Altı nəfəri öldürən o sürücünün tək olmadığı bəllidir
Səhər övladını tələsik oyadıb dərsə yola salırsan, bir az sonra ölüm xəbəri gəlir. Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada bu xəbər bir yox, 5 ailəyə getdi. 21 nəfər isə yaralandı. Həmin ailələrin faciəsi digərləri üçün qorxu oldu, amma həm də var olan, amma göz yumulan bir çox problemləri ortaya çıxardı. Diqqət çəkən bir məqam elə həmin sürücünün cərimələrinin sayı ilə bağlıdır. Belə ki, qəzaya səbəb olan sürücü 2012-ci ildən indiyə qədər 61, ötən il isə 24 dəfə cərimələnib. Ötən ilki cərimələrin 70 faizi isə sürət həddini aşmağa görə olub. Bəs belə bir adam necə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub? Cərimələrin sayı çox olduqda sərnişindaşıma ilə məşğul olan sürücülərlə bağlı hər hansı tədbir görmək mümkün deyilmi?
"Polis sürücünü saxlayanda deyir, qaydanı pozmuşam, cəriməm də budur”
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, yol polisi qanunun onlara verdiyi səlahiyyət çərçivəsində xidmət göstərirlər. Hansısa sürücünün ardıcıl olaraq qayda pozduğunu görsələr belə, onu saxlayıb hər hansı məsuliyyətə cəlb etməyə qanun icazə vermir: "Qanunvericiliyə əsasən kobud qayda pozuntularına görə bəzi inzibati xətalar var ki, onlar balla qiymətləndirilir. İl ərzində əgər sürücü 20 və daha artıq cərimə balı toplayırsa, onun sürücülük hüququ 6 aydan bir ilə qədər məhdudlaşdırılır. Həmin şəxs sonuncu dəfə martın 6-da "giriş qadağandır” nişanının tələbini pozduğuna görə, inzibati protokol tərtib olunub və 3 cərimə balı ilə qiymətləndirilib. Həmin balla birlikdə indiyə qədər 19 balı olub. O balla qiymətləndirilən növbəti bir xətaya yol versəydi, onun sürücülük hüququ avtomatik olaraq müvəqqəti məhdudlaşdırılardı. Sürücünün sürücülük vəsiqəsi var və hər hansı kateqoriyası olur, ona uyğun da nəqliyyat vasitəsini idarə edir. Polis sürücünü saxlayanda deyir qaydanı pozmuşam, cəriməm də budur. Ondan o tərəfə polisin o şəxs haqqında hansısa tədbir görməyə nə səlahiyyəti var?”.
"İnspektor 3 saniyədə neçə avtobusa baxa bilər?”
K.Əliyev bildirdi ki, hər bir təşkilat, hər bir fiziki-hüquqi şəxs öz üzərinə düşən işi görməlidir: "Yol polisi təkcə sərnişindaşıma ilə məşğul olanlara deyil, bütün sürücülərə nəzarət edir. Bu gün respublikada 1 milyon 400 minə yaxın nəqliyyat vasitəsi var. Biz ancaq avtobusa, taksiyə nəzarət edəsi deyilik ki? Digər nəqliyyat vasitələrinin də nəzarəti yol polisindədir. Deyirlər ki, necə olub ki, bu maşın postdan keçir? Bir dəqiqə ərzində bir postdan 50 avtobus keçir. Hər bir avtomobilin də postdan keçmə müddəti 3 saniyədir. İnspektor 3 saniyədə neçə avtobusun içinə baxa bilər? Əksəriyyətinin içərisi də görünmür. Hər postdan keçən avtobusu inspektor saxlayıb içini yoxlamalıdır? Camaat da narazılıq edir ki, bu, yerində yoxlanılmalıdır. Düz deyirlər, qarajdan, avtovağzaldan çıxanda yoxlanılmalıdır. Buna nəzarət edən qurumlar var, hər şeyi yol polisindən gözləmək olmaz”.
"Sürücü intizamsızdırsa, bizdə bu haqda məlumat var”
Problemə səbəb olan sürücünün bir nəfər olmadığı hər birimizə məlumdur. Bəs cəriməsi çox olan nə qədər sürücü sərnişindaşıma ilə məşğuldur? Bununla bağlı hər hansı monitorinq, araşdırma aparılırmı? Şöbə rəisinin sözlərinə görə, sərnişindaşımaya hər sürücünü cəlb etmək olmaz. O deyir ki, sürücüləri bu işə cəlb edərkən onların intizamlı olub-olmadığını müəyyənləşdirmək elə də çətin deyil: "Ümumiyyətlə, bu fəaliyyət növü sistemləşdirilməli, müəyyənləşdirilməlidir ki, kim sərnişindaşıma ilə məşğul ola bilər, kim yox. Biz onu ancaq vəsiqə və kateqoriya ilə müəyyən edə bilirik. Amma daşıyıcı şirkətlər sürücünün intizamlı və ya intizamsız olmasından asılı olmayaraq, onu işə qəbul edə bilərlər. Əgər həmin sürücü intizamsızdırsa, bizdə bu haqda məlumat var. Biz istənilən təşkilata istənilən şəxs haqqında bu məlumatı verməyə hazırıq. Hansı sürücünün nə qədər qayda pozuntusu var, o intizamlıdır, yoxsa yox? Əslində, bizim məlumat verməyimizə ehtiyac da yoxdur, internet resurslarında işə götürəcəkləri sürücü haqqındakı məlumatları əldə edə bilirlər. Belə olan halda daşıyıcı şirkətlər intizamsız sürücünü daşımaya yaxın qoymamalıdırlar. Qaydaları bilən hər sürücünü də sərnişindaşımaya götürmək olmaz. Onlar sərnişindaşıma ilə bağlı tam məlumatlı olmalıdırlar. Amma onun avtobus sürməsini qadağan etməklə bağlı biz heç nə edə bilmirik”.
"...daha ciddi tədbir görsək, bütün əhali yollarda qalacaq”
K.Əliyev onu da bildirdi ki, sərnişindaşıma ilə bağlı daha ciddi işlər görsələr, bütün əhali yollarda qalar: "Sərnişindaşıma ilə məşğul olan sürücüləri hələ nə qədər məsuliyyətə cəlb edirik. Yenə görürsünüz ki, ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nə qədər çox qayda pozan var. Biz onlarla bağlı daha ciddi tədbir görsək, bütün əhali yollarda qalacaq. Sabah əhali şikayət edəcək ki, bu sürücülərin hamısını yoldan kənarlaşdırdılar, yollarda qalmışıq”. K.Əliyev sonda onu da qeyd etdi ki, qəzaya səbəb olan "Ford” markalı avtobusun yük daşımaq üçün nəzərdə tutulan avtomobil olması haqda yazılanlar əsassızdır.
"Aidiyyəti qurumların hər birinin öz məsuliyyəti var”
Amma yenə də günahkarı müəyyənləşdirmək elə də asan deyil. Çünki aidiyyəti qurumlar məsuliyyəti üzərlərindən atırlar. Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov "Kaspi”yə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı qurumların hər birinin öz məsuliyyəti var: "Biz həmin sürücünün cəriməsinin konkret nə ilə bağlı olduğunu bilmirik. Amma sərnişindaşıma ilə məşğul olan sürücünün il ərzində 24 cəriməsi varsa, bununla bağlı hər hansı bir tədbir görülməliydi. 24 cəriməsi olan sürücü sərnişindaşıma ilə necə məşğul olub? Həmin insanın psixoloji durumu yoxlanılıbmı?”.
"İnspektorlar qorxularından o avtobusları saxlamırlar”
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, elə qayda pozuntuları var ki, il ərzində nə qədər törətsən də, bununla bağlı limit yoxdur: "Sərxoş sürücülər və başqa bəzi xətalar var ki, il ərzində təkrar törədildikdə sürücülük hüququ məhdudlaşdırılır, yaxud inzibati qaydada həbs verilir. Amma il ərzində 15 dəfə işıqforun qırmızı işığından keçsən də, yol polisinin burada edə biləcəyi başqa bir şey yoxdur. Cərimə balı yazır, cərimə tətbiq edir. Qanunvericilik ona imkan vermir ki, il ərzində 3 dəfə işıqforun qırmızı işığından keçən sürücünün sürücülük hüququ avtomatik məhdudlaşdırılsın. Amma sürücü il ərzində bir dəfə sərxoş tutulursa, 400 manat və ya 5 bal tərtib olunur, ikinci dəfə tutulanda sürücülük hüququ məhdudlaşdırılır, həm də inzibati qaydada həbs cəzası düşür. 24 nədir ki, il ərzində 100 dəfə radara düşənlər, yaxud bu kimi cərimələnənlər var. Amma normal sürücü təbii ki, məsuliyyətli olmalıdır”.
