Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sosial 16 İyun 2026 00:00
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
WhatsApp kanalımıza abunə olun

Çində qəbul olunan yeni qayda sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Yeni qanuna əsasən, tibb, hüquq, maliyyə və təhsil kimi sahələrdə peşəkar məsləhətlər verən şəxslərin mütləq həmin sahə üzrə diplomu olmalıdır. Əks halda onların paylaşımları silinir, hesabları bloklanır və həm bloger, həm də platforma cərimələnir. Bu qərardan sonra minlərlə blogerin fəaliyyətini dayandırdığı bildirilir.

Azərbaycanda da xeyli məşhur bloger bənzər mövzularda çıxış edir. Belə bir təcrübənin ölkəmizdə tətbiqi məqsədəuyğundurmu? Bu, dezinformasiyanın qarşısını alar, yoxsa ifadə azadlığını məhdudlaşdırar?

Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan jurnalist, teleaparıcı Fira Cəlilova hesab edir ki, Azərbaycanda da tibb, hüquq və maliyyə kimi insanların sağlamlığına, hüquqlarına və maddi vəziyyətinə birbaşa təsir edən sahələrdə müəyyən nəzarət mexanizmlərinin olması vacibdir:

“Son illər sosial şəbəkələrdə özünü ekspert kimi təqdim edən, lakin peşəkar hazırlığı olmayan şəxslərin yanlış məlumat yayması ciddi problemlər yaradır. Bu baxımdan Çinin qərarının məntiqi tərəfləri var. Ancaq düşünürəm ki, məsələ tam qadağa ilə həll olunmamalıdır. Diplomun olması həmişə düzgün məlumat vermək demək deyil, diplomun olmaması isə insanın biliyinin olmadığı anlamına gəlmir. Buna görə də əsas məqsəd ifadə azadlığını məhdudlaşdırmaq yox, peşəkar məsləhətlə şəxsi fikir arasındakı sərhədi müəyyənləşdirmək olmalıdır”.

fira celil 1

Fira Cəlilova

Fira Cəlilovanın fikrincə, ən uyğun model ekspert kimi çıxış edən şəxslərin ixtisaslarını təsdiqləməsi və bunun istifadəçilərə açıq şəkildə göstərilməsidir:

“Beləliklə, həm dezinformasiyanın qarşısı qismən alınar, həm də insanların fikir bildirmək hüququ qorunar. Çünki güclü cəmiyyət həm məlumatın doğruluğuna, həm də söz azadlığına eyni dərəcədə önəm verməlidir”.

Deputat Razi Nurullayev isə bildirib ki, Çində sosial şəbəkələrdə peşəkar məsləhətlərin yalnız diplomlu şəxslər tərəfindən verilməsini tələb edən yeni qayda əslində qlobal bir problemin – dezinformasiyanın sərt inzibati üsullarla həllinə yönəlmiş yanaşmadır:

“Bu qərarın arxasında duran məntiq ondan ibarətdir ki, tibb, hüquq və maliyyə kimi həssas sahələrdə yanlış məlumat birbaşa insan həyatına, hüquqlarına və rifahına təsir edir. Bu baxımdan peşəkar filtrin tətbiqi müəyyən dərəcədə ictimai təhlükəsizliyi gücləndirə bilər.

Sosial şəbəkələr artıq ənənəvi media deyil. Burada həm ekspert rəyi, həm də vətəndaş təcrübəsi paralel şəkildə mövcuddur. Sərt lisenziyalaşdırma yanaşması bu balansı poza və nəticədə “yalnız rəsmi fikir” mühitinə gətirib çıxara bilər. Bu isə təkcə dezinformasiyanı deyil, alternativ baxışları və ictimai tənqidi də sıxışdırmaq riski yaradır”.

WhatsApp Image 2025 12 22 at 10.03.46

Razi Nurullayev

Deputat qeyd edib ki, digər tərəfdən, belə qaydalar platformalara da əlavə məsuliyyət yükləyir:

“Onlar artıq sadəcə texnoloji vasitəçi deyil, məzmunun doğruluğunu qiymətləndirən subyektə çevrilir. Bu isə həm texniki, həm də etik baxımdan ciddi suallar doğurur: hansı meyarlarla “peşəkar məsləhət” müəyyən ediləcək? Diplom hər zaman keyfiyyətin göstəricisidirmi? Praktik təcrübəyə malik, lakin formal təhsili olmayan şəxslərin rolu necə olacaq?”

Azərbaycanda bu təcrübənin tətbiqinə gəldikdə isə, Razi Nurullayev hesab edir ki, burada daha incə və balanslı yanaşma tələb olunur:

“Tam qadağa və sanksiya modeli qısa müddətdə müəyyən effekt versə də, uzunmüddətli perspektivdə ifadə azadlığına təzyiq kimi qəbul olunacaq və ictimai etimadı zəiflədəcək. Daha effektiv yol isə mərhələli və çevik tənzimləmədir. Adı çəkilən riskli sahələrdə isə “təsdiqlənmiş ekspert” mexanizmlərinin yaradılması, istifadəçilərə xəbərdarlıq etiketlərinin göstərilməsi, platformaların şəffaflıq öhdəliklərinin artırılması və ən əsası, cəmiyyətin media savadlılığının gücləndirilməsi daha dayanıqlı nəticəyə gətirib çıxara bilər. Unutmaq olmaz ki, müasir dövrdə informasiya üzərində tam nəzarət mümkün deyil. Əsas məqsəd informasiyanı məhdudlaşdırmaq deyil, onun keyfiyyətini artırmaq və vətəndaşın düzgün seçim etmə qabiliyyətini gücləndirmək olmalıdır. Əks halda, yaxşı niyyətlə atılan addımlar ifadə azadlığının daralması ilə nəticələnmək riski yaradır”.

natiqjpg 1636968292

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə deyib ki, burada bir qızıl ortanın tapılmasına ehtiyac var:

“Elə qaydalar müəyyənləşdirilməlidir ki, nəzarətedici orqanların əlinə həddindən artıq səlahiyyət verilməsin. Çünki yüksək səlahiyyət çox zaman sui-istifadə və korrupsiya hallarına yol açır. Ona görə də burada balanslı yanaşma olmalıdır. Peşəkar məsləhət verən şəxslərin öz sahələri üzrə ən azından müvafiq ali təhsilə malik olması vacibdir. Amma digər tərəfdən, bu gün elə 6 aylıq və ya 1 illik beynəlxalq sertifikatlı proqramlar var ki, bəzi hallarda həmin sahəni 4-5 il ali məktəbdə öyrəniləndən daha praktik və daha keyfiyyətli şəkildə mənimsəməyə imkan verir. Yəni dediyim kimi, burada əsas məsələ qızıl ortanın tapılmasıdır”.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh