Bakı-İstanbul reysində sərnişinlər yoxlanmır - Terrorçunun qumbara ilə mindiyi…
Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Azərbaycanda terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran silahlı dəstə zərərsizləşdirilib. Məlumata görə, terrorçulardan “Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Ələt qəsəbəsində zərərsizləşdirilib. Avtosfer.az “yeni müsavat”a istinadən xəbər verir ki,
DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyənləşdirib. Əməliyyatçılar A.Quliyevi avtobusdan düşürmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmaqla müqavimət göstərməyə çalışıb.
Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib.
Sözsüz ki, terrorçu avtobusa Bakı Beynəlxalq Avtovağzalında minib. Çünki avtobusa minik məhz orada həyata keçirilir. Bəs o, üzərində partlayıcı maddə ilə buna necə nail olub? Hadisədən artıq bir həftə keçib. İndi necə, avtovağzalda sərnişinlərin çantaları, üstləri yoxlanılırmı? Onların təhlükəsizliyi necə təmin olunur?
Bütün bu suallara cavab tapmaq üçün Bakı Beynəlxalq Avtovağzalına yollandıq. Orada müşahidə etdik ki, “terrorçu olayı” avtovağzalın rəhbərliyinə, əməkdaşlarına heç də “dərs” olmayıb...
İlk olaraq onu qeyd edək ki, Bakıdan İstanbula hər gün 5 avtobus yola düşür. Belə ki, ilk avtobus saat 12:00-da, digərləri isə bundan 5 dəqiqə ara fasiləsi ilə avtovağzaldan çıxır. Avtobusu Türkiyənin müxtəlif şirkətləri təşkil edirlər və hər birində 45 nəfər sərnişin yola çıxa bilir.
Avtobuslar yola çıxmazdan bir saat öncə avtovağzalda olub, müşahidələrimizə başladıq. Əllərində iri çantalar, çamadanlar olan sərnişinlər bir-bir yola düşməli olan avtobusa yaxınlaşırdılar. Sürücünün köməkçiləri sərnişinlərin çantalarını alıb, içərisində nə olduğunu şifahi şəkildə soruşduqdan sonra onları avtobusun yük yerinə qoyurdular. Daha sonra isə onların sənədlərini, biletlərini yoxlayırdılar. Beləcə, bir avtobus tam şəkildə dolub, yola düşdü. Yola düşənə qədər də hər hansı bir başqa yoxlamanın şahidi olmadıq. Digər avtobuslarda da hər hansı bir fərqli durumu müşahidə etmədik.
Onların da sərnişinləri eyni qayda üzrə çantalarını təhvil verib, avtobusun salonuna keçib əyləşirdilər.
Nəqliyyat şirkətinin nümayəndələri ilə söhbətimiz zamanı onlar bir neçə gün öncə baş verən hadisədən məlumatlı olduqlarını bildirdilər. “Bəs nə üçün təhlükəsizlik tədbirləri görülmür” deyə, soruşduqda isə bildirdilər ki, bunu avtovağzalın nəzarətçiləri etməlidirlər. Onlar söylədilər ki, onlara hər hansı bir yoxlama cihazı verilməyib. “Biz üzərimizə düşən işi görürük. Əlimizdən gələn qədər çantaların içərisinə baxıb, sərnişinlərdən nə apardıqlarını soruşuruq. Daha sonra isə çantaları yük yerinə qoyuruq” deyə, avtobusun sürücü köməkçiləri bildirdilər.
Məlum olduğu kimi, avtovağzalda polislərlə yanaşı, nəzarətçilər də fəaliyyət göstərirlər. Onlar gözləmə yerlərində və ümumilikdə avtovağzalın ərazisində gəzərək, təhlükəsizliyi qoruyurlar.
Mövzu ilə bağlı söhbət etdiyimiz nəzarətçilər bildirdilər ki, hadisədən məlumatlıdırlar və rəhbərlik tərəfindən müvafiq tədbirlər görüləcək. Lakin onlar da təsdiqlədilər ki, çantalar hər hansı bir “x-ray” cihazından və ya bu kimi xüsusi yoxlamalardan keçmir.
Bəs bu kimi durumlarda çantaları avtovağzal yoxlamalıdır, yoxsa sərnişindaşıma şirkətinin özü?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayılın da fikrini aldıq. O, bildirib ki, əslində şirkətin nümayəndələri bunun üçün avtovağzala müraciət edə bilərlər:
“Bununla sərnişindaşıma şirkəti məşğul olmur. Onlar məsələ ilə bağlı avtovağzalın rəhbərliyinə müraciət etməlidirlər. Avtovağzal rəhbərliyi də sərnişinlərin yoxlanılması üçün müvafiq tədbirləri görməlidir. Bununla bağlı hər hansı bir mühafizə şirkətinə də müraciət etmək olar. Yaxud da bu kimi üsullardan istifadə etməklə sərnişinlərin çantalarını, üstlərini yoxlamaq olar. Lakin qeyd etdiyim kimi, bu işdən sorumlu olan şəxslər avtobusun sürücüsü və digər əməkdaşları deyil”.