Almanın köhnə, yoxsa Çinin təzə avtomobili? - Bazarda vəziyyət
"İkinci əl” avtomobillərə son vaxtlar maraq artıb. Bunu bazardakı qiymətlər deyir. Düzdür, uzun müddət bazarda vəziyyət sabit olsa da, hazırda qiymətlərdə artım müşahidə edilir. Bəs "ikinci əl” avtomobillərə marağı artıran, qiymətini yüksəldən səbəb nədir? Eyni zamanda, bazarda müşahidə olunan daha bir məqam var. Çin və İran istehsalı avtomobillərə meyl edənlərin sayı da çoxdur. Ucuz qiymətə yeni avtomobil... Bəs bu avtomobillərin keyfiyyəti qiyməti ilə əks mütənasib ola bilərmi? İran və Çin istehsalı olan avtomobillər ucuzluğu ilə yanaşı, keyfiyyəti ilə də seçilirmi?
"Əvvəlcə buna süni qiymət artımı deyərdim, amma...”
"VIP Escort Motors”un rəhbəri, avtomobil eksperti Rəşad Quliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, mart ayının sonlarından başlayaraq "ikinci əl” avtomobillərinin qiymətində artım müşahidə olunur. Bunun isə bir neçə səbəbi var: "Əvvəlcə buna süni qiymət artımı deyərdim, amma artıq elə deyil. Çünki qiymətlərdə kəskin şəkildə artım var. Nə ilə bağlıdır? Birincisi, ümumiyyətlə, hər il martın əvvəllərindən avqustun sonuna qədər avtomobillərin qiyməti süni qalxır. Bu müddət bəzən sentyabr-oktyabr aylarına, hətta dekabra qədər davam edə bilir. Necə ki martda tikintiyə başlayanların sayı çoxalır deyə, həmin vaxtdan etibarən tikinti materiallarının qiyməti qalxır, avtomobil də elə. Mart ayından başlayaraq avtomobillərə tələbat çoxalır, ona görə də qiymət artır. Mövsüm xarakterli olaraq, hər il bu cür qiymət artımı olur. Bundan əlavə, əhalidə bir az valyuta ehtiyatı yaranıb. Gəlirləri artdığını demək olmaz, sadəcə, son aylar dollar və avronun məzənnəsində xeyli düşmə var. Ona görə əhalinin maşın almağa marağı da artıb. Eyni zamanda, avtomobil idxalında 10 faizə yaxın artım var. Daha bir məqam isə turizmdəki canlanma ilə bağlıdır. Ölkəyə gələn turistlərin sayının artması bəzi avtomobil modellərinə marağı artırıb. Çünki turistləri daşımaq üçün müxtəlif avtomobil modellərinə maraq çoxalıb. İli 2007-ci ildən yuxarı "Mercedes Vito”, "Viano”, "V Class” və "Sprinter” modellərinə hazırda daha çox tələbat var. Gündəlik idxal olunan 20 avtomobildən 15-i "Mercedes Vito”, "Viano” modelləridir. Bu modellərə olan tələbat ölkəmizə avtomobillərin idxalını artırıb”.
Köhnə "Mercedes” 10, təzə Çin maşını 2 il?
Ekspertin sözlərinə görə, Çin və İran avtomobillərinə marağın çox olmasına səbəb qiymətlərinin ucuz olmasıdır. Ucuz ətin şorbası isə olmur: "Qiymətləri ucuzdur, həm də sərfəli lizinq şərtləri təklif edirlər. Məsələn, bir avtomobili 5 illik kreditlə verirlər. Uzunmüddətli ödəmə imkanı olduğu üçün əhali onu seçir, amma onlarda illik faiz Almaniyadakı kimi deyil. 1 yox, 30 faizə yaxın bank faizləri var. 5 ilə 2-2,5 maşının pulunu ödəmiş olacaq. Onlar çox ucuzdur, həm də İran, Çin avtomobilləri satan rəsmi dilerlər tez-tez sərfəli kampaniyalar həyata keçirirlər. Çünki gətirdikləri avtomobil satılmayıb, anbarlarında qalıb. 2015-2016-cı il avtomobilləri var ki, sıfır kilometr gedişi var. Ona görə məcbur olub ucuz verirlər. Qiyməti müqayisə etsək, İran maşının yenisi 15 min manatdırsa, "Mercedes”in yenisinin ən ucuzu 45-50 min manatdır. Qiymət fərqi çoxdur. Ona görə bizdə yeni və ucuz olanı almağa çalışırlar. Bir şey var ki, 20 ilin "Mercedes”ini alıb 10 il sürmək olar, amma təzə İran, Çin maşını alsan, 2 il sonra yararsız hala düşür. Bir-iki il keyfiyyətlidir, sonra dağılır. Düzdür, ölkəmizdə rəsmi diler və servisləri var, aparıb düzəltdirmək olur, amma o avtomobil daim adamı yorur. Ona görə əhali daha çox son 10-15 ilin "Mercedes”lərinə maraq göstərir. İndi idxal olunan avtomobillərin 90 faizi turistləri daşımaq üçün istifadə olunan modellərdir. Həm qiymətləri münasibdir, həm də hazır iş yeri kimidir”.
"Qışa doğru avtomobillərin qiymətləri düşür”
Nə qədər qiymət artımı olmasına gəlincə, R.Quliyev bunları söylədi: "Əvvəl bizdə ən çox satılan "Mercedes”in işlənmiş "E-Class” və "C-Class” modelləri idi. 1999-2000-ci ilin "C-Class”ının qiyməti əvvəl 7000-7500 manata idisə, indi 8500-9000-ə tapmaq çətindir. 7-8 min manata satılan maşında 1000-1500 manat artım böyükdür. 8-9 min manata olan avtomobil mart ayında 10 min manata qalxmışdısa, indi 11500-12000-ə təklif edirlər. Bunlar mövsüm xarakterlidir”.
Ekspert onu da bildirdi ki, avtomobil sektorunda qarşıdakı dövr üçün qiymətlərin necə dəyişəcəyini öncədən tam proqnozlaşdırmaq olmur: "Qeyd etdiyim kimi mövsüm xarakterli qiymətlərdəki artım avqust ayına kimi davam edir. Ondan sonra sentyabr ayı gəlir, məktəblər açılır, avtomobilə maraq azalır. Amma nə qədər azalsa da, sentyabr, oktyabr ayına qədər bu, davam edə bilir. Ondan sonra satışda azalmalar baş verir. Dekabr yaxınlaşdıqca, avtomobilin ili köhnəlir. Tutaq ki 2005-in avtomobili hazırda 12 ilin avtomobili sayılırsa, dekabrdan sonra 13-cü ilə keçir. Ümumiyyətlə, qışa doğru avtomobillərin qiymətləri düşür. Sentyabr-oktyabr ayından etibarən yeni modellər çıxır, məsələn 2018-ci ilin avtomobillərini gözləyirik, artıq sifarişlərimizi vermişik. Oktyabrda hazır olacaq avtomobillər 2018-ci ilin modeli sayılır. Yeni model çıxır, işlənmiş avtomobillərin isə ili köhnəlir. Ona görə qiymətlər düşür. Amma yenə də valyuta elə bir dərəcədə oynaya bilər ki, ili düşsə belə, qiymət yüksələ bilər. Hər şey valyutadan asılıdır”.
"Keyfiyyət qiymətə görə özünü göstərir”
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, İran, Çin və digər Asiya ölkələrində istehsal olunan müxtəlif avtomobillər var ki, onların qiyməti digər Avropa ölkələrində istehsal olunan avtomobillərə nisbətən daha ucuzdur. Burada isə keyfiyyət qiymətə görə özünü göstərir: "Ucuz avtomobillər bahalarla keyfiyyət məsələsində müqayisə oluna bilməz. Devalvasiyadan sonra əhalinin maddi imkanlarını nəzərə alanda görürük ki, əksər adamlar ucuz və təzə olanını istəyir. Bununla da Çin, Hindistan, İran və digər ölkələrin daha ucuz avtomobillərinə maraq çoxalıb. Avtomobildən yaxşı məlumatı olanlar isə bilirlər ki, təzə Çin avtomobilindənsə köhnə alman maşını daha yaxşıdır. Ona görə işlənmiş Almaniya, Amerika, Koreya maşınlarını daha üstün tuturlar. O baxımdan həmin avtomobillər işlənmiş olsalar da, qiymətlərində artım hiss olunur”.
"İran istehsalı olan keyfiyyətli maşınlar çoxdur”
E.Muradlı deyir ki, İranla Çin avtomobilləri keyfiyyət cəhətdən eyni deyil: "İran istehsalı olan keyfiyyətli maşınlar çoxdur. Düzdür, bəzi işbazlar daha ucuz başa gəlsin deyə, ölkəmizə idxal etdikləri avtomobilin konstruksiyalarında müəyyən dəyişiklik etdirirlər. Təhlükəsizlik yastıqlarından tutmuş digər detallarına qədər. Təki istehsalı ucuz başa gəlsin, burda baha satıb çox gəlir əldə etsin. İnsan həyatı ilə oynayırlar. Söhbət təzə maşınlardan gedir. Bu gün üçün yaxşı haldır ki, İran həmin avtomobilləri öz iş adamları vasitəsilə gətirir. Ortada hansısa bir işbaz olursa, ucuz başa gəlsin deyə, hansısa bir dəyişiklik etdirirsə, bu zaman keyfiyyətdə problem ola bilər”.
Ekspert bildirdi ki, Çin avtomobilləri alanalar artıq tədricən peşmançılıq hissi keçirirlər: "Bir il əvvəl Çin istehsalı olan maşın alan şəxs deyir ki, artıq mühərrik xarab olub, usta tapıb düzəltdirə bilmir. Dəmir parçası kimi metalloma vermək istəyir. Çünki Azərbaycanda o avtomobillərin güclü mütəxəssisləri yoxdur. Çinin təzə avtomobilini alanlar bir ildən sonra keyfiyyətini görəcəklər. Azərbaycanın ən ucqar kəndində "Mercedes”, "Hyundai”, "Nissan”ın detalını, onu düzəldəcək ustanı tapa bilərsiniz. Çin avtomobilləri üçün bunu deyə bilmərik. Bu cür hallarla üzləşən sürücülər yavaş-yavaş Çin avtomobillərindən imtina edəcəklər”.
"Qiymətlərin artması idxalın məhdudlaşması ilə bağlıdır”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı bizimlə söhbətində bildirdi ki, təkrar avtomobil bazarında hazırda qiymətlərin artması idxalın məhdudlaşması ilə bağlıdır: "Yəni bu sahədə qəbul olunan qərarlar idxala mənfi təsir göstərir. İdxal azalır və bu da təklifi aşağı salır. Təklif aşağı düşdükcə, təbii ki, bazarda alıcıların seçim imkanları məhdudlaşır. Müəyyən mənada tələb azalıb, amma buna baxmayaraq, avtomobil alıcıları var. Orta və kiçik sahibkarlar da indiki şəraitdə satmaq üçün avtomobil tapa bilmirlər. Bu səbəbdən də qiymət artımı baş verir”.
R.Osmalı da qeyd etdi ki, Çin və İran avtomobillərinə marağın artması qiymətlərinin daha ucuz olması ilə bağlıdır: "Qiyməti ucuz olduğuna görə, alıcıların mövcud iqtisadi imkanları müəyyən mənada cavab verir. İki ildir Mərkəzi Bank avtomobil bazarına kreditlərin verilməsini məhdudlaşdıran qərarlar qəbul edib, eyni zamanda Avro standartların tətbiqi nəticəsində artıq ölkəyə ucuz avtomobil idxalı məhdudlaşıb. Ona görə də yeganə alternativ variant Çin və İran avtomobilləridir. Bu səbəbdən həmin avtomobillərə tələb artıb”.