Bakı Şəhər İcra Hakimiyyəti pul yığmaq üçün tıxac yaradır - FOTO-VİDEOFAKT
Bakıda sıxlığın aradan qaldırılması üçün atılan addımların əksinə olaraq Bakı şəhər İcra Hakimiyyəti sıxlıq yaradır. Avtosfer.az-ın məlumatına görə, BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi paytaxtın bir çox yerlərində lazımsız və ya qanunsuz parkomatlar quraşdırıb. Bu da əksər hallarda tıxaca səbəb olur. İş o yerə çatıb ki, Dövlət Yol Polisi İdarəsi hansısa küçədə dayanma-durmanı qadağan edən nişan qoyduğu halda Bakı şəhər İcra Hakimiyyəti məhz həmin yerə parkomat qoyub. Sürücülər də maşını orada saxlayıb parkomata pul ödəyəndən sonra DYP əməkdaşları gəlib həmin ərazidəki bütün avtomobillərə cərimə yazıb. Belə hallar dəfələrlə olub. Bu gün isə Nizami rayonunda Bakı şəhər İcra Hakimiyyətinin açıq-aşkar tıxac yaratdığını sübut edən faktları təqdim etmək qərarına gəldik. İzlədiyiniz video və fotolar Qara Qarayev prospekti və həmin prospektlə kəsişən «Neftçilər dairəsi» kimi tanınan «Dakar meydanı» yaxınlığında – Rüstəm Rüstəmov küçəsində çəkilib. Görüntülərdən də aydın olur ki, hər iki yol 3 zolaqdan ibarətdir. Qara Qarayev prospektində qarşı yola çıxan sürücülərin qarşısını almaq üçün artıq təmirdən sonra burada ayırıcı sədd tikilib. Beləliklə də, hər istiqamət üzrə 3 zolaq var. Lakin Bakı şəhər İcra Hakimiyyəti qeyd olunan yollarda parkomat quraşdırıb. Əslində, buna normal yanaşmaq olardı. Lakin İcra Hakimiyyəti parkomat ərazisində yol nişanı quraşdıraraq sürücüləri xəbərdar edir ki, burada avtomobili səkiyə paralel yox, perpenduklyar saxlasınlar. Bu zaman videoda gördüyünüz mənzərə yaranır. Yolun sağ zolağı tam zəbt olunur. Bəzi sürücülər maşını elə park edirlər ki, bir tərəfi ikinci zolağa çatır. Yer olmayanda park edilmiş maşınların arxasında da dayananlar olur. Bununla da yolda 3 zolaqdan ikisi əldən getdi. Ümid qalır bir zolağa. Və beləliklə də, yolda tıxac yaranır.
Biz demirik ki, parkinq olmasın. Olsun. Amma bu parkomatları quraşdırmazdan əvvəl yol polisi ilə də məsləhətləşmək olardı. Dövlət milyonlarla vəsait xərcləyib yol təmir edir, sıxlığı aradan qaldırmağa çalışır. Bakı şəhər İcra Hakimiyyəti isə qəpik-quruş yığmaqla milyonlar qazanmaq üçün harada gəldi parkomat qoyub istənilən formada parkinq təşkil edir. Bu isə ağır fəsadlar verir.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkomatlara nəzarət edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevi işdən azad edib. Buna səbəb rəisin qanunsuz parkomatlar quraşdırması və digər neqativ hallara yol verməsidir.
Artıq Bakı şəhərinin inzibati ərazisində, xüsusən də nəqliyyat vasitələrinin və sərnişin axınının sıx olduğu yerlərdə hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etməyə imkan verən avtobus dayanacaq ciblərinin salınması prosesi ilə bağlı da ciddi iş aparılır. Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, Bakı Nəqliyyat Agentliyinin, "Azəravtoyol" ASC-nin və Nizami Rayon İcra Hakimiyyətinin birgə işi nəticəsində daha iki ərazidə - Qara Qarayev prospekti (8-ci km bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb. Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək.
Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə, daxil olacaq marşrut xətləri üçün qrafiklər işlənib hazırlanır.
Elməddin