Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ödəməlidir? - FOTO - VİDEO

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar yol təsərrüfatına ciddi ziyan vurub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, leysan xarakterli yağıntılardan sonra bir sıra avtomobil yollarında asfalt örtüyü dağılıb, dərin çalalar əmələ gəlib. Xüsusilə hərəkətin intensiv olduğu magistral yollarda bu vəziyyət sürücülər üçün ciddi problemlər yaradıb və maddi zərərlərə səbəb olub. Belə hallardan biri ötən gün Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol örtüyünün yararsız vəziyyətə düşməsi nəticəsində yaranan dərin çuxurlar Bakı istiqamətində hərəkət edən 15-dən çox nəqliyyat vasitəsinin zədələnməsinə və yolda qalmasına səbəb olub. Bundan əlavə, Bakının Badamdar qəsəbəsində yağan güclü yağışlar nəticəsində hasarın aşması yaxınlıqda park edilmiş avtomobillərə ciddi ziyan vurub.
Mövcud vəziyyət sürücüləri düşündürən əsas sualı yenidən gündəmə gətirir: Belə hallarda dəymiş maddi ziyanı kim ödəməlidir?
Məsələ ilə bağlı yol hərəkəti təhlükəsizliyi sahəsində tanınmış ekspert Əziz Talıbov bildirib ki, əgər yağan yağış zamanı hasarın bir hissəsi avtomobilin üzərinə düşüb və nəqliyyat vasitəsi zərər görübsə və əgər avtomobilin kasko sığortası varsa, zərəri kasko şirkəti ödəməlidir.

"Əgər kasko sığorta yoxdursa, təbii ki, sürücü özü ziyanı qarşılamalıdır. Burada məsələnin ikinci tərəfi də var. Kasko sığortası edən şirkət müştərisinə dəyən ziyanı ödədikdən sonra, məhkəmə qaydasında həmin hasarı quraşdıran, əraziyə cavabdeh olan və təhlükəsizliyi təmin etmək öhdəliyi daşıyan dövlət orqanını və ya qurumu məhkəməyə verə bilər. Əgər hadisənin baş verməsində onların səhlənkarlığı və ya işin lazımi səviyyədə təşkil olunmaması sübuta yetirilərsə, ödənilən məbləğ həmin qurumdan geri tələb oluna bilər.
Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən hadisəyə gəlincə isə bu, daha mürəkkəb məsələdir. Bu halda sürücülərə dəymiş ziyanın yol üçün cavabdeh olan qurumdan alınması mümkündür. Lakin bu, yalnız məhkəmə qaydasında sübuta yetirilməlidir. Sübut olunmalıdır ki, həqiqətən də yol örtüyü keyfiyyətsiz olub, yağış zamanı çuxurlar əmələ gəlib, sürücülərə vaxtında xəbərdarlıq edilməyib, ərazidə işıqlandırma olmayıb və s. Bu kimi hallarda əsas səbəb kimi yolun keyfiyyətsizliyi göstərilə bilər və nəticədə məsul qurum sürücülərə dəymiş ziyanı ödəməyə məcbur edilə bilər", - deyə Ə.Talıbov bildirib.
Sığorta eksperti Şahin İsmayılov da bildirib ki, hasarın avtomobillərin üstünə aşması halında əgər zərər görən avtomobillərin kasko sığortası varsa, ödənişi sığorta şirkəti edəcək.

"Əgər yaşayış kompleksi MTK-dırsa, və məsuliyyət sığortası varsa, yenə sığorta ödənişi ediləcək. Yox, əgər məsuliyyət sığortası yoxdursa, adi təbii fəlakət kimi qiymətləndiriləcək və avtomobil sahibləri öz zərərlərini qarşılayacaqlar. O ki qaldı yol örtüyünün yarasız vəziyyətdə olması səbəbindən sürücülərə dəyən ziyan həmin yola xidmət və nəzarət etməli olan quruma qarşı sürücülər iddia qaldıra bilərlər və məhkəmə qaydasında dəymiş ziyan ödənilə bilər. Amma bu halda dəymiş zərər yerində rəsmiləşdirilməli və məhkəmədə sübuta yetirilməlidir. Yəni sürücülərə belə hallarla qarşılaşdıqda hadisə yerini sənədləşdirmək, foto və video çəkiliş aparmaq və müvafiq qurumlara müraciət etmək tövsiyə olunur", - deyə ekspert qeyd edib.
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










