"Qadınlarda analıq hissi və ehtiyatlı davranış qəzaların qarşısını alır" - Nəqliyyat eksperti

Azərbaycanda qadın sürücülərin sayı getdikcə artmaqdadır. Xanımlarımız təkcə şəxsi avtomobili yox, həmçinin taksi də idarə etməkdədirlər. Rəsmi məlumata görə, indiyədək 169 qadın taksi sürücüsü olmaq üçün imtahan verərək şəhadətnamə alıb və onlardan 111-i artıq fəaliyyət göstərir. Bildirilir ki, tezliklə Bakıda ilk qadın avtobus sürücüləri də işə başlayacaq.
Qeyd edək ki, qadın sürücülər haqqında birmənalı fikir yürüdülmür. Çünki zaman-zaman qadınların avtomobil sürərkən müəyyən vəziyyətlərdə reaksiya qabiliyyəti zəif olduğu üçün qayda pozuntularına yol verdikləri müşahidə olunur. Odur ki, paytaxtda taksilərin, o cümlədən avtobusların qadınlar tərəfindən idarə olunması xəbəri ictimaiyyətdə onların bu işin öhdəsindən nə qədər gələ biləcəkləri barədə müzakirələrə səbəb olub.
Nəqliyyat eksperti, təlimçi Adil Nəbiyev bildirdi ki, illər ərzində demək olar ki, təlimə gələn tələbələrin əksəriyyəti qadınlardır:
"Əslində, məsuliyyətli qadınlar daha yaxşı sürücü olurlar. Müqayisə etdikdə statistika da göstərir ki, 1000 qadın və 1000 kişi sürücü arasında qəza sayı, qəza şəraiti və ya yol qaydalarının pozulması baxımından qadınlarda bu hallar daha az müşahidə olunur. Bunun əsas səbəblərindən biri qadınların analıq hissi və müəyyən qədər ehtiyatlı davranışlarıdır. Bu xüsusiyyətlər sürücülükdə vacib amillərdəndir, çünki həddən artıq özgüvən bəzən təhlükə yarada bilir. Qadınlar isə adətən sürət həddini aşmır, ehtiyatla, qaydalara uyğun və təlimdə öyrədildiyi kimi hərəkət edirlər. Buna görə də onların qəzaya düşmə ehtimalı daha az olur. Bununla belə, kişilərdə reaksiya qabiliyyəti adətən daha güclüdür və onlar texniki baxımdan daha bacarıqlı sürücülər hesab olunur. Lakin həddən artıq özgüvən bəzən mənfi nəticə verir. Sürəti artırmaq, riskə getmək meyili kişilərdə daha çox müşahidə olunur və bu da qəza sayının artmasına səbəb olur".
Ekspert əlavə etdi ki, təkcə minik avtomobillərində deyil, taksi, avtobus, hətta dəmir yolu, tramvay, metro və təyyarə kimi nəqliyyat növlərində də qadın sürücülər və pilotlar getdikcə çoxalır.
"Hətta hərbi və döyüş təyyarələrində belə qadın pilotlara rast gəlmək mümkündür. Bu da onu göstərir ki, qadınlar bir çox sahələrdə kişilərdən daha yaxşı nəticə göstərə bilirlər. Bunun səbəbi, qeyd etdiyim kimi, məsuliyyət hissinin güclü olması, ehtiyatlı davranış və təlimatdan kənara çıxmamaqdır. Yaxın gələcəkdə bu meyil avtobus sürücülüyündə də özünü göstərəcək. Əvvəl-əvvəl müəyyən çətinliklər ola bilər, çünki bizim yollarda qayda pozan sürücülərin sayı çoxdur və bu, idarəetməni çətinləşdirir. Xüsusilə də böyük qabaritli avtobus və yük maşınlarının idarəsi müəyyən vaxt və təcrübə tələb edir. Amma zamanla, hər bir sahədə olduğu kimi, qadın sürücülər də bu çətinlikləri aradan qaldıracaq, təcrübə toplayacaqlar. Əvvəllər minik avtomobili sürən qadınların sayı çox az idi, lakin bir-birinə baxaraq bu sahəyə maraq artdı və indi sayları xeyli çoxalıb. Eyni prosesin avtobus sürücülüyündə də baş verəcəyinə əminəm. Qadınlar bir-birindən ruhlanacaq, bu sahəyə maraq göstərəcək və onların sayı tədricən artacaq", - deyə Adil Nəbiyev yekunlaşdırdı.(redaktor.az)
Taksi sürücüləri üçün VACİB XƏBƏR
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT










