"2.70 əvəzinə 4 manat alır": Sərnişinləri ölümə daşıyan mikroavtobuslar – VİDEO
Hər gün onlarla sərnişin regionlardan paytaxta və əks istiqamətdə mənzil başına çatmaq üçün yolçuluq edir. Vətəndaşlardan bəziləri yolçuluq zamanı rahatlığı nəzərə alsa da, daha tez ünvana çatmaq istəyəndə olanlar bu məqamlara diqqət etmirlər. Elə bu tələskənlik də bəzi sürücülərin ürəyincə olur. Avtosfer.az xəbər verir ki, arbtv-nin "Günə doğru" verilişində mövzuyla bağlı maraqlı reportaj yayımlayıb. Mikroavtobuslar markasından asılı olaraq 16 və ya 18 nəfərlik oturacaqlarla təmin olunub. Bəzi sürücülər bununla qane olsa da, digərləri aralara əlavə oturacaqlar qoymaqla daha çox sərnişin daşımağa cəhd edirlər. Qəzalar zamanı isə bədbəxt hadisələr qaçılmaz olur. Quba sakinləri bildirirlər ki, əlavə oturacaqlara bəzi kiçik həcimli avtobuslarda daha çox rast gəlinir. Sürücülərin bu addımına sakinlər birmənalı yanaşmır.
Sakin: "Sovet dövründə biz maşının yük yerində gedib, gəlmişik. Xəta olmayanda, olmur".
Sakin: "Bu, çox təhlükəlidi. Maşın əyləci basanda, yanındakı da, özü də əzilə bilər".
Sakin: "Əlavə oturacaqlardan istifadə olunur. Qanunda isə belə bir şey yoxdur. Bilet verilmir. Soruşanda deyir ki, işçi yoxdur. 4 manata aparır. Halbuki, bilet alanda 2 manat, 70 qəpikdir".
Quba ilə yanaşı oxşar vəziyyətə digər rayonlarda da rast gəlməy olar. Yevlaxda və ətraf rayonlarda şəhərdaxili marşrutlarda istifadədə olan mikravtobuslarda normadan çox sərnişin daşınması halları müşahidə olunur. Nəticədə nəqliyyat vasitəsi, demək olar ki, iki dəfə arıq yüklənmiş olur. Aidiyyəti qurumlar isə bu məsləyə və nəqliyyat vasitəsini təhlükəli idarə edən sürücülərə nəzarət edildiyini bildirir.
"Azərbaycan respublikasinin Nazirlər Kabinetinin" qərarına əsasən, nəinki uzaq mənzilli marşrutlarda əlavə oturacaqlar quraşdırılmamalı hətta uzaq məsafəyə gediş üçün rahat və yumşaq oturacaqlar olmalıdır. Oturacaq yerlərinin sayı 27-dən çox olan avtobuslarda sərnişinlərin xəbərdar edilməsi üçün səsucaldan audiosistem, oturacaq yerlərinin sayı 23-dən çox olan avtobuslarda həcmi hər bir sərnişin oturacaq yerinə ən az 0,1 m3 hesabından baqaj bölməsi olmalıdır.