Reklam

Bakı üzərindən bir gündə 200-dən çox təyyarə keçir

Yazarlar 24 Yanvar 2017 20:00 Oxunub 2072
Bakı üzərindən bir gündə 200-dən çox təyyarə keçir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert: “Planlı şəkildə olan uçuşlar xüsusi cədvəldə qeyd olunur və bu hər kəsə məlumdur”

Yanvarın 22-də Heydərabaddan (Hindistan) Moskvaya uçan “Boeing” təyyarəsi Bakıda təcili eniş etməli olub. Buna təyyarənin ön dayaq şassisində yaranmış nasazlıq səbəb olub. Hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb. Ümumiyyətlə, Bakı üzərindən uçuş edən təyyarələrin paytaxt ərazisində təcili eniş etmə hallarına tez-tez rast gəlinir. Məsələn, ötən ilin yanvar ayında Londondan Hindistanın Mumbai şəhərinə uçan  “Air İndia”ya məxsus “Aİ 130" tipli təyyarə  də Heydər Əliyev adına Hava Limanına təcili eniş etmişdi. Bundan başqa, ötən ilin sentyabr ayında Əfqanıstana məxsus sərnişin təyyarəsi Kabildən Moskvaya uçarkən texniki nasazlıq baş vermiş və təyyarə ekipajı Azərbaycan ərazisində təcili eniş etmək qərarına gəlmişdi.

Bu kimi faktların sayı kifayət qədərdir və siyahını bir qədər də uzatmaq olar.

Bəs Bakı üzərindən hansı hava xətləri keçir?

Öncə qeyd edək ki, Bakı şəhərinin üzərindən ilk təyyarə 20 oktyabr 1910-cu il tarixində uçub. Mənbələrdə bu hadisə belə təsvir edilir ki,  Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr isə 1970-80-ci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikilib.

Bu gün  isə Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, “Azərbaycan Hava Yolları”  (AZAL) aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. AZAL-ın təyyarələri dünyanın onlarla şəhərinə müntəzəm uçuşlar yerinə yetirir, “SW Airlines”in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanmışdır. Avtosfer.az xəbər verir ki, bu barədə aviasiya məsələləri üzrə ekspert Ədalət Əliyev “yeni müsavat”a bildirib ki, Bakının üzərindən hər gün xeyli sayda təyyarə keçir. Bunların sayı konkret deyil və dəyişə bilər: “Bir var planlaşdırılmış reyslər, bir də var ki, plandan əlavə reyslər. Buna görə də Bakı üzərindən bir gün 200, digər gün isə 400-500 təyyarə uça bilər. Bütün bu marşrutlar isə beynəlxalq səviyyədə təşkil olunur. Bu marşrutlardan hüquqa uyğun olaraq, hər kəs istifadə edə bilər. Hüquqi yol dedikdə, diplomatik yolla alınmış icazələr, bu məsələdə beynəlxalq hüququn tələbləri nəzərdə tutulur. Planlı şəkildə  olan uçuşlar xüsusi cədvəldə qeyd olunur və bu hər kəsə məlumdur. Plandan əlavə uçuşlar isə qabaqcadan  razılaşdırılmalıdır”.

Milli Aviasiya Akademiyasının  hüquqşünaslıq kafedrasının müdiri,  professor İbrahim Quliyev mövzu ilə bağlı qeyd edir ki, qəbul olunmuş Çikaqo Konvensiyasının müddəalarında nəzərdə tutulur ki, başqa dövlətlərin ərazisi üzərindən və ya ərazisinə, həmin dövlətin xüsusi icazəsi olmadan müntəzəm uçuşlar həyata keçirilə bilməz: “Müntəzəm uçuşların həyata keçirilməsi, bir qayda olaraq bu məqsədlə xüsusi təyin olunmuş aviasiya müəssisələri tərəfindən bağlanılan müqavilədə, göstərilən hava xətləri üzrə yerinə yetirilir. Praktiki olaraq, bağlanılan hər hansı ikitərəfli müqavilələrdə belə müddəa nəzərdə tutulur ki, razılığa gələn hər bir tərəfin öz ərazisi üzərindən xarici dövlətlərə məxsus olan hava gəmilərinin uçuşlarının marşrutlarını müəyyən etməyə səlahiyyətləri vardır. İkitərəfli müqavilələrdə hava xətləri üzrə uçuşların təhlükəsizliyini təmin etməyə yönəlmiş bir sıra qarşılıqlı vəzifələr nəzərdə tutulur. İlk əvvəl tərəflər təyin olunmuş aviasiya müəssisəsinin hava gəmilərini, hava xətlərinin istismarına zəruri olan yerüstü radio, işiq texnikasi və digər aeronaviqasiya avadanlığı ilə təmin etməlidir”.

 

Onu da qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) 32 şəhərə daimi uçuşlar həyata keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh