Ağır yol qəzalarının sayı niyə artıb?
Azərbaycanda yol qəzalarının sayı son günlər xeyli artıb. Xüsusilə də bu artım avqust ayında daha çox müşahidə olundu. Onlardan bir neçəsini xatırlayaq. Avqustun 4-də Qax rayonunda baş verən yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişdi. Avqustun 12-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonundan keçən hissəsində yenə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verdi. Ən dəhşətlisi isə odur ki, son zamanlar baş verən qəzalarda bütöv ailə dünyasını dəyişir. Məsələn, avqustun 6-da yenə də Bakı-Qazax avtomobil yolunun 196-cı kilometrliyində baş verən avtomobil qəzasında gənc ailədən ata və ana dünyalarını dəyişdilər. Qəzada onların 40 günlük körpələri sağ qaldı. Eləcə də avqustun 15-də Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən ağır yol qəzası baş verdi. Təəssüf ki, siyahını bir qədər də uzatmaq olar.
Bəs son zamanlar bu kimi qəzaların artmasının səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “yeni müsavat”a ekspert Ərşad Hüseynov danışıb. O bildirib ki, məsələ ilə bağlı yol polislərinin fəaliyyəti, yollardakı problemlərdən danışmazdan öncə, sürücülərin yollarda davranışına diqqət etmək lazımdır: “Bu kimi qəzalar əsasən yol hərəkəti iştirakçılarının intizamsızlığı səbəbindən baş verir. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı bizim cəmiyyətimizin bilgiləri kasaddır. Bunun da əsasında o durur ki, sürücülük hazırlığı, maarifləndirmə işi qaydasında deyil. Maarifləndirmə işi əsaslı şəkildə aparılmalıdır. Əsas problem isə qeyd etdiyim kimi, sürücü hazırlığı işidir. Bu gün ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı cəmiyyətin bilgiləri çox aşağıdır. Nəticə də göz qabağındadır. Bu kimi ağır qəzaların avqust ayında daha çox baş verməsinin səbəbi odur ki, bu ayda insanlar daha çox bölgələrə getməyə, orada istirahət etməyə üstünlük verirlər. Ağır qəzaların da əksəriyyəti elə şəhərlərarası yollarda baş verir. Bakıda hər gün 100-dən çox yol-nəqliyyat hadisəsi olur. Ancaq bunlar xırda sürtünmələr və ya bu kimi hadisələr olduğu üçün statistikaya düşmür. Ağır qəzalar daha çox yüksək sürətli yollarda baş verir ki, bu da insan ölümü ilə nəticələnir”.
Ekspert bildirib ki, əsas problem insan faktoru olsa da yollar da tam qaydasında deyil: “Yollarda da problem var. Bəzi yerlərdə tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda bir çox yerlərdə yol nişanlarında, yolların texniki vəziyyətində problemlər mövcuddur. Lakin bütün bunların hamısı da yenə insanlarla bağlıdır. Yol hərəkəti iştirakçılarının mədəni səviyyəsində, təhlükəsizliklə bağlı bilgilərində də problemlər var. Baxın, bütün bu sadaladıqlarımız kompleks şəkildə hansı faciələrə səbəb olur. Bununla bağlı insanları maarifləndirmək üçün tədbirlər keçiririk. Ancaq bizim bu tədbirlərimiz bir epizoddur. Ayda, ildə bir tədbir keçirməklə insanların dünyaya baxışını dəyişmək olmur. Elə yanaşmalar olmalıdır ki, insanların dünyagörüşünü, həyat tərzini dəyişən nəticə əldə olunsun. İnsanlara anlatmaq lazımdır ki, filan qaydaya əməl etməsən hansı nəticə baş verə bilər. Bunu insanların beyninə yeritmək lazımdır. Bunu qəbul etmək istəməyənləri də qanunauyğun olaraq, yollardan kənarlaşdırmaq gərəkdir. Hər şey sürücülük vəsiqəsinin verilməsi anından başlayır. Araşdırmaq lazımdır ki, Azərbaycanda nə qədər sürücülük məktəbi var, onların neçəsində normal dərs keçirilir və sürücülər necə sürücü olurlar. Bunu öyrəndikdən sonra çox sualın cavabı tapılacaq”.