Bəs siz niyə velosiped sürmürsünüz? - Bulvardan VİDEO REPORTAJ
İtaliyanın baş naziri Matteo Renzi, İngiltərənin baş naziri Devid Kemeron, Danimarkanın xarici işlər naziri Martin Lideqard, Hollandiyanın baş naziri Mark Rütte və başqaları... Adı çəkilən məmurlar mətbuatın gündəminə ən sadə məmurlar kimi düşüb. Belə ki, onlar gündəlik həyatlarında ictimai nəqliyyatdan, daha çox isə velosipeddən istifadə edirlər. İşə də velosipedlə gəlib gedirlər. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Velosipeddən, ya da