Azərbaycanda saxta yol nişanları tətbiq olunur – Biabırçı FOTOLAR
Azərbaycanda saxta, heç bir standarta uyğun gəlməyən və kustar üsulla hazırlanan yol nişanları tətbiq olunur. Bu barədə Avtosfer.az-a bir neçə mənbədən məlumatlar daxil olub. Həmin mənbələr bunu sübut etmək üçün fotoları da təqdim ediblər. Təqdim olunan fotolardan da aydın olur ki, xüsusən də Bakı-Qazax yolunda üstünlük nişanı sayılan 2.1 - «Baş yol» nişanı «Yol hərəkəti haqqında» qanunda təsdiq olunan formaya heç cür uyğun gəlmir. Ən dəhşətlisi isə odur ki, həmin yolda iki cür, yəni, bir-birinə uyğun gəlməyən «Baş yol» nişanları tətbiq olunur. Birinci «nişan» solğun rəngdədir və mövcud «Baş yol» nişanına heç cür uyğun deyil. Çünki ilk növbədə nişanın rəngi və qrafikası həmin nişandan tam fərqlidir. Digər tərəfdən, əsl «Baş yol» nişanının həm kənarları qara xətlə xətlənir, həm də ortadakı sarı rəngin kənarlarına qara xətt çəkilir. Lakin bu nişanı hazırlayıb yollarımıza düzən şəxsin deyəsən, bu formadan, bu standardan heç bir anlayışı yoxdur və ya, öz aləmində nəsə yenilik edir.
Daha sonra əsl «Baş yol» nişanına oxşar nişanlara rast gəlirik. Lakin bu nişanda da çatışmazlıq var. Əsl nişanla müqayisə etdikdə məlum olur ki, yollarımıza quraşdırılan həmin «Baş yol» nişanındakı sarı bölmənin kənarlarına qara xətt çəkilməyib.
Məşhur məsəldə deyildiyi kimi, söhbət o xətdə deyil, söhbət insanları, sürücüləri, yol hərəkəti iştirakçılarını avam yerinə qoymaqdadır. Bu yolu kim çəkib, nişanları ora kim qoyub, bu yolu, bu nişanları dövlət adından kim təhvil alıb istismara verib? Yollara nəzarət edənlər bu yollardan keçmirlər bəlkə? Bəlkə, onların yol nişanları haqqında anlayışı yoxdur? Yoxdursa, bu işlərə niyə rəhbərlik edirlər? Niyə bizi başqalarının yanında gülünc vəziyyətə salırlar? O nişanları ora qoyanda kitabı açıb əsl nişanının formasına baxmaq olmazdımı?
Yeri gəlmişkən, Bakı-Qazax-Gürcüstan sərhədi yolu beynəlxalq əhəmiyyətli yoldur və hər gün bu yoldan yüzlərlə tranzit maşınlar keçir. Və yəqin ki, həmin əcnəbi sürücülər öz ölkələrinə dönərkən Azərbaycanda «Baş yol» nişanının fərqli formalarının tətbiq olunduğu barədə mütləq danışacaqlar…
Elməddin Muradlı