Bahalaşma sürətlənəcək – ŞƏRH
Tarif Şurasının müvafiq qərarı ilə "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti artırılaraq, 1 litr üçün 0,90 AZN müəyyən olunub. Bu digər sahələrə nə kimi təsir göstərəcək?
Avtosfer.az xəbər verir ki, bu barədə "qaynarinfo"ya məsələni şərh edən millət vəkili Fazil Mustafa bunun bütün sahələrə təsir edəcəyini və sosial vəziyyətin daha da çətinləşəcəyini bildirib:
"Tarif Şurası benzinin qiymətinin qaldırılmasını qonşu ölkələrlə müqayisədə bizdəki qiymətlərin aşağı olması ilə əsaslandırıb və ən azından daxili bazarı qorumaq üçün bunun edilməsi olduğunun vacibliyini qeyd edib. Hər halda belə bir əsaslandırma qaneedici deyil, çünki əhalinin gəlir səviyyəsi yüksəldiyi təqdirdə bunun edilməsi daha faydalı və məqsədəuyğun olardı. Tarif Şurasının bu qərarı bütün sahələrə öz təsirini göstərəcək. Enerji, qaz, daşınma ilə bağlı olan bütün sahələrdə qiymət artacaq və bu o deməkdir ki, ümumi sosial vəziyyət daha da çətinləşəcək".
İqtisadçı-ekspert Qubad İbadoğlu da məsələyə münasibət bildirib. O, bunun psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacağını, həmçinin cari ilin ikinci yarısında inflyasiya proseslərinin daha da sürətlənəcəyini qeyd edib:
"Növbədə hansı mallardır? Bu qərarın manatın məzənnəsinə təsiri necə olacaq?
Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür.
Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq.
Gözləntilərə görə, cari ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub. Belə olan halda da qiymətlərin ümumi səviyyəsi xarakterizə edən istehlakçı qiymətləri indeksinin orta illik səviyyəsi 15 faizdən az olmayacaq. Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq.
Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib.
Xatırladım ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Bu onu göstərir ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur və məlum qərarı ilə məqsədli şəkildə ümumi qiymət artımını stimullaşdırır. Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan "sabitliyi" davam etdirmək istəyinə də xidmət edir".