Son Zəng bu tarixdə OLACAQ - YENİ QAYDA

Sosial 21 Aprel 2026 16:18
Son Zəng bu tarixdə OLACAQ - YENİ QAYDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə “Son Zəng” tədbirləri artan yüksək xərcləri ilə müzakirə olunur. Valideyn və şagirdlər həm təşkilati hazırlıq, həm də maliyyə yükü ilə üz-üzə qalır. Xüsusilə paytaxt məktəblərində keçirilən tədbirlərin miqyası və sərf olunan vəsait nisbətən çox olur.

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov açıqlama verib. 

O bildirib ki,  vahid standartların tətbiqi çox önəmlidir. Son zəng tədbirləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən artıq müəyyən edilmiş vahid qaydalar mövcuddur. Tədbir bütün məktəblərdə yalnız məktəb ərazisində, yəni məktəbin həyətində və ya akt zalında keçirilməlidir. Bunun müddəti isə maksimum 3 saatla məhdudlaşdırılmalıdır. Bu şərtlər təhlükəsizlik və nizam-intizamın qorunması məqsədilə respublika üzrə bütün dövlət məktəbləri üçün eynidir.

Son zəng tədbirləri bu vahid qaydalar çərçivəsində təşkil olunarsa, daha doğru olar. Bu yanaşma həm də Elm və Təhsil Nazirliyi tərəfindən son zənglərdə bəzən yaranan narahatlıqların və narazılıqların qarşısını almaq baxımından ən düzgün seçimdir.

İlqar Orucov deyib ki, 2026-cı il üçün ən mühüm texniki dəyişiklik tədbirin tarixi ilə bağlıdır. Belə ki, 14 iyun bazar gününə təsadüf etdiyindən, rəsmi olaraq son zəng 12 iyun tarixində keçiriləcək və bununla bağlı artıq qərar qəbul olunub.

Nəzarət mexanizmi olaraq məktəblərdə asayişin qorunması üçün hüquq-mühafizə orqanlarının, yəni polis əməkdaşlarının, həmçinin təhsil idarələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur və bütün zəruri təhlükəsizlik tədbirləri təmin olunacaq.

“Burada vacib məqamlardan biri də geyim və musiqi məsələsidir. Əyləncə elementləri məktəb mühitinə uyğun seçilməlidir. Rəsmi göstərişə əsasən, məzunların məktəbli formasında olması tələb olunur. Musiqi seçimi zamanı bayağı mahnıların səsləndirilməməsi, eyni zamanda milli musiqi və rəqslərə üstünlük verilməsi tövsiyə edilir.”-deyə, ekspert söyləyib. 

Son illərdə bəzi musiqilərin məhdudlaşdırılması ilə bağlı yanaşmalar da mövcuddur və milli musiqi alətlərinin canlı ifasına şərait yaradılması mədəni siyasətin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Ümumilikdə hesab edirəm ki, son zəng tədbirləri geyim, musiqi və əyləncə baxımından məktəbin ruhuna uyğun təşkil olunmalıdır.

 İsrafçılıq məsələsinə gəldikdə isə, bu, əsasən əlavə xərclərlə — bahalı geyimlər, restoran ziyafətləri və digər kənar tədbirlərlə bağlıdır. Bunun əsas səbəbi valideynlərin və şagirdlərin bu günü təmtəraqlı keçirmək istəyi kimi qiymətləndirilir.

Burada məsul tərəf, ilk növbədə, məktəb rəhbərliyidir. Çünki qaydaların icrasına nəzarət məhz onların üzərinə düşür. Eyni zamanda valideynlər də məsuliyyət daşıyırlar. Çox hallarda məktəb rəhbərliyi müəyyən məhdudiyyətlər tətbiq etsə də, məktəbdən kənarda keçirilən tədbirlərdə israfçılığa məhz valideynlər şərait yaradırlar.

O açıqlayıb ki, nazirlik məktəbdən kənar obyektlərdə keçirilən şənliklərə görə məsuliyyət daşımır və bu cür tədbirlər dəfələrlə tövsiyə olunmayıb. Bu baxımdan valideynlər daha diqqətli olmalıdırlar. Məktəb rəhbərliyi də valideynlərlə düzgün iş aparmalıdır.

Bəzi hallarda bu israfçılıqda məktəb rəhbərliyinin də payı müşahidə olunur. Bəzən direktor, direktor müavinləri və ya sinif rəhbərlərinin bu prosesdə müəyyən maraqlarının olduğu iddiaları da səsləndirilir. Lakin onlar anlamalıdırlar ki, bu yolverilməzdir və daşıdıqları məsuliyyəti dərindən dərk etməlidirlər./ajans.az

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh