3 yaşlı “Avtosfer"in baş redaktoru: “Saxlanılan 10 sürücüdən 9-u kiməsə zəng vurur”
Ölkənin internet mediasında özünəməxsus yeri olan Avtosfer.az saytı 3 yaşını qeyd edir. Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı Modern.az-ın suallarını cavablandırıb.
- Necə oldu ki, Avtosfer.az saytını yaratmaq qərarına gəldiniz?
- Mən 2005-ci ildən bəri Dövlət Yol Polisinin keçirdiyi tədbirlərdə iştirak edirdim. Görürdüm ki, bu sahədə nəysə bir boşluq var. Sürücülərin daim müraciət edəcəkləri yer yox, sözlərini deyəcək bir tribuna yoxdur. Ona görə məndə belə bir fikir yarandı ki, bu sahədə sayt yaradım və maarifləndirmə işlərinə başlayım. Bu işdə Ərşad Hüseynov mənə çox böyük dəstək verdi. Beləliklə 2014-cü ildə bu saytı biz Prezident yanında QHT Şurasının və yaxşı dostların dəstəyi ilə yaratdıq. Şuraya çox təşəkkür edirəm ki, bu gün də saytın fəaliyyətini davam etdirməsinə yardım göstərir. Bu işdə həmçinin jurnalist dostlarımız heç bir təmənna olmadan bizə kömək edir. Bizim məqsədimiz insanlar arasınada maarifləndirmə aparmaqdır.
- Saytın oxucu sayı sizi qane edirmi?
- Bizim facebookda 35 minlik oxucu sayımız var. Oxucularımızın hamsının intellektual səviyyəsinin də yüksək olduğunu deyə bilmərik. Yaxud da deyə bilmərik ki, oxucularımızın hamısı bizim yazdıqlarımızı anlayır. Qanunlarımız o qədər qəliz dildə yazılıb ki, biz məcbur oluruq onu məişət üslubuna keçirək ki, başa düşülsün. Məsələn avtomobildə dönmə siqnallarından danışırıqsa, məcbur olub mötərizədə “pavorotnik” yazırıq.
-Elməddin müəllim, bildiyimiz kimi, siz tez-tez reydlərdə iştirak edirsiniz və həmin məlumatları sayta yerləşdirirsiniz. Bəs reydlər zamanı hansı maraqlı hadisələr ilə qarşılaşmısınız?
- Mən reydlər zamanı şahidi olmuşam ki, varlı adamların, biznesmenlərin övladları çox tutulur. Amma bəzi adamlar deyir ki, DYP əməkdaşları bahalı maşınları saxlamır. Amma mən iştirak etdiyim reydlərdə DYP əməkdaşlarının bahalı maşınları saxladığının şahidi olmuşam. Əsas məsələ birdə ondan ibarətdir ki, saxlanılan 10 sürücüdən 9-u harasa, kiməsə zəng vurur. İki sözlərindən də biri budur: “Gör sənin başına nə oyun açacam”. Həmçinin polisə “əəə” deyirlər. Bir də reydlərdə maraqlı məqamlar müğənnilərlə bağlıdır. Maşından düşən kimi bir şadyanalıq göstərirlər. “Ay mən filankəsəm”, “toyları elə aparıram, belə aparıram” deyirlər. Müğənni Səidə Sultan iki gündən bir yol polisi ilə dalaşırdı. Müğənni Kərim deyirdi ki, “yaxşı oğlanlar ancaq 150 ilə gedər” və s. Onların maşınları cərimə meydançasına aparımışdı.