Pensiya kapitalının taleyi: vətəndaş öləndə, pul kimə çatır? – RƏSMİ AÇIQLAMA - FOTO

Azərbaycanda hər bir işçinin və sahibkarın sosial sığorta ödənişləri fərdi hesabda toplanaraq gələcəkdə əmək pensiyası üçün kapital yaradır.
İnsan illərlə çalışır, maaşından sığorta haqları tutulur və bu vəsait dövlət fonduna köçürülür. Amma maraqlı bir məqam ortaya çıxır: əgər həmin şəxs pensiya yaşına çatmadan dünyasını dəyişərsə, toplanan vəsaitin taleyi necə olur?
Bəziləri düşünür ki, bu pullar sadəcə “sistemdə itir”, digərləri isə hesab edir ki, vəsait ailə üzvlərinə ötürülməlidir. Lakin qanunvericilikdə bununla bağlı konkret hansı mexanizmlər mövcuddur? Məsələn, vəfat edən şəxsin yığdığı kapital uşaqlarına və ya həyat yoldaşına ötürülə bilərmi, yoxsa yalnız müəyyən hallarda nəzərdə tutulur?

Məsələ ilə bağlı əmək məsələləri üzrə mütəxəssis Sahib Məmmədov Avtosfer.az-a müsahibəsində bildirib ki, əmək pensiyaları haqqında qanuna görə yığım fərdi xarakter daşıyır, lakin həmin vəsaitin xərclənməsi həmrəylik prinsipi əsasında həyata keçirilir:
“Yəni, hər kəsin fərdi yığımı mövcuddur. Lakin elə şəxslər var ki, tələb olunan məbləği toplaya bilmədiklərindən onlara əmək pensiyası təyin olunmur, bunun əvəzinə yaşa görə müavinət alırlar. Bu müavinət isə dövlət büdcəsi hesabına ödənilir.
Bəzi hallarda şəxs pensiya yaşına çatmamış vəfat edir. Bu halda onun həyat yoldaşı pensiya yaşına çatdıqda həmin vəsaitdən yararlana bilir. Yığım kapitalı hesablanan zaman vəsait 12 ilə bölünür və şəxsə aylıq ödəniş şəklində verilir. Əgər vətəndaş bu dövrdən daha çox yaşayırsa, onun pensiyası kəsilmir və ödənişlər davam etdirilir. Bu da həmrəylik prinsipi üzrə formalaşan mənbədən təmin edilir”.
Mütəxəssis qeyd edib ki, ailə başçısını itirməyə görə əmək pensiyası da eyni qaydada təyin olunur:
“Hətta vəfat edən şəxsin yığımı kifayət qədər olmasa belə, bu pensiya ödənilir. Bu səbəbdən də fərdi hesabda toplanan vəsait yalnız həmin şəxs üçün nəzərdə tutulsa da, faktiki olaraq həmrəylik əsasında bölüşdürülür. Bu sistemdə bəziləri az yığaraq çox alır, digərləri isə çox yığıb ümumiyyətlə faydalana bilmir. Məsələn, 46080 manat yığım edən şəxsə 3000 manat pensiya hesablanır. Şəxsin yığım kapitalı olmasa da, 25 il sığorta stajı varsa, minimum pensiya alır. Hətta 2006–2018-ci illər arasında yalnız bir gün belə rəsmi işləyibsə, Dövlət Sosial Müdafiə Fondu ona minimum pensiya təyin edir. Nəticə etibarilə, bütün bu ödənişlər həm fərdi yığım hesabına, həm də həmrəylik prinsipi üzrə bölüşdürülən vəsaitdən həyata keçirilir. Alternativ bir model isə hələlik nəzərdə tutulmur”.

Dövlət Sosial Müdafiyə Fondunun mətbuat katibi Rəşad Mehdili saytımıza açıqlamasında deyib ki, qanunvericiliyə görə, sığorta olunan şəxs vəfat etdikdə onun fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası formasında ödənilir:
“Bu pensiya aşağıdakı şəxslərə verilir:
1)18 yaşınadək övladlarına (əyani təhsil aldıqları halda 23 yaşınadək),
2)18 yaşına çatmamış və ya 18 yaşından yuxarı olub əlilliyi müəyyən edilmiş övladlarına,
3)pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61–80 faiz və ya 81–100 faiz dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş ata və anasına, ərinə və ya arvadına,
4)8 yaşına çatmamış uşaqlara, qardaşlara, bacılara, nəvələrə baxan və işləməyən şəxslərə (valideynlərdən biri, həyat yoldaşı, baba, nənə, qardaş və ya bacı).
Beləliklə, vətəndaşın topladığı pensiya kapitalı onun dünyasını dəyişməsindən sonra ailə üzvlərinin sosial təminatına yönəldilir. Hər ilin əvvəlində pensiyalara tətbiq edilən indeksasiya artımları bu pensiya növünə də şamil olunur”.
Fidan
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










