Bakını iflic edən qurumun adı bəlli oldu - “Azəravtoyol”
16-18 oktyabrda Bakıya yağan yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti, Niyazi küçəsi, habelə Əbdürrəhim bəy Haqverdiyev, Səməd Vurğun küçələri, Abbasqulu ağa Bakıxanov küçəsi və Tbilisi prospektində tıxac yaranıb. Bir neçə kilometr uzunluqdakı tıxacların əsas səbəbi yollarda, yol qovşaqları və körpülərin altında böyük Həmçinin Binəqədi rayonunda əksər küçələri, evləri sel basıb. Sinoptiklərin məlumatına görə, yağışlı hava şəraiti oktyabrın sonuna qədər davam edəcək. Bu o deməkdir ki, Bakıda tıxaclar da bu müddətdə əskik olmayacaq. Hər dəfə yağış yağıb bir neçə kilometrlik tıxaclar yarananda ən müxtəlif dövlət qurumlarının adı çəkilir. Son nəticədə isə yollarda hərəkətin intensivliyini təmin etməli qurum ortaya çıxmır ki, çıxmır.
Kimdir günahkar? Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa digər qurumlar?
Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, Bakı yollarında hərəkətin intensivliyini təmin etməli qurum “Azəravtoyol” ASC-dir. Qanuna görə, avtomobillərin intensiv hərəkət etmələri, yol və yol qurğularının daim işlək vəziyyətdə olması vəzifəsi “Azəravtoyol” ASC-nin üzərindədir. Avtomobillərin davamlı və maneəsiz hərəkətini təmin etməli olan bu qurum yağış yağan zaman sanki qeybə çəkilir.
Halbuki yol və yol qurğuları tikildikdən sonra məhz “Azəravtoyol” ASC-nin balansına verilir. Hər il dövlət büdcəsindən yolların işlək vəziyyətdə olmasının təmin edilməsi üçün milyonlarla manat ayrılır. “Azəravtoyol” ASC rəsmilərinin həmin milyonları təyinatı üzrə xərcləmədikləri isə hər dəfə yağış yağanda üzə çıxır. Bunu isbatlamaq üçün uzun-uzadı yoxlamaya da ehtiyac yoxdur. Bakının Ziya Bünyadov prospektində artıq bir neçə ildir ki, böyük gölməçələr yaranır, Bakının mərkəzi prospekti keçilməz duruma düşür. Oktyabrın 17-də bu istiqamətdə yaranan tıxac prospektə bitişən və kəsişən yollarda uzun tıxaclar yaratsa da, yolda tıxac səhərdən axşama qədər davam etsə də, “Azəravtoyol” ASC rəsmilərini ərazidə görən olmayıb. Heç müvafiq texnikanı da “Azəravtoyol” ASC yollara çıxarmadı.
Qeyd edək ki, 2015-ci ilin dekabrında prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Yeni sərəncama əsasən, 2007-ci il 22 fevral tarixli sərəncamda aşağıdakı dəyişikliklər edilib:
1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılır. Nazirlər Kabinetinə “Azəryolservis” (o zaman quruma hələ “Azəravtoyol” ASC adı verilməmişdi. Prezident İlham Əliyevin 2016-cı il 9 mart tarixli Fərmanı ilə “Azəryolservis” ASC-nin adı dəyişdirilərək “Azəravtoyol” ASC adlandırılıb-red.) Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini bir ay müddətində təmin etmək; bu sərəncama əsasən, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ayrılmasını təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Belə görünür ki, “Azəravtoyol” ASC-yə 2015-ci ilin fevralında sədr təyin olunan Saleh Məmmədovun prezidentin bu sərəncamından xəbəri yoxdur. Və ya S.Məmmədov Bakıda yerləşən “Azəravtoyol” ASC-ni xaricdən, yollarda intensiv hərəkətin təmin olunduğu bir regiondan distansion olaraq idarə edir. //Musavat.com