyd etmək lazımdır ki, evdə qeydiyyatda olan hər bir şəxsin razılığı olmadan evi satmaq mümkün deyil. Çünki həmin şəxslərin həmin evdə yaşamaq hüququ mövcuddur və onların icazəsi olmadan evin satılması bu hüququ pozur”.
Elnur Fərzəliyev bildirib ki, müvəqqəti qeydiyyat məsələsində də bəzi qaydalar var ki, bunlara riayət etmək vətəndaşların xeyrinədir:
“Kirayəçilərlə bağlanmış müqavilədə göstərilir ki, müəyyən tarixdə evdən çıxacaqlar və ya müqavilənin müddəti bitdikdə yenilənəcək. Müqavilədə həmçinin qeyd edilə bilər ki, ev sahibi evi satmaq istədikdə, kirayəçi və ya qeydiyyatda olan şəxs bu prosesə mane olmayacaq”.
Hüquqşünas Ramil Süleymanov isə saytımıza açıqlamasında deyib ki, qeydiyyatda olan şəxslərin razılığı olmadan da müəyyən hüquqi prosedurlar vasitəsilə ev satıla bilər:

“Evdə qeydiyyatda olan hər bir şəxsin — istər birinci dərəcəli qohum olsun, istərsə də başqa biri — evin satılması zamanı razılığı tələb oluna bilər. Bu şəxslər satışa etiraz edərlərsə, mülkiyyət sahibi onları məhkəməyə verərək qeydiyyat hüququnu ləğv etdirə bilər”.
Onun sözlərinə görə, mülkiyyət sahibi inzibati və ya məhkəmə orqanına müraciət etməklə razılıq verməyən şəxsləri qeydiyyatdan çıxarda bilər:
“Qeydiyyat hüququ ləğv olunduqdan sonra evin satışı rahatlıqla həyata keçirilə bilər. Bu, həmin şəxsin birinci dərəcəli qohum olması halında da keçərlidir, onların razılığı olmadan da məhkəmə yolu ilə qeydiyyatdan çıxarılmaları mümkündür”.
Əgər ev bir neçə şəxsin mülkiyyətindədirsə, hüquqşünas bu hallarda da qanunvericiliyin tələblərinə diqqət yetirilməsini tövsiyə edir:
“Bu zaman bir şəxs öz payını satmaq istədikdə, ilk növbədə həmin pay digər mülkiyyətçilərə təklif edilməlidir. Əgər onlar bu təklifi qəbul etmirlərsə, o zaman pay üçüncü şəxsə satıla bilər. Müvəqqəti qeydiyyatda olan şəxslər, məsələn kirayəçilər, inzibati qərarla qeydiyyatdan çıxarıla bilər. Bu halda, mülkiyyətçi inzibati orqana müraciət edərək onların qeydiyyatını ləğv etdirə bilər və daha sonra evin satışı və digər mülkiyyətlə bağlı prosedurları rahatlıqla həyata keçirə bilər. Əgər qeydiyyatda olan şəxslər könüllü şəkildə çıxmırlarsa, bu zaman məhkəməyə müraciət olunaraq qeydiyyatdan çıxarılma prosesi məhkəmə qaydasında həyata keçirilə bilər”.
Fidan
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










