Avtobuslarda "donuz qripi" təhlükəsi - Dezinfeksiya niyə aparılmır?
Artıq ölkənin 4 böyük şəhərində-Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələrində "donuz qripi” (H1N1) virusu, əleyhinə dezinfeksiya tədbirlərinin aparılmasına başlanılıb. Yaxın günlərdə "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında (H1N1) əleyhinə dezinfeksiya işləri aparılacaq. Göründüyü kimi, ölkəmizdə bu virusun yayılmasını önləyən tədbirlər görülür. "Donuz qripi” ilə bağlı heç bir təhlükəli hal olmasa da, vəziyyət sabit olsa belə, bütün profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir. Amma hələki bu virusun yayılması üçün əlverişli şərait olan şəhərdaxili sərnişindaşımada lazımi tədbirlər görülmür. Baxmayaraq ki, Bakıda sərnişindaşıma sahəsində sərnişin sıxlığının olması "donuz qripi”nin yayılması təhlükəsini qaçılmaz edir. Movqe.az avtobuslarda "donuz qripi” ilə bağlı dezinfeksiya tədbirlərinə nə vaxt start veriləcəyini araşdırıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Movqe.az-a açıqlamasında bildirib ki, "donuz qripi”nə qarşı dezinfeksiya tədbirləri nazirin müvafiq əmrinə əsasən aparılır: "Hələki bizə ölkənin 4 böyük şəhərində-Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələrində "donuz qripi” (H1N1) virusu, əleyhinə dezinfeksiya tədbirlərinin aparılması barədə göstəriş verilib. Yanvarın 23-dən etibarən "donuz qripi” ilə əlaqədar məktəb və məktəbəqədər müəssisələrdə dezinfeksiya işlərinin aparılmasına başlanılıb. Amma hələki avtobuslarda dezinfeksiya ilə bağlı Səhiyyə Nazirliyindən əmr verilməyib”.
Bakıda sərnişindaşımada istifadə edilən avtobusların natəmizliyini və sərnişin sıxlığını nəzərə alsaq, bu virusun yayılması üçün kifayət qədər münbit şərait var. Nəqliyyat Nazirliyindən isə hələki avtobuslarda "donuz qripi” əleyhinə dezinfeksiya işlərinin aparılması barədə məlumat verilmədiyini söylədilər. Nazirlikdən bildirdilər ki, bununla bağlı Səhiyyə Nazirliyindən də onlara məktub daxil olmayıb.
"BakuBus”MMC-nin mətbuat katibi Nuridə Allahyarova da "donuz qripi” əleyhinə dezinfeksiya tədbirlərinin aparılması barədə şirkətə nazirlikdən məlumat daxil olmadığını söylədi: " "BakuBus” avtobuslarında təmizlikdən sərnişinlərimiz də məmnundur. Amma bununla belə "BakuBus” avtobuslarında gündəlik olaraq dezinfeksiya, təmizlik işləri aparılır. Bu işi bizim şirkətlə müqaviləyə əsasən "Təmiz Pro” təmizlik şirkəti həyata keçirir. Həmin şirkət hər gün avtobusun oturacaq və tutacaqlarını dezinfeksiya edir. Avtobusun salonu təmizlənir. Avtobusun çölü isə bizim qarajlarımızda yuyulub təmizlənir. Amma bütün bunlardan əlavə 6 aydan bir "BakuBus”ın xidməti avtobusları mövsümi olaraq dezinfeksiya edilir”.
Əlaqə saxladığımız marşurut sahibləri mütəmadi avtobuslarda dezinfeksiya tədbirlərinin aparıldığını bildirsələr də, bu işi özəl təmizlik şirkətinin yoxsa, ərazi dezinfeksiya şöbələrinin apardığını söyləyə bilmədilər. Z. Kazımov deyir ki, əslində sahibkarlar ərazi dezinfeksiya şöbələri ilə müqavilə bağlamalı, yaxud bu işi müqavilə əsasında hansısa təmizlik şirkətinə həvalə etməlidirlər. Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, indiyədək heç bir marşurut sahibi Stansiyaya müraciət edərək müqavilə bağlamayıb: "Hər halda mən neçə ildir ki, bu qurumda çalışıram indiyədək bir xətt sahibinin bizimlə müqavilə bağladığını görməmişəm”.
Qaydaya görə isə A. Məmmədov sərnişindaşımada xidmət göstərən avtobusların hər gün dezinfeksiyaedici məhlullarla dezinfeksiya edilməli olduğunu, avtobus salonunun təmizlənməli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, hazırki vaxtda "donuz qripi”nin yayılmasının qarşısını almaq üçün dezinfeksiya tədbirləri xüsusilə diqqətdə saxlanılmalıdır.