Milli Məclisdə pensiya ilə bağlı MÜZAKİRƏ APARILDI

Sosial 26 May 2026 12:53
Milli Məclisdə pensiya ilə bağlı MÜZAKİRƏ APARILDI
WhatsApp kanalımıza abunə olun

"Yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq edilməsi və bununla da onların pensiya məbləğlərinin artırılmasına nail olunması təklif olunur".

Avtosfer.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"nın müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, pensiya yaşı ilə bağlı güzəştlərin kateqoriyasına keyfiyyət meyarlarının əlavə olunması və tək qadınlara daha tez pensiyaya çıxma hüququnun verilməsi məqsədəuyğun olardı:

"Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaq imkanlarının genişləndirilməsi gender siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Hazırda qadınların ortaaylıq əməkhaqqları kişilərin müvafiq maaşlarının 69.1 faizinə bərabərdir. Qlobal miqyasda isə bu göstərici 77-80 faiz civarındadır. Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 147 qadından 242 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33.6 faizini təşkil edir. Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 976 qadın çalışır və ümumi payda 16.2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb".

Deputat əlavə edib ki, qadınların ortaaylıq əməkhaqqısına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2 915 manatdır:

"Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların ortaaylıq əməkhaqqları 1 813 manat, informasiya və rabitə sektorunda isə 1 353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların ortaaylıq maaşı isə 731 manatdır. Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə qadın sahibkarların çıxış imkanlarının artırılması üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər ilə yanaşı, qadın sahibkarlar üçün kvotaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı".

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh