Reklam

60 minə yaxın əhalisi olan Binənin bitib-tükənməyən problemləri - FOTO

Yazarlar 19 Dekabr 2017 11:07 Oxunub 2873
60 minə yaxın əhalisi olan Binənin bitib-tükənməyən problemləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəsəbə sakinləri içməyə su tapmır, küçələr isə sulara qərq olub...

Bakının Binə qəsəbəsinin Xəqani küçəsinin sakinləri su sarıdan əziyyət çəkirlər. Sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, ərazidə içməyə su yoxdur, eyni zamanda yağış yağanda da yollarda suyun əlindən tərpənə bilmirlər. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, ərazidə olduğumuz zaman doğrudan da bu təzadlı halın şahidi olduq. Ərazidə yaşayanlar içməli suyu ya pul verib su maşını ilə gətirdirlər, ya da 400 manat verib, quyu qazdırırlar. Ancaq buna baxmayaraq, qış boyu da qapılarının ağzına kimi yağış suları ilə dolu olur. Bu isə ərazidə kanalizasiya sisteminin olmaması ilə bağlıdır.

Binənin təkcə adıçəkilən küçəsində deyil, bir neçə daxili küçələrində olduq. Müşahidə etdik ki, heç bir küçənin üzərində adı yazılmayıb.  İnsanlar bu əraziləri ya hansısa dövlət idarəsi (məsələn, Xəqani küçəsinə daha çox ATS deyirlər), ya da uzun müddətdir orada yaşayan sakinin evi ilə istiqamətləndirirlər.

Sakinlərin sözlərinə görə, 200 minə yaxın əhalisi olan qəsəbə günbəgün genişlənir, torpaqlar alınıb, evlər tikilir. Ancaq problemlər öz həllini tapmır. Rəsmi məlumatlarda isə bildirilir ki, Binədə 55-60 min əhali yaşayır.

Sakinlər bildirirlər ki, ərazi başdan-başa problem içərisindədir. Sakin Ağabala Kərimov söylədi ki, köhnə ərazilərdə, ümumiyyətlə, asfalt örtüyü olmayıb və olması da gözlənilmir: “Köhnə küçələrdə heç iki maşın yan-yana gedə bilmir. Bu ayrı problemdir. Ancaq məsələ burasındadır ki, qəsəbənin içərisində heç yerdə normal asfalt örtüyü yoxdur. Hələ bir az yağış yağıb, küçələrdən su əlindən keçmək olmur. Siz bir də bura qar yağandan sonra gəlin. Bir də görürsən küçə başdan-başa suyun içərisində qalır. Bundan başqa, insanlar da var ki, həyətlərindən suyu çəkib, küçəyə vururlar. Başqa yolları da yoxdur. Burada içməli su da yoxdur. Üç-dörd qonşu yığışıb, quyu qazdırırlar. Bir quyu 400 manata başa gəlir. Ancaq elə hər qazılan yerdən də su çıxmır. Məsələn, bu ərazilərdə yağış yağanda biz heç quyu suyunu da içə bilmirik.  Yay aylarında isə bir başqa zülm çəkirik. İndi palçıq olan yerlər, yayda da toz-torpaq olur. Çarəsizlikdən camaat gəlib burada yaşayır. Çünki torpaqlar digər yerlərlə müqayisədə ucuzdur. Ucuz deyəndə, indi heç normal yerdə torpaq da tapmaq olmur. Hamısı alınıb, tikilib, satılıb. Əsas yola yaxın “Sovxoz" deyilən əraziyə gedən küçənin ətrafında torpağın sotu 4-5 minədir. Bəzi yerlərdə hətta 6 minə satan da var. İçəri tərəflərdə isə 1000 manata da torpaq taparsan. Ancaq ora da gedib çıxmaq çətin məsələdir".

 

Sakinlər bildirdilər ki, su çəkilməsə də heç olmasa kanalizasiya problemləri həll olunarsa, işləri bir qədər yüngülləşər.

Digər sakinlərlə söhbətimiz zamanı onlar daha bir problemi qeyd etdilər. Bildirdilər ki, qəsəbənin içərilərinə işləyən bir dənə də avtobus yoxdur:

“Camaat məcburdur ki, əsas yolda düşüb, piyada bu palçığın, suyun içərisi ilə yol gəlsinlər. Uşaqlar məktəbə gedəndə özləri ilə iki ayaqqabı götürürlər. Elə biz özümüz də ayağımıza sellofan keçirib, elə gəzirik. Şəhərə gedəndə adama baxırlar ki, bunlar haradan, hansı ucqar rayondan gəliblər görən. Daha bilmirlər ki, Binə elə ən ucqar yer kimidir”, deyə sakinlər bildirdilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, gələn ildən problemin həlli istiqamətində işlər görüləcək: “Məlumat üçün bildirim ki, hazırda Binədə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətti üzrə mikroavtobuslar fəaliyyət göstərir. Ümumilikdə isə gələn il bütün qəsəbədaxili xətlərin işinin yenidən təşkili və tələblərə uyğun nəqliyyat vasitələri ilə təşkili istiqamətində konkret addımlar atılacaq”.

 

Məsələ ilə bağlı “Azərsu” ASC ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi ki, ölkə başçısının bu ilin avqust ayında imzaladığı Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı var. Bundan əlavə, qeyd olunub ki, artıq master plana əsasən Binə qəsəbəsində işlər görülüb. Belə ki, bu qəsəbədə 38 kilometr su xətti çəkilib. Nəticədə 9800 insan ilk dəfə su ilə təmin olunub. Eyni zamanda bundan əlavə də 3 min nəfərin su təchizatı yaxşılaşıb. Bildirilib ki, layihələr dövlət tərəfindən vəsait ayrıldıqca, mərhələli şəkildə həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh