Bakıda yol polisindən Formula 1-lə bağlı möhtəşəm xidmət - VİDEO

Yazarlar 20 İyun 2016 16:08 Oxunub 9220
Bakıda yol polisindən Formula 1-lə bağlı möhtəşəm xidmət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi küçələrdə hərəkətin ikitərəfli təşkili sürücülərin rahat və fasiləsiz hərəkətini təmin etdi

Son illər Azərbaycanda demək olar ki, hər il beynəlxalq səviyyəli musiqi, idman və iqtisadi-siyasi tədbirlər, yarışlar keçirilir. Əlbəttə ki, bu tədbirlərin təşkilində təhlükəsizliyin təmin olunması əsas şərtdir. «Evrovision» mahnı yarışması günlərində terrora cəhd edənlərin qarşısı elə yerindəcə alınsa da, Azərbaycanın güc strukturları bir an belə ayıq-sayıqlığı azaltmadı və bu hadisə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə rəvac verdi. Ötən il keçirilən Avropa Oyunlarında təhlükəsizliklə bağlı bir qədər də müasir texnologiyalardan istifadə etməklə tədbirin təhlükəsizliyini yüksək səviyyədə təşkil etdilər. Bu il isə Formula 1 yarışının keçirilməsi məsuliyyəti xeyli artırdı. Çünki bu yarış digərləri kimi böyük salonlarda, idman arenalarında deyil, məhz yollarda keçirilirdi. Küçə və yollarda təhlükəsizliyi təmin etmək nə qədər ağır və məsuliyyətli olsa da, Azərbaycan polisi bunun öhdəsindən layiqincə gəldi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tədbirlərin təşkilində Dövlət Yol Polisinin üzərinə ağır iş düşdü. Çünki yollarda hərəkətin rahat və təhlükəsiz təşkil edilməsi birbaşa yol polisinin səlahiyyətinə aidddir. Bu səbəbdən də Formula 1 yarışına görə bağlanan yollara düşən gücü başqa küçə və prospektlərin hesabına balanslaşdırmaq lazım idi. Deyə bilərik ki, DYP bunun öhdəsindən layiqincə gəldi. Avtosfer.az saytı olaraq əməkdaşlarımız yarış ərəfəsində mərkəzi küçə və prospektlərdə müşahidələr aparır, çatışmazlıqlaq, görüləsi vacib işlər, yeniliklər barədə DYP əməkdaşları ilə fikir mübadiləsi aparıb müxtəlif təkliflərlə çıxış etdi. Qarşılıqlı anlaşma nəticəsində bir sıra uğurlu addımlar da atıldı.

Bu baxımdan, Dövlət Yol Polisinin Bakıda həyata keçirdiyi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunmasını «əla» qiymətləndirnmək olar. Ümumilikdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, Bakının 12 rayonunun DYP əməkdaşları ilə yanaşı Baş Dövlət Yol Polisi İdarəsinin də yüzlərlə əməkdaşı paytaxtda xidmətə cəlb olundu ki, bu da yarış iştirakçılarının rahatlığı üçün nə qədər önəmli idisə, şəhərimizin sakinlərinin və qonaqların da rahat və fasiləsiz hərəkəti üçün önəmli idi. 500-ə yaxın yol polisi əməkdaşının küçə və yollarda apardığı fasiləsiz xidmət nəticəsində Bakıda mərkəzi küçələr bağlı olan müddətdə sıxlıq yaşanmadı. İlk dəfə olaraq yol polisi bəzi küçə və prospektlərdə günlərlə ikitərəfli hərəkətə şərait yaratdı. Əlbəttə ki, bəzi intizamsız sürücülər qarşı yola çıxıb sıxlıq yaratmasın deyə yol polisi ikitərəfli hərəkət təşkil olunan yollarda 24 saat xidmət aparmalı oldu. Şəxsən mən də şahidi oldum ki, yüzlərlə DYP əməkdaşı treklərin ətrafında 24 saat xidmət aparmaqla tapşırılan vəzifənin öhdəsindən gəldi. Onlar xidmət yerini tərk etmədən yeməyi də elə orada yeyirdilər. Havaların isti keçməsinə, gecələr isə yağıntılı olmasına baxmayaraq onlar dözdülər. Şərait ağır olsa da, onlar yerindən tərpənmədən xidməti davam etdirdilər. 

Yarışlar ərəfəsində ətraf küçə və prospektlərin müvəqqəti yol nişanları ilə təmin edilməsi də faydalı oldu. Məlumatverici, istiqamətverici və qadağanedici yol nişanlarının tətbiqi sürücülər üçün olduqca faydalı idi. Məsələn, sürücü bağlı yollara 500 metr qalmış məlumatverici nişanlar vasitəsilə öyrənə bilirdi ki, hansı küçə ilə hərəkət etmək lazımdır.

Bölgələrdən Bakıya gətirilən yol polisləri kənar yollarda nəzarəti həyata keçirirdilərsə, Bakı şəhərinin yol polisləri birbaşa qaynar və çətin nöqtələrdə xidmətə cəlb olunduqları üçün onlar daha çox əziyyət çəkdilər.

Maraqlısı odur ki, son 5 gün ərzində Bakıda ağır yol nəqliyyat hadisələrinin sayı xeyli azalıb, şəhərin küçə və prospektlərində davamlı sıxlıq müşahidə olunmayıb. Belə bir müsbət nəticənin əldə olunmasında təbii ki, vətəndaşların da rolu çox böyükdür. Vətəndaşlarımız yol polisinin yarış ərəfəsində etdiyi çağırışlara əməl edərək şəxsi avtomobillərdən az istifadə etməklə Formula 1 yarışında dövlətimizə, polisimizə və digər aidiyyatı orqanlara dəstək nümayiş etdirdilər. 

Onu da demək lazımdır ki, bəzi intizamsız sürücülərin «yol polislərinin başı yarışa qarışıb, istədiyimizi edək» düşüncəsi də puç oldu. Çünki DYP əməkdaşları təhlükəsizliyi təmin etməklə yanaşı, qayda pozan sürücüləri cərimə etməyi də yaddan çıxarmırdılar. Hətta, yarış günlərində Formula 1-dən həvəslənib Bakıda avtoxuliqanlıq etmək istəyən onlarla sürücünün avtomobili cərimə meydançasına aparılıb, özləri isə inzibati məsuliyyətə cəlb olunublar. Bununla yanaşı, Bakıda müşahidə kameraları və radarlar da daim işlək vəziyyətdədir və hər bir qayda pozuntusu qeydə alınır…

Əslində, belə bir gözəl nəticə əldə etmək, heç bir xətaya, ağır hadisəyə, nöqsana yol vermədən Formula 1 yarışlarını başa vurmaq gözlənilən idi. Çünki Prezident İlham Əliyev hələ ötən iilin sonlarından etibarən aidiyyatı orqanlar qarşısında vəzifələr qoymuş və tapşırıqlar vermişdi. Bunu ANS-ə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov da ifadə edib: «Formula 1 yarışlarına polis ötən ilin oktyabr ayından hazırlaşırdı və bununla bağlı cənab Prezidentin şəxsi tapşırığı var idi. O vaxtdan hazırlıq işləri gedirdi və xüsusi plan tərtib olunmuşdu. Bu planı Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və digər aidiyyatı qurumların rəhbəri imzalayıb və bu günədək həmin plan üzrə tədbirlər həyata keçirilib. Polisin həm bayır xidmətinin, həm də əməliyyat-axtarış xidmətinin birbaşa fəaliyyəti Bakıya gələn qonaqların, yarış iştirakçılarının və onları müşaiyət edən şəxslərin təhlükəsizliyini təmin etməklə bağlı idi. Ümumilikdə Formula 1 yarışlarında təhlükəsizliyin təmin olunmasına 3 minə qədər polis əməkdaşı cəlb edilib.

Nazir bildirib ki, Bakı şəhəri mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirilib. Elə buna görə də, polis əməkdaşlarının xarici dili bilməsi məsələsi önə çıxıb. Yarışlar ərəfəsində mindən çox polis əməkdaşı ingilis dili kurslarını mükəmməl şəkildə bitirib: «Yəni onlar heç bir çətinlik olmadan xarici vətəndaşlarla təmasda ola bilirlər».

Yeri gəlmişkən, yarışlar ərəfəsində və yarış dövründə polislərin xarici vətəndaşlarla davranışı da əvvəlki illərdən fərqlənirdi. Ən diqqətçəkən məqamlardan biri bu oldu ki, turistlərdən biri pul qabını itirsə də, polis əməkdaşları onu taparaq sahibinə qaytardılar. Bu da əlbəttə, polisin nümunəvi davarınışı idi ki, xarici vətəndaş bunu sosial şəbəkələrdə məmnunluqla yaymışdı. Bu cür davranışlar Azərbaycan polisinin imicini yüksəldir. Bu kimi tədbirlər isə polisin peşəkarlığını artırır. Biz də bu istiqamətdə əlimizdən gələn dəstəyi göstərməyə hazırıq və göstəririk də… 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh