"20 Yanvar" "işğal"dan niyə azad olunmur? - FOTO
Bu problemdən ki, onun ağrısını təkcə paytaxtın 20 Yanvar, "Şamaxinka", Avtovağzal, 3-cü mikrorayon dairəsi, köhnə "İnturist" deyilən ərazilərdə yaşayan və ya yolu tez-tez həmin istiqamətlərə düşənlər yox, bütün bakılılar yaşayırlar.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonlara sərnişin daşıyan taksilərlə bağlı reportaj hazırlayan rəsmi "Azərbaycan" qəzeti bu vəziyyəti tənqid edib. Qəzet yazır: Təsəvvür edin ki, günboyu metronun "20 Yanvar" stansiyasının sayı az olmayan bütün giriş-çıxışlarının heç birinə yaxınlaşmaq mümkün deyil. Birində Sumqayıt, Xırdalan, digərində Binə, Sədərək, üçüncüdə Cəlilabad, Masallı, Biləsuvar, bir az aralıda Beyləqan, Ağcabədi, İmişli, aşağıda - 3-cü mikrorayon dairəsi deyilən ərazidə Ağdaş, Göyçay, Ucar deyib bağıran sürücülər yoldan keçən hər kəsi az qala itələyib avtomobillərinə salsınlar.
"Şamaxinka", Avtovağzal, köhnə "İnturist" ərazilərində də analoji vəziyyətdir.
Bunlar hələ problemin qanacaq, davranış tərəfidir. Onun digər tərəfləri də var ki, bundan az rahatsızlıq yaratmır. Götürək adlarını çəkdiyimiz ərazilərdə həmin sürücülərin avtomobillərinin yaratdığı sıxlığı. 20 Yanvar dairəsindən üzü 8-ci kilometr istiqamətinə gedən yoldakı ilk ötürücünün altı, Alı Mustafayev küçəsi və Tbilisi prospektinin həmin ərazidəki hissələri gecə-gündüz bu avtomobillərin "işğalı" altındadır.
Sürücüləri camaatı boğaza yığdığı kimi, onlar da ərazidə nəqliyyatın hərəkətini iflic edir. Amma nə olsun?! Nə dəyib-dolaşan var, nə də gözün üstə qaşın var deyən. Ara-sıra DYP reyd keçirsə də, müvəqqəti olur. Bir neçə saat sonra, ən yaxşı halda ertəsi gün hamı qayıdır öz "post"una.
İndi isə problemin ən ağrılı və təhlükəli tərəfi barədə. Bakıdan Sumqayıta sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 6 gəncin həyatlarını itirməsi sıradan bir hadisə deyildi. Bu faciə bir daha göstərdi ki, şəhərlərarası sərnişindaşımadakı nəzarətsizliyin, özbaşınalığın nəticəsi çox acı və ağır olur. Amma bunun fərqinə varan kimdir?! Yenə də metronun həmin "20 Yanvar" stansiyası ətrafından hər gün onlarla avtomobil Sumqayıta sərnişin daşıyır. Nə bu avtomobillərin sazlığına, nə də sürücülərin kimliyinə baxan var. Yaxın ünvandır deyə, heç sərnişinlər də buna fikir vermirlər. Guya uzaq olsaydı, nə dəyişəcəkdi?!