Bakıda qayda pozan sürücülərin şəkilləri yayıldı – FOTOLAR
Avtosfer.az saytının həyata keçirdiyi tədbirlər, gördüyü işlər, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ictimai qınaq kampaniyası əksər oxucularımız tərəfindən dəstəklənir və onlar da bizə dəstək olurlar. Oxucuların bizə göndərdiyi fotolarda konkret qayda pozuntuları əksini tapır. Eyni zamanda, yol hərəkətinin təşkilindəki problemə də toxunulur.
Məsələn, Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki svetoforla bağlı fotonu göndərən oxucumuz bildirmək istəyir ki, buradakı svetofor obyekti bir az irəlidəki nişanların qarşısını kəsir. Diqqət etsək görərik ki, svetoforun dirəyi yoldakı istiqamətverici nişanının tələbini tam görməyə imkan vermir. Yəni, bu vəziyyətdə biz yalnız sağa dönməni görə bilirik. Lakin ola bilsin ki, nişanda həm də düzünə hərəkətə icazə verilir. Bu cür hallar sürücülərə çətinlik yaradır və onların qayda pozmasına, yol qəzalarına səbəb olur.
Digər fotoda "Land Rover" markalı, 90 NT 096 dövlət nömrə nişanlı avtomobilin Dərnəgül yolu kimi tanıdığımız Ziya Bünyadov prospektində yolun hərəkət hissəsində dayanıb əks yolda baş vermiş qəzaya tamaşa etdiyini görmək olar.
Həmin ərazidə 3 avtomobil toqquşub və yolda hərəkət çətinləşib. Bu avtomobilin sahibi də maşını yolun sürətlənmə zolağında saxlayaraq qəzaya baxır. Təəssüf ki, belə sürücülərin sayı çoxdur.
90 DU 706 dövlət nömrə nişanlı avtomobilin sahibi isə deyəsən, dayanma-durma qaydalarından xəbərsizdir.
Bu fotonu göndərən oxucu yazır: "Bu sürücü məhəllədə parkinq qaydalarını pozur və az qalır ki, maşını binanın blokunda saxlasin. Nədi-nədi 100 metr piyada getməyə ərinir. Məkan; Yeni Bakı, 3-cü həyət".
Digər fotolarda isə "Toyota Land Gruiser" markalı, 10 XX 099 və "Volkswagen-Touareg" markalı, 85 BK 785 dövlət nömrə nişanlı avtomobillərin qayda pozuntusu əksini tapıb.
Bu fotoları Avtosfer.az-a göndərən sürücü bildirib ki, hər iki sürücü Nərimanov rayonunda - Ağa Nemətulla və Fətəli xan Xoyski küçələrinin kəsişməsində svetoforun qırmızı işığı yananrkən piyada keçidinin üstündə dayanıblar. "Yəni bu sürücülər digər sürücülərlə eyni cərgədə dayanmağı özlərinə sığışdırmırlar və keçib zebranın üstündə dayanırlar".
Avtosfer.az saytı olaraq belə məsələləri ictimailəşdirmək üçün fotoları bizə göndərən oxucularımıza təşəkkür edirik. Ümid edirik ki, fotoda özünü görən sürücülər də bundan sonra daha nizam-intizamlı olacaqlar.
Bütün oxucularımızdan bu cür məsələlərdə bizə dəstək olmağı və ictimai qınaq obyektinə çevriləcək bütün hərəkət iştirakçılarının foto və videolarını bizə göndərmələrini xahiş edirik. Bizimlə https://www.facebook.com/avtosfer.az/ səhifəsi vasitəsilə və 051 298 65 71 Watsapp nömrəsindən əlaqə yarada bilərsiz.
Elməddin Muradlı