Avtovağzalda yazılmamış qaydalar hökm sürür – REPORTAJ

Yazarlar 6 Dekabr 2017 12:38 Oxunub 2507
Avtovağzalda yazılmamış qaydalar hökm sürür – REPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gediş haqqının saytda yerləşdirilən qiymətlərindən baha olduğunu görüb kassalara üz tutduq"

Bakı Beynəlxalq Avtovağzalı 2009-cı ilin əvvəllərindən etibarən fəaliyyətə başlayıb. Hazırda Bakıdan respublikanın bütün bölgələrinə, eləcə də Rusiya, İran, Türkiyə və Gürcüstan kimi xarici ölkələrin müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bayram günlərində avtobusların sayında artım olsa da, avtovağzaldan gün ərzində 350-400 nəqliyyat vasitəsi xəttə buraxılır və bu təxminən 8-9 min sərnişinin daşınması deməkdir.

Bakı Beynəlxalq Avtovağzalından rayonlara gedən avtobuslara minmək üçün əvvəlcə ticarət mərkəzindən keçmək lazım gəlir. Ticarət mərkəzinə giriş iki hissəli olsa da, adətən, bu yoldan istifadə olunur. Ticarət mərkəzi boyunca avtobuslara çıxış üçün istiqamət göstərilir. Bu ticarət mərkəzində nə istəsən tapmaq mümkündür. Həm kişi, həm qadın və uşaq paltarları, müxtəlif oyuncaqlar, parfümeriya və kosmetika məhsulları satılır, hətta bər-bər xidməti belə göstərilir. Qiymətlər isə təxminən paytaxtdakı “28 may keçid ticarət mərkəzi”, “8-ci kilometr” bazarı və yarmarkalardakı qiymətlərlə eynilik təşkil edir. Bəlkə də bir az bahadır. Görünür o vaxt avtobus dayanacaqlarına yolu qəsdən ticarət mərkəzinin içindən salıblar.. Təbii ki, bu yolu qət edən sərnişinlərdən kimlərsə alış-verişə meyl edir…

Avtosfer.az xəbər verir ki, Modern.az-ın əməkdaşı reportaj hazılamaq üçün budəfəki  ünvan kimi Avtovağzalı seçmişdi.

Ticarət mərkəzinin birinci mərtəbəsində sakitlik olsa da, 2-ci mərtəbədə alver elə də pis getmirdi. Qeyd edək ki, alıcıların əksəriyyəti elə əliyüklü sərnişinlər idi. Dükanların qarşısında cürbəcür səslər çıxaran oyuncaq itlər, pişiklər uşaqların diqqətini cəlb etdiyi üçün valideynlər də yüklərini dükanın yanında yerləşdirib seçim etmək üçün içəri keçirdilər.

Satıcıların “2-si 5 manatdan”, “ nə alsan 10 manata” kimi sözləri, oyuncaq səslərinin müşayiəti altında (kassalara və avtobuslara gedən yolla bağlı heç bir səsli tarif yoxdur) “rayona gedən avtobuslara çıxış”ı izləyib 3-cü mərtəbəyə qalxdıq.

Avtovağzalda ayrı - ayrı rayonlar üçün xüsusi yerlər ayrılıb ki, uyğun avtobusların yanındakı lövhədə həmin rayonların adları qeyd olunub. Sürücülərdən birinə Ağdaşa getdiyimizi deyib elə sürücü ilə birgə Ağdaş avtobusuna üz tutduq.

- Ağdaşa gediş haqqı neçəyədir?

- 6 manat

- Oldu, çox sağ olun. Bilet alıb gəlirəm.

- Ehtiyac yoxdur, xanım. Biz bu marşrutlara bilet qəbul etmirik.

Deməli avtovağzalda həm reysdənkənar, həm də qrafiklə işləyən avtobuslar fəaliyyət göstərir. El arasında “balaca maşın” dedikləri mikroavtobusların əksəriyyəti biletsiz fəaliyyət göstərir.

2013-ci ildən etibarən Bakı Beynəlxalq Avtovağzalında onlayn bilet satışı istismara verilib. Saytda həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə bilet sifariş verə bilərsiniz. Bundan isə daha çox Naxçıvan Muxtar Respublikasına gedən sərnişinlərin istifadə etdiyi qeyd olunur.

Avtovağzalın rəsmi saytında olan qiymətlərlə maraqlananda Ağdaş üçün biletin 4.24 AZN olduğunu gördük. Bir neçə avtobus sürücüsünə yaxınlaşıb gediş haqqını öyrənsək də, heç bir cavab rəsmi saytdakı qiymətlərə uyğun gəlmədi.

Ağdaş – 6 AZN (saytda 4.24 AZN)

Siyəzən – 3 AZN  (saytda 1.60 AZN)

Qəbələ - 6 AZN (saytda 5.04 AZN)

İsmayıllı – 5 AZN (saytda 4.16 AZN)

Cəlilabad – 5 AZN (saytda 3.28 AZN)

Müşahidələrə əsasən belə demək olar ki, sərnişinlərin əksəriyyəti  biletsiz gedib-gəlməyə, artıq çoxdan öyrəşiblər.

İsmayıllıya yola düşən 65 yaşlı Leyli xala ilə həmsöhbət olduq, deyir bilet almaq üçün çox yaşlıdır:

“Ayağlarım ağrıyır, gəlib birtəhər burda özümə yer eləmişəm. Kassaya getmək üçün halım özümdə deyil. İndi 1 manat baha, 2 manat baha, daha neyləyək? Əzəldən belə gəlib-getmişik”.

Gənc sərnişinlərdən biri isə sonuncu dəfə 2 il əvvəl kassaya müraciət etdiyini dedi.

“Müraciət edəndə qrafiklə işləyən avtobusların çıxışı ilə bağlı vaxtı tənzimləmək olmurdu. Ona görə də, hansı avtobus uyğun olsa, gəlib minib rahatca gedirəm”.

Gediş haqqının saytda yerləşdirilən qiymətlərindən baha olduğunu görüb kassalara üz tutduq.

Bakı Beynəlxalq Avtovağzalında kassalar avtobuslardan bir xeyli məsafədə yerləşir. Avtovağzalın girişindən ta ki avtobuslarda oturan sərnişinlərə qədər bir xeyli adam olmasına baxmayaraq, kassada cəmi 2 nəfər bilet alırdı. Yaxınlaşıb Ağdaşa bilet qiymətini soruşanda kassadakı xanım 4.50 AZN olduğunu, amma bu vaxtdan sonra avtobus olmayacağını dedi. Saat 14:00-ü göstərirdi. Rəsmi saytda da Bakı-Ağdaş avtobusunun eynilə gündə yalnız bir dəfə saat 12:00-da xəttə buraxıldığı qeyd olunur.

 

Kassadan isə 0.50 və ya 1 AZN bahasına elə biletsiz getməyimizi məsləhət görüb bizi əliboş qaytardılar. Belə ki kor-peşman mikroavtobusa qayıdıb, elə biz də digər sərnişinlər kimi biletsiz yola düşməliydik…

ŞƏRH YAZ
Ad

E-mail

Şərh