E.Muradlı deyir ki, polis sərnişindaşıma ilə məşğul olan sürücünü yolda saxlayanda, sərnişinlərin hamısının etirazı ilə qarşılaşır: "Problem ondadır ki, biz deyirik, çox adam da düzgün başa düşmür. Yol polisinin tərəfini tutduğumuzu deyirlər. Amma reallıq budur ki, yol polisi sərnişin daşıyan bir avtobusu saxlayır. Sürücü heç avtobusdan düşmür. Sərnişinlər düşüb inspektorun üstünə hücum çəkirlər. İnspektorlar qorxularından o avtobusları saxlamırlar”.
"Burada qınanılası bir obyekt var”
Ekspert bildirdi ki, Nəqliyyat Nazirliyi burada düzgün mexanizm formalaşdırmadığı üçün acı nəticələrini tez bir zamanda aradan qaldırmaq çətin olur: "Baş verən hadisədən sonra 20 Yanvar dairəsində "Ford”ların giriş-çıxışını tam məhdudlaşdırıblar. İnsanlar hay-küy salırlar ki, bəs biz nə ilə gedək? O da düz deyil, insan mənzil başına gedib çatmalıdır. Burada qınanılası bir obyekt var, o da nəqliyyat strukturudur. Nəqliyyat Nazirliyi vaxtında bu sistemi qurmadı, başıpozuq insanların əlinə verdi. Onlar da bu cür mənzərəyə gətirib çıxardılar. O "Ford”ların əksəriyyəti yük üçün nəzərdə tutulanlardır. Çünki sırf sərnişin üçün nəzərdə tutulan "Ford”lar bahadır. Servisdə onu dəyişdirib sərnişin daşıma üçün istifadə edirlər. Sərnişin daşıma üçün nəzərdə tutulan həmin "Ford”larda 16-17 nəfər otura bilir. Amma yük maşınından sərnişin maşınına çevrilənlərə 25 nəfər adam yığırlar. Nəqliyyat Nazirliyi vaxtında onlara belə bir səlahiyyət verib, indi isə heç nə edə bilmir. Təzə yaradılan strukturdur, onları qınaya bilmirəm. Nəqliyyat Nazirliyinin uzun illər tör-töküntülərini yeni yaranmış struktur necə qısa zamanda yığışdırsın? Hansısa "Ford”lar yığışdırılırsa, onların yerinə dövlət tərəfindən normal avtobuslar xəttə buraxılmalıdır”.
"Qanunu sərtləşdirməklə heç nə olmur, normal tətbiq etmək lazımdır”
Görünən odur ki, qanunvericilik bu cür sürücülərlə bağlı hər hansı tədbir görməyə imkan vermir. Bəs qanunda dəyişiklik edilməsinə və ya sərtləşdirilməsinə ehtiyac varmı? Hüquqşünas Ərşad Hüseynov deyir ki, qanunların dəyişdirilməsinə yox, düzgün şəkildə tətbiqinə ehtiyac var: "Cərimələrin sərtləşdirilməsi həyata keçirilir, amma effektli olmur. Deməli, pul hər şeyi həll etmir. Məsuliyyətə cəlb etməyəndən sonra bunun nə əhəmiyyəti var? Məsuliyyətin labüdlüyü təmin olunmalıdır. Hər kəs etdiyi qanun pozuntusuna görə mütləq cavab verəcəyini bilməlidir. Azərbaycanda avtobus sürücülərinin hamısının demək olar ki, həmin sürücü qədər cəriməsi var. Bəlkə də o hələ yaxşısıdır, ondan betərləri də var. Qanunu sərtləşdirməklə heç nə olmur, normal tətbiq etmək lazımdır. Texniki cəhətdən heç nəyə yaramayan avtobuslardan necə sərnişin daşıyırmış? Texniki baxışdan necə keçirmiş? Ondan sonra digər suallara cavab tapıla bilər. İki il bundan əvvəl sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması balı 12 idi. Bunu birdəfəlik ləğv etmək istəyirdilər. Yəni ki, sənin cərimə balların müəyyən bir həddə çatırsa, deməli, sən sürücü deyilsən. Az qaldı ki, onu ləğv etsinlər. 12-ni 20-yə qaldırıb saxladılar. Bu mexanizmi təkmilləşdirmək lazımdır. Qanunlarda elə bir problem yoxdur, amma tətbiqlə bağlı onu deyə bilmərəm”.