Bakı Nəqliyyat Agentliyi üçün 2 sınaq ili – Görülən və görülməyən işlər
Bakı Nəqliyyat Agentliyinin (BNA) yaradılmasından 2 il ötür. Agentlik 2015-ci il dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradıldı və bu günədək gözləntilərin əksəriyyətini yerinə yetirdi. Bu gün vətəndaşların ictimai nəqliyyatla bağlı üz tuta biləcəyi və müsbət nəticə əldə edəcəyi bir məkan, bir struktur var. Həqiqətən də BNA vətəndaşlardan, sərnişinlərdən qaçmayan bir qurum kimi özünü təsdiq etdi. Bunun nəticəsidir ki, Agentlik yarandığı ilk günlərdən etibarən sosial şəbəkələr vasitəsilə əhalini narahat edən məsələləri mərkəzləşdirə bildi. Problemlər öyrənildi və ardınca daha geniş ictimaiyyətlə ünsiyyət quruldu. Bəli, “Alo-141” xidməti məhz insanların ictimai nəqliyyatla bağlı problemini dinləmək üçün əvəzsiz vasitədir. Həmin telefon xidmətinin internet versiyası isə onu deməyə əsas verir ki, Agentlik günün nəbzini tutur və elektron imkanlardan maksimum dərəcədə istifadə etməklə əhali üçün əlçatan olur.
Agentliyin baş direktoru Vüsal Kərimli müxtəlif ideyalarla dəfələrlə media qarşısında çıxışlar edib, vədlər verib və əksəriyyəti yerinə yetirilib. Məsələn, “Bakı Kart” sistemi isə bağlı yaranmış narahatlığı BNA və onun rəhbərliyi çox sakit və peşəkarlıqla aradan qaldırdı. Şaiyə yayılmışdı ki, guya metroda istifadə olunan kartlardan avtobuslarda istifadə oluna bilməz. Yəni, bir sərnişin metro və avtobus üçün ayrı-ayrı kartlar almalıdır. Lakin BNA rəhbərliyinin atdığı addım narahatlığa son qoydu və indi insanlar bir kartla hər iki nəqliyyat növündən istifadə etməkdədir.
Döyülən-söyülən sürücülər; ilk qurbanlar
Bakıda avtobus sürücülərinin kobud münasibətinə son qoymaq üçün atılan sərt addımları xüsusilə qeyd etmək lazımdır. Məhz Agentliyin fəaliyyətə başladığı dövrdə avtobus sürücülərinə sərnişinlər tərəfindən hücumlar oldu. Səbəbi qəribə və gülməli də olsa mütləq qeyd olunmalıdır. Əvvəlki dövrlərdə avtobus sürücüləri qayda pozurdu və sərnişinlər irad tutanda dava düşürdü. BNA-nın avtobuslara nəzarət kameraları quraşdırması və daşıyıcı şirkətlər qarşısında sərt tələblərindən sonra qayda pozmayan avtobus sürücülərinə hücumlar oldu. Məsələn, avtobusu dayanacaqdan kənarda saxlamayan sürücülərin sərnişinlər tərəfindən döyülməsi, avtobusa arxa qapıdan minən sərnişinin oğlunun sürücüyə hücumu, avtobus dayanacağında maşın saxlayan sürücünün avtobus sürücüsünə kobudluğu, hətta avtobus sürücüsünə silah çəkən sərnişini də gördük. Onların arasında həbs olunanlar da var. “Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsünü döyən general oğlu hazırda həbsdədir. Avtobus sürücüsünə silah çəkərək “diqqətli ol, hörmətli ol” deyən şəxsi də 7 il müddətinə həbsxanaya göndərdilər.
Bütün bunlar ictimai nəqliyyatda qayda-qanunun bərpasında dönüş dövrünün acı nəticəsidir. Lakin heç bir yenilik qurbansız, söz-söhbətsiz qəbul olunmur.
Bu gün ictimai nəqliyyatda elə bir qlobal problem yoxdur. Təbii ki, söhbət Bakı şəhərindən gedir. Bu gün vaxtilə keçmiş Nəqliyyat Nazirliyinə rüşvət verərək köhnə, istismara yararsız və sürücülük hüququ olmayan, insan cildindən çıxmış kobud sürücülər tərəfindən idarə olunan avtobuslara rast gəlmək nadir hallarda baş verə bilər. Bu da bəzi daşıyıcı şirkətlərin nəzarət mexanizmini zəif qurmasından irəli gəlir. Kameralarla təchiz edilmiş avtobuslarda hansısa kobud davranışın şahidi olmaq mümkün deyil. Çünki sürücü bilir ki, görüntülər onun ən azından işdən azad olunmasına səbəb olacaq. Odur ki, heç kim işini itirmək istəmir. Amma bəzən kameraya əhəmiyyət verməyənlər də olur ki, onları da sorğu-sual edib yola salırlar. Çünki hər bir daşıyıcı şirkət BNA qarşısında məsuliyyətini hiss edir. Artıq bir neçə şirkət şikayətlərin sayı çox olduğundan, habelə nasaz avtobuslar və kobud sürücülər üzündən sərt cəzalandırılıb. Onlar əksər hallarda marşrutu itirirlər. Yəni, həmin marşrut başqasına verilir.
Rəqabətə dözə bilməyən və daim inkişaf edən şirkətlər
Məhz BNA-nın dövründə təklikdə çətinlik çəkən, yenilik edə bilməyən daşıyıcı şirkətlər arasında birləşmə baş verdi. Bir neçə şirkət birləşərək işi daha keyfiyyətli qurmağa qərar verdi.
Əvvəllər daha geniş yayılsa da, bu gün bir marşrut üzrə bir neçə şəxsə məxsus ayrı-ayrı avtobuslara az-az rast gəlinir.
Daşıyıcı şirkətlər arasında reytinq üzrə rəqabət də gedir. Artıq özünə, işinə və daşıdığı sərnişinə hörmətlə yanaşan şirkətlər meydana gəlib. Məsələn, “BakuBus” MMC bu gün hər kəsin rəğbətini qazanıb. Lakin unutmayaq ki, “BakuBus” dövlət müəssisəsidir və dövlətdən maliyyə dəstəyi alaraq işləyir. Lakin elə şirkətlər də var ki, öz gücünə ayaqda durmağa çalışır. “Xaliq Faiqoğlu” MMC nəinki öz gücünə ayaqda durur, hətta getdikcə sərnişindaşıma sahəsində yeniliklərə imza atmaqda davam edir. Bakıya hər il 100-ə yaxın yeni avtobuslar gətirən, “BakuBus”-dan sonra avtobusları kart sisteminə keçirən, kameralarla təchiz edən şirkət məhz “Xaliq Faiqoğlu” MMC oldu. Öz gücünə 400-dən çox avtobus qarajına sahib olan bu şirkət bu gün yüzlərlə insanı işlə təmin edib.
Bakı Nəqliyyat Agentliyinin yol hərəkətinin təşkili ilə bağlı bəzi səlahiyyətləri də var. Orada çalışan peşəkar mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanaraq bəzi yeniliklər tətbiq edir. Lakin təəssüf ki, BNA ilə təxminən eyni səlahiyyətə malik “Azəravtoyol” ASC, Bakı şəhər İcra Hakimiyyəti və bəzi hallarda da Dövlət Yol Polisi İdarəsi arasında rabitəsizlik nəticəsində hərəkətin təşkili ilə bağlı bəzi nöqsanlar ortaya çıxır. Düşünürəm ki, bu qurumlar bir-biriylə koordinasıyalı şəkildə işləsələr daha effektli olar. Hamısı eyni vaxtda özünü daha “ağıllı” göstərməyə çalışanda problemlər yaranır. Ola bilər ki, BNA yeni yaranmış qurum olduğu üçün bu sahədə bəzi məsələlərdə səhv edə bilər. Bunun üçün də mütləq DYP və digər qurumlarla əlaqəli iş qurmaq lazımdır.
BNA-nın Bakıda etdiyi tarixi yenilik
Daha bir yenilikdən danışmaq yerinə düşər. Bakıda məhz BNA-nın dövründə bir neçə küçədə avtobuslar üçün xüsusi zolaqlar çəkildi. Düzdür, bu sistem tam olaraq işləmir, yəni həmin zolaqlarda hələ də maşın saxlayanlar və zolağa daxil olan sürücülər var. Amma ümumi yanaşanda yenilik olaraq müsbət addım idi.
Avtobuslarda kamera quraşdırılması məsələsinin müsbət tərəflərinə bir daha toxunmaq istərdim. Bu kameralar Daxili İşlər Nazirliyi rəhbərliyinin tələbilə quruldu. Bəzi şirkətlər bundan imtinaya çalışsa da, təcrübə göstərdi ki, əksinə, kameraların şirkətə xeyri var. İlk növbədə sürücü qayda pozarkən, sərnişinlərə qarşı kobudluq edərkən əllərində tutarlı faktlar olur. Ən əsası isə avtobus itən əşyaları tapmaq, oğurluq və digər cinayətlərin üstünü vaxtında açmaq üçün faydalı olur.
Bu gün avtobuslarda kamera quraşdıran şirkətlər etiraf edirlər ki, əvvəllər ay ərzində 500-1000 manat arası cərimə ödədikləri halda kamera quraşdırılandan sonra bu rəqəm 200-300 manatı keçmir. Yəni, sürücülər də başa düşür ki, qayda pozarsa cəriməni özü ödəyəcək.
Bu gün problemli məsələlər də var. Bəzi daşıyıcı şirkətlər avtobusları gecələr qaraja aparmır. Bir çoxu avtobusu evinin yanında, məhəlləsində saxlayıb evinə gedir, səhər də durub xoda salıb işə başlayır. Yəni, avtobuslar texniki müayinədən, sürücülər isə tibbi müayinədən keçmədən aylarla xəttə çıxır. Bəzi daşıyıcılar elə “dədə-babadan” belə işləyib deyə indi özünə qaraj tapa bilmir. Bu isə sürücülərin tibbi müayinə məsələsində problem olduğunu deməyə əsas verir.
Bəzi marşrutlar üzrə hələ də sınıq-salxaq avtobuslar var. Onları yığışdırmaq yaxşı olardı.
Avtobusda gəzən direktor
İlk dəfə ictimai nəqliyyata nəzarət edən qurumun rəhbəri olaraq Vüsal Kərimlinin avtobusa minib vəziyyətlə yerindəcə tanış olması yaxşı hal idi və müsbət nəticələr verdi. Çünki baş direktor vəziyyəti öz gözləriylə gördü. Nəticəsi yaxşı idi. Yaxşı nəticələrin olacağına da böyük ümidlərimiz var. Amma və lakin unutmaq olmaz ki, 10 ildir keçmiş Nəqliyyat Nazirliyinin töküb dağıtdığı ictimai nəqliyyat sistemini 2 ilə tam olaraq qaydaya salmaq qəliz məsələdir. İllər lazımdır bunun üçün, illər. Əsas odur ki, yeni qurum var və insanları incitmədən, zorbaçılıqla yox, sivil formada yeniliklər tətbiq edilir. Bu gün artıq taksi sürücüləri 10 manatlıq (Nəqliyyat Nazirliyinin vaxtında 10 manat idi-E.M) fərqlənmə nişanına 70 manat verib minnət götürmür. Rüsumu ödəyib nişanı alır və heç kim də ondan əlavə nəsə tələb etmir. Nəqliyyat qoçularının yumruğundan təngə gələn taksi sürücüləri üçün bu yenilik göydəndüşmə idi və hələ də bəziləri buna inana bilmir. Amma inanmaq lazımdır. Ona görə lazımdır ki, Agentliyin başında ölkə Prezidentinə görülən işləri bir-bir sadalayıb görə bilmədiyi işlər üçün isə dəstək istəyən rəhbər dayanıb. Bəziləri kimi yalandan “hər şey yaxşıdır” və ya “yaxşı olacaq” deyib yarıtmaz məmur obrazı yaratmır...
Avtosfer.az saytı olaraq Bakı Nəqliyyat Agentliyinin rəhbərliyini və bütün kollektivini 2 yaşları münasibətilə təbrik edirik. Uğurlarınız bol olsun!
Elməddin Muradlı