Belə "xəstə" sürücülərimiz də var - Acı həqiqət
Siz elə bilirsiniz ki, sükan arxasında oturanların hamısı normal insandır? Sizcə, onların hamısının düşüncəsi, şüuru, təfəkkürü normal qaydada inkişaf edib? Mən bu son 10 ildə tam əmin oldum ki, bizim sürücülərin 40 faizində nəinki sürücülük mədəniyyəti, heç bir ailə tərbiyəsi də normal qaydada deyil.
Hərdən yolumu Babək prospektindəki maşın bazarından salıram. Dünən görürəm ki, bahalı bir "Mercedes S class" girdi bazara, nömrəsi də 700. Bazara girib 30 metr gedəndən sonra qabaq işıqları yandırdı, ardınca da sayrışan göy-qırmızı işıqlar qoşuldu. Sonra isə "danq-danq" siqnal. Sağa-sola boylanırdı sürücü, görsün, camaat ona baxırmı.
Bir az keçdi, bir "Priora" girdi bazara. Sürücü maşını bazarın girişində saxlayıb düşdü, arxa qapılarda tünd pərdələri qaldırdı, sonra qabaq qapının şüşələrinə də pərdə yapışdırıb maşına mindi. Musiqiyə də xod verib getdi.
Az sonra "Niva" gəldi, baxdım ki, maşın gedə-gedə arxası aşağı düşür, pnevma qoyulub. Maşının dalı yerə dəyir, qabağı da göydə, getdi beləcə...
Axırda maraq məni bürüdü. Yanına getdiyim uşaqlardan soruşdum ki, bu nə mənə şeydir, bazara girən qızır, ağlına gələni edir? Cavab verdilər ki, bunlar "xəstə"dirlər. O boyda xərc qoyub maşına "danq-danq" siqnal, tünd pərdə, pnevma, aparatura yığdırırlar. Amma şəhərdə sürə bilmirlər. Çünki yol polisi tutan kimi cərimələyir, siqnalı, pərdəni də müsadirə edirlər, Ona görə də, bu sürücülər həftədə bir-iki dəfə bazara girib ağlına gələni edir, "gözünün qurdunu öldürür", sonra da sürüb gedir. Heç kim də onlara baş qoşmur.
Dedim, hə, biz bu düşüncədə olan sürücüdən yol hərəkəti qaydalarına əməl etməyi tələb edirik, öyrədirik, onlar isə özünə nə lazımdırsa onu öyrənib onu da edirlər...
Bəlkə də artıq belə sürücülər üçün xüsusi yerlərin ayrılması məsələsinə baxılmalıdır. Bunları küçələrdən, yollardan yığışdırmağın yolu budur. Yolda sürüb kiməsə problem yaradıb təhlükəyə atmaqdansa, qoy, gedib qapalı yerdə doyunca pərdəli, "miqalka"lı maşın sürsünlər.
Əslində, maşın bazarına gələn o sürücüləri qınamıram. Bəlkə də, onlar hələ bir az yaxşı sürücü sayılırlar. İmkanı olan bu cür qayda pozuntularını şəhərin ortasına edir. Bu isə çox pis hərəkətdir. Amma gedib maşın bazarında "gözünün qurdunu öldürən"ləri alqışlayıram. Çünki onlar ən azından özlərinə və cəmiyyətə hörmət edib küçədə xuliqanlıq etmirlər. Amma mənə qəribə gələn odur ki, həftənin 6 günü pərdəsiz, "miqalka"sız maşın sürə bilən adam maşın bazarına girib 15 dəqiqə pərdə vurub sayrışan işıq yandıranda nə olur?
Elməddin Muradlı