Avtobuslarda dilənçi mafiyası
Avtobuslar dilənçilər üçün əsl iş yerinə çevrilib. Avtobusda iki dayanacaq arası məsafədə qalan və bu müddətdə çörək, yemək, dərman pulundan artığını toplayan dilənçilər sərnişinlər üçün əsl problemə çevrilib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, onların potensial oğru olmasından tutmuş, onsuzda sıxlıq olan avtobusda insanların nisbi rahatlığına da mane olmaları, bəzən natəmiz görünüşləri sərnişinləri ən çox narahat edən məsələdir. Xüsusən də, dini bayramlar, ramazan ayı ərəfəsində onların aktivliyi artır. Sanki hər dilənçinin öz dayanacağı varmış kimi, növbəli şəkildə minib-düşürlər.
Qanun bu məsələdə sürücüyə sərnişinlərə narahatlıq yaradan dilənçilər və digər şəxsləri avtobusa mindirməməyə imkan verir. Çünki bu cür sərnişinlər həm də sürücünün işinə mane olur. Lakin çox nadir hallarda sürücülərin bu dilənçilərə qarşı aqressiv davranışını müşahidə etmək olar. Hətta belə fikirlər yaranır ki, sanki sürücülər bu dilənçilərlə əl birliyi edir. Əks halda nə üçün illərdir, dilənçilərin yolunu avtobuslardan kənar salmaq mümkün olmasın?
«Digesta» firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, sürücü avtobusa minən sərnişinə iki halda icazə verməyə bilər. Birinci növbədə ödəniş girişdə edilirsə, ödənişi etmədiyinə görə, ikinci halda isə digər sərnişinlərin üst-başını çirkləndirə biləcəyi, ya da sərxoş vəziyyətdə olduqda: “Lakin sürücünün səlahiyyəti minmə deməkdən ibarətdir. Sərnişin etiraz edib minərsə, sürücü ona qarşı başqa heç bir tədbir görə bilməz. Bu zaman yalnız sürücü ərazidəki ümumi polis və ya post-partul xidmətinə müraciət edə, həmçinin “102”xidmətinə telefon aça bilər.
Lakin sürücülərin çox zaman bu addımı atmamasında oturuşmuş sosial-mənəvi münasibətlər var. Orta statistik sürücü adətən dilənçiliklə məşğul olanlara mərhəmət hissi nümayiş etdirir. Dilənçinin avtobusa minib-düşməsinin ciddi problem yaratmadığını düşünərək fakt qarşısında susur. Çünki dilənçilər içərisində bəziləri var ki, həqiqətən ehtiyacı olur. Lakin bu hallara qarşı polisin mövcud imkanlarından istifadə etmək lazımdır”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirib ki, dilənçiləri avtobusda fəaliyyəti qadağandır və onlar sürücülərin diqqətini yayındıra bilər: “Bu baxımdan onların fəaliyyətinə nəzarət edilməlidir. Lakin bu yol polisinin işi olmadığından əlavə heç nə deyə bilmərəm”.
Bakı Nəqliyyat Agentliyindən də bildirdilər ki, avtobuslardakı dilənçilərə qarşı mübarizə aparmaq, hər hansı tədbir görümək qurumun səlahiyyətləri çərçivəsində deyil.