Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri yetərli deyil – KEÇMİŞ POLİS

Sosial 6 Fevral 2026 15:41
Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri yetərli deyil – KEÇMİŞ POLİS
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təhsil müəssisələrində şagirdlərin və müəllimlərin təhlükəsizliyi hər zaman prioritet məsələlərdən biridir. Belə məkanlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, fiziki mühafizə, nəzarət sistemləri və psixoloji dəstək proqramlarının tətbiqi həm tədris prosesinin normal getməsini təmin edir, həm də mümkün risklərin qarşısını alır. Bununla belə, bəzi hallarda bu tədbirlər kifayət etmir və ciddi insidentlər baş verə bilir.

Avtosfer.az xəbər verir ki, belə insidentlərdən biri də fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verən hadisədir. Saat 9 radələrində 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəbə gələrək müəlliməsinə xəsarət yetirib. Bu fakt bir daha göstərir ki, təhsil müəssisələrində təhlükəsizlik məsələləri sual altındadır və bu sahədə əlavə tədbirlər, həmçinin maarifləndirmə və nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.

Məsələ ilə bağlı sabiq polis polkovniki Şəmsəddin Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, məktəb və ailə mühitində zəif nəzarət, psixoloji dəstək və təhlükəsizlik tədbirlərinin çatışmazlığı uşaqların impulsiv və zorakı davranış riskini artırır:

“Bu məsələ artıq ölkəni ciddi şəkildə narahat edir. Səbəblər arasında şagirdin impulsiv davranışı rol oynaya bilər. Məlumdur ki, məktəblinin sevgi çatışmazlığı, diqqət və qayğı azlığı, depressiya və daxili gərginlik yaşaması mümkündür. Həmçinin şagirdin məktəbdə özünü sübut etmək ehtiyacı da təsir göstərə bilər. Ailə mühiti burada mühüm rol oynayır. Ailədə zorakılıqlar, münaqişələr, valideyn nəzarətinin zəifliyi, uşağın dost seçimləri və kimlə ünsiyyət qurması valideynin nəzarətindən kənara çıxa bilər. Məktəb və sosial mühit də bu sahədə əhəmiyyətli təsir göstərir. Məsələn, şagirdin lağa qoyulması, alçaldılması, yaşına uyğun oyunlardan kənarda qalması, bulinq və digər zorakılıqlar onun davranışına təsir edə bilər. Məktəbdə psixoloji xidmətlərin zəif olması, uşaqların psixoloji durumuna yetərli diqqət yetirilməməsi, həssas qrupa daxil olan şagirdlərin davranışlarının izlənməməsi də ciddi problemlərdən biridir. Hüquqi baxımdan da boşluqlar mövcuddur. Soyuq silahın uşaqlar tərəfindən asanlıqla əldə olunması hallarına rast gəlinir. Valideyn nəzarətinin olmaması və məktəbə giriş-çıxış zamanı mühafizənin təmin edilməməsi bu vəziyyəti daha da təhlükəli edir. Bu səbəbdən valideynlərin məktəb əməliyyatlarında aktiv iştirakı və məktəb mühitində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Soyuq silahın daşınmasına nəzarət sərtləşdirilməli, məktəb mühitində zorakılığa səbəb olan hallar və şəraitə qarşı ciddi maarifləndirici tədbirlər həyata keçirilməlidir. Məsələn, sovet dövrü ilə müqayisədə bugünkü dövrdə məktəb və ailə arasında əlaqə kifayət qədər zəifdir. Sovet dönəmində orta məktəb və ailə arasında yaxın, mehriban və isti əlaqə mövcud olub; bu zaman müəyyən məsələlər müzakirə olunur, valideyn iclaslarında sinif rəhbəri, təlim-tərbiyə işçiləri, müavinlər və digər müəllimlər iştirak edirdi”.
Nurcan Babək

Oxunub 294
ŞƏRH YAZ
Ad

E-mail

Şərh