Bakı yollarında təhlükə dolaşır - Təlim maşınları
Bakı şəhərinin küçələrində xeyli sayda təlim avtomobillərinin dolaşdığı hər kəsə bəllidir. Həm də sükan arxasında, sürücülük vərdişlərinə yiyələnməyən və avtomobil idarə etməyi tam mənimsəməmiş insanlar olur. Bu hal da sürücüləri narahat edir. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə redaksiyamıza müraciət edən Rafiq Vəliyevin dediyinə görə, bu təlim avtomobilləri şəhərin yol-nəqliyyat sisteminə təhlükə yaradır: “Baxmayaraq ki, yanında təlimçi oturur, yenə də təcrübəsiz insanın əlinə sükan verib, şəhərin ortasına buraxmaq olmaz. Digər avtomobillərə və piyadalara təhlükə yaradır, risk vəziyyəti meydana çıxarır”.
Vətəndaş, hətta bir dəfə belə təhlükə ilə üzləşdiyini də qeyd edir: “Metronun “20 Yanvar” stansiyasının yaxınlığında, bir qadının idarə etdiyi təlim maşını, az qala mənim avtomobilimə çırpılacaqdı. Bir az çevik davranmasaydım, böyük qəza baş verəcəkdi”.
Qeyd olunan problemi şərh edən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, təlim maşınları təlimata uyğun hərəkət edir:
“Hər halda, ona “təlim maşınları” deyilir. Təlim maşınları onlara ayrılmış marşrut üzrə hərəkət edir. Sürücülər belə halla qarşılaşdıqları zaman bizə müraciət etsinlər və biz də bu sahədə işlər aparaq”.
“Təlim maşını öz marşrutu ilə hərəkət etməzsə, təbii ki, bununla bağlı araşdırma apararaq, lazımi tədbir görüləcək, cəzası veriləcək”, - Əsədov bildirib.
Yol-nəqliyyat eksperti Ərşad Hüseynov da bu sahədə vəziyyətin təhlükəli həddə olmadığını deyib:
“Sürücülər vəziyyəti dramatikləşdirirlər. Bu, belə deyil. Təlim maşınları epizodik olaraq problem yarada bilər, amma bu da ciddi deyil”.
Fikir vermişəm, bəzi təlim avtomobillərində texniki problem olur, bəzi təlimçilərin özləri naşıdırlar. Amma onlar xüsusi təyin olunan marşrut üzrə hərəkət edirlər”, - ekspert bildirib.
Avtonəqliyyat məsələləri üzrə mütəxəssis Elməddin Muradlı isə təlim avtomobilləri ilə bağlı həqiqətən problem yaşandığı qənaətindədir.
“Bir neçə gün öncə Səməd Vurğun küçəsində belə bir hadisənin şahidi oldum. Təlimçi telefonla danışırdı, sükan arxasında oturan sürücü isə sol zolağı zəbt edib hərəkət edirdi.
Təlimçi isə buna fikir vermirdi. Bu zaman, təbii ki, qəza şəraiti də yarana bilər”, - o, açıqlamasında bildirib.
Əlavə edib ki, təlim keçən sürücü işini dəqiq bilməlidir: “Əks halda böyük yol qəzaları baş verə bilər. Belə təlimçilərə irad bildirəndə isə onlar qəbul etmir və acıqları tutur”.
Ekspert bildirib ki, belə halların başvermə səbəbi də xüsusi təlim məkanlarının olmamasıdır:
“Hətta Sumqayıtda yerləşən sürücülük məktəbinin ərazisinin yarısı satılıb. Bakıda da eyni proses getdi. Çünki təlimçilər də öz fəaliyyətlərini günün tələbinə uyğun qurmadılar və təlim keçməyə gələnlərin sayı azaldı. Beləliklə də, onlar üçün ayrılmış ərazilər yavaş-yavaş satılmağa başlandı”.
“Bu cür vəziyyətdən bir çıxış yolu var: Bir neçə sürücülük məktəbi birləşib bir ərazi almalı və öz təlim məktəbini qurmalıdır. Təlim maşınları da standartlara uyğun olmalıdır. Hər maşının üzərinə “T” hərfi yapışdırıb təlim keçmək olmaz”, - Muradlı qeyd edib.