Banner

Ərzaq bahalaşacaq? – Qiyməti artacaq məhsullar AÇIQLANDI

Sosial 20 Oktyabr 2026 13:14
Ərzaq bahalaşacaq? – Qiyməti artacaq məhsullar AÇIQLANDI
WhatsApp kanalımıza abunə olun

Tərəvəz, meyvə, kartof və taxıl məhsulları temperatur dəyişiklikləri və su qıtlığı fonunda qiymət artımı riski ilə üzləşə bilər.tərəvəz, meyvə, kartof və taxıl məhsulları temperatur dəyişiklikləri və su qıtlığı fonunda qiymət artımı riski ilə üzləşə bilər.

Avtosfer.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Ajans.az-a açıqlamasında anomal istilərin kənd təsərrüfatına mümkün təsirlərindən, ərzaq qiymətlərində bahalaşma riskindən və fermerlərə göstərilməli iqtisadi dəstək tədbirlərindən danışıb.

İqtisadçı bildirib ki, temperaturun normadan yüksək olması bitkilərin inkişafına, çiçəklənməsinə və məhsulvermə prosesinə mənfi təsir göstərir. Yağıntıların azalması və su qıtlığının yaranması isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Onun sözlərinə görə, belə hava şəraiti uzun müddət davam edərsə, məhsuldarlıq aşağı düşə, bəzi məhsulların keyfiyyəti pisləşə və bazara çıxarılan məhsulun həcmi azala bilər. Bu amillər ərzaq qiymətlərinin bahalaşması riskini artırır.

Akif Nəsirli qeyd edib ki, qiymət artımının miqyası təkcə hava şəraitindən asılı deyil. İdxal imkanları, mövcud ehtiyatlar, istehsal xərcləri və bazarda tələb-təklif nisbəti də qiymətlərin formalaşmasına təsir göstərir.

Hansı məhsullar bahalaşa bilər?

İqtisadçının fikrincə, anomal istilər fonunda ilk növbədə tərəvəz, meyvə, kartof və taxıl məhsullarının qiymətlərində artım riski yarana bilər. Xüsusilə suya tələbatı yüksək olan bitkilər yüksək temperatur və su çatışmazlığına daha həssasdır.

O bildirib ki, meyvəçilikdə kəskin istilər məhsulun keyfiyyətinə, ölçüsünə və bazarlıq görünüşünə təsir edə bilər. Tərəvəzçilikdə suvarma imkanlarının məhdudlaşması məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Taxılçılıqda isə xüsusilə dənin yetişmə dövründə temperaturun kəskin yüksəlməsi məhsul itkisi ilə nəticələnə bilər.

Akif Nəsirli vurğulayıb ki, bütün məhsulların qiymətinin eyni dərəcədə artacağını demək düzgün olmaz. Bunun üçün anomal istilərin konkret ərazilərdə nə qədər davam etməsi, məhsul yığımının hansı mərhələsində baş verməsi və daxili tələbatın hansı hissəsinin yerli istehsal hesabına ödənilməsi nəzərə alınmalıdır.

Akif Nəsirlinin sözlərinə görə, anomal istilər kənd təsərrüfatında istehsal xərclərini də yüksəldir. Torpağın nəmliyini qorumaq üçün daha çox suvarmaya ehtiyac yaranır. Nasosların işlədilməsi əlavə elektrik enerjisi və ya yanacaq sərfiyyatına səbəb olur. Bununla yanaşı, bəzi hallarda gübrələmə, bitkilərin xəstəlik və zərərvericilərdən qorunması üçün əlavə vəsait tələb olunur. Nəticədə məhsulun maya dəyəri yüksəlir və bu, satış qiymətlərinə təsir göstərə bilər.

İqtisadçı bildirib ki, istehsal xərclərinin artması ilə yanaşı, məhsulun həcmi də azalarsa, qiymət artımı daha güclü ola bilər. Bununla belə, fermerlərin xərclərinin yüksəlməsi bazarda qiymətlərin eyni həcmdə artacağı demək deyil. Rəqabət mühiti, idxal imkanları, ticarət marjaları və istehlakçıların alıcılıq qabiliyyəti də qiymətlərin formalaşmasında rol oynayır.

İqtisadçının qənaətinə görə, iqlim risklərindən yaranan itkilərin azaldılması üçün dövlətin iqtisadi dəstək mexanizmləri gücləndirilməlidir. İlk növbədə, suya qənaət edən müasir suvarma sistemlərinin qurulmasına güzəştli kreditlər və subsidiyalar ayrılması vacibdir. Damcı suvarma sistemlərinin tətbiqi, su anbarlarının yaradılması, suvarma infrastrukturunun yenilənməsi və su itkilərinin azaldılması fermerlərin xərclərini aşağı sala, mövcud su ehtiyatlarından daha səmərəli istifadəni təmin edə bilər.

Akif Nəsirli istilərə və quraqlığa davamlı toxum sortlarının yayılmasını, aqrar elmi məsləhət xidmətlərinin genişləndirilməsini və fermerlərin hava proqnozları barədə vaxtında məlumatlandırılmasını da vacib hesab edir. Digər mühüm istiqamət aqrar sığortanın əhatə dairəsinin və əlçatanlığının genişləndirilməsidir. Anomal istilər, quraqlıq və digər təbii hadisələr nəticəsində zərərlə üzləşən fermerlərə sığorta ödənişlərinin edilməsi onların maliyyə vəziyyətinin bərpasına kömək edə bilər.

Bundan əlavə, fövqəladə iqlim hadisələri zamanı zərər çəkmiş təsərrüfatlara güzəştli kreditlərin verilməsi, mövcud kredit öhdəliklərinin restrukturizasiyası və məqsədli maliyyə yardımlarının ayrılması da nəzərdən keçirilməlidir. İqtisadçı hesab edir ki, burada əsas məqsəd yalnız fermerin zərərini kompensasiya etmək deyil, onun növbəti mövsümdə istehsalı davam etdirməsinə şərait yaratmaqdır.

Ərzaq qiymətlərini sabit saxlamaq üçün nə edilməlidir?

Akif Nəsirli ərzaq qiymətlərinin sabitliyinin qorunması üçün qabaqlayıcı tədbirlərin əhəmiyyətini də vurğulayıb. Onun fikrincə, məhsul ehtiyatlarının düzgün idarə olunması, anbar və soyuducu infrastrukturunun inkişafı, məhsul yığımından sonrakı itkilərin azaldılması vacibdir.

İqtisadçı daxili bazarın idxaldan həddindən artıq asılılığının qarşısının alınmasını da mühüm amillərdən biri hesab edir. Əks halda, iqlim dəyişikliyinin təsirləri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmayacaq, əhalinin gündəlik xərclərinə və ərzaq məhsullarının əlçatanlığına da təsir göstərəcək.

O hesab edir ki, anomal istilərə qarşı tədbirlər yalnız mövsümi xarakter daşımamalı, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılmasını nəzərdə tutan uzunmüddətli iqtisadi siyasətin tərkib hissəsinə çevrilməlidir.
 

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh