Bir neçə səhv və vəsiqə əldən gedir - Sürücülərin kabusu

Bakıda sükan arxasında olmaq əvvəlki illərlə müqayisədə daha çətin olub. Yeni avtobus zolaqları, dayanma-durma qaydalarına ciddi nəzarət, çoxsaylı kameralar və elektron cərimə mexanizmləri sürücülərin gündəlik hərəkətinə ciddi təsir göstərir. Məsələn, hazırda sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri 346.4-cü maddə ilə bağlı tətbiq olunan cərimələrdir. Bu maddə üzrə 80 manat cərimə və 2 cərimə balı nəzərdə tutulur. Taksi sürücüləri hesab edirlər ki, onların əsas fəaliyyəti sərnişin götürüb-düşürməkdir, lakin bunun üçün kifayət qədər uyğun dayanma məntəqələri yaradılmadığından tez-tez cərimələrlə üzləşirlər. Bu səbəbdən taksi fəaliyyəti ilə məşğul olanlar arasında cərimə balı həddinə yaxınlaşanların sayı artıb. Belə bir vaxtda sürücülük vəsiqələri üzrə cərimə balı limitinin artırılması ilə bağlı təkliflər gündəmə gəlib. Məsələ Milli Məclisdə müzakirə olunur.
Bəs dəyişən yol infrastrukturu və hərəkət qaydaları fonunda yalnız bal limitinin artırılması kifayət edəcəkmi? Ümumiyyətlə, sistemin hansı elementlərinə yenidən baxılmağa ehtiyac var?
Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Maliyyə sanksiyası, cərimə balı
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, cərimə balı limitinin müzakirəyə çıxarılmasının bir neçə səbəbi var.
Onlardan biri bəzi nisbətən yüngül inzibati xətalara görə də balın tətbiq edilməsidir:
"Məsələn, dayanma-durma qaydalarının pozulmasına və ya avtobus zolağına daxil olmağa görə sürücülərə həm maliyyə sanksiyası, həm də cərimə balı tətbiq olunur. Bu isə xüsusilə peşə fəaliyyəti sürücülüklə bağlı olan şəxslər arasında narazılıq yaradır. Çünki cərimə balı limiti keçildikdə onlar müəyyən müddətə sürücülük hüququndan məhrum edilirlər və bu da birbaşa gəlirlərinə təsir göstərir. Digər vacib məsələ isə cərimələrin tətbiqi və onlara baxılması mexanizmidir. Sürücülərin şikayətləri operativ araşdırılmalı, əsassız tətbiq edilmiş cərimələr vaxtında ləğv edilməlidir. Bu istiqamətdə problemlər minimuma endirilsə, cərimə balı limitinin artırılması məsələsi də bəlkə bu qədər aktuallaşmazdı".
"Limitin artırılması problemi həll etmir"
Mütəxəssis vurğulayır ki, limitin artırılması problemi həll etmir:
"Bu addım daha çox hazırda limitə yaxınlaşan sürücülər üçün müəyyən güzəşt xarakteri daşıya və onların sürücülük hüququndan məhrum edilməsinin qarşısını ala bilər. Lakin limitin artırılması özlüyündə yol hərəkətində təhlükəsizliyi təmin etməyəcək. Bu, nə qayda pozuntularının, nə də yol-nəqliyyat hadisələrinin avtomatik olaraq azalacağı deməkdir.
Araşdırmalarımıza görə, yol-nəqliyyat hadisələrinin əsas səbəbi əksər hallarda yol hərəkəti iştirakçılarının qaydaları pozmaları ilə bağlıdır. İnfrastruktur problemləri müəyyən rol oynasa da, onlar adətən sonrakı səbəblər sırasında yer alır".
Yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillər
E.Cəfərovun sözlərinə görə, son illərdə Bakıda yol hərəkətinin təşkili ilə bağlı dəyişikliklər daha genişmiqyaslı şəhər mobilliyi layihələrinin tərkib hissəsi kimi həyata keçirilir.
Bu dəyişikliklərin əsas məqsədi şəhər mühitində hər kəs üçün təhlükəsiz və rahat hərəkəti təmin etmək, yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, eləcə də ictimai nəqliyyatın, xüsusilə avtobusların hərəkətini daha səmərəli təşkil etməkdir:
"Bununla yanaşı, velosiped və elektroskuter kimi mikromobillik vasitələrinin istifadəsinin təşviqi də prioritet istiqamətlərdəndir. Bu sahədə müəyyən müsbət nəticələr də müşahidə olunur. Artıq velosiped və elektroskuterlər Bakıda alternativ nəqliyyat vasitələri kimi geniş istifadə olunur. Amma problemlər də qalmaqdadır. Bəzi hallarda sürücülərin yol nişanlarını və nişanlanma xətlərini düzgün şərh etməkdə çətinlik çəkməsi, parklanma qaydalarını bilməməsi, ümumilikdə sürücülük vərdişlərinin yetərli səviyyədə olmaması yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdir".
Bayram Əhmədov həbs olundu; “Chevrolet”lə avtoşluq edirmiş - VİDEO
Avtoxuliqanlıq edən sürücülər həbs olundu - FOTO - VİDEO
Sarı torda qalmamaq üçün qayda pozub qəza şəraiti yaratdı - VİDEO
Polis nizamsız manevrlər edən avtomobili saxladı; 15 yaşlı sürücü içkili çıxdı - VİDEO
Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər
Gecə saatlarında “VAZ” sürücüləri sürət yarışına çıxdı - VİDEO
Sürət həddini aşmayan sürücü 60-lıq yolda 100-lə radara düşdü - VİDEO
Bakıda “Mercedes” sürücüsü piyada və avtomobilə təhlükə yaratdı - VİDEO
Qarşıdan gələn maşına yol verməyən sürücü qəza şəraiti yaratdı - VİDEO
Taksidə POS-terminal yoxdursa, nə etmək lazımdır? - AÇIQLAMA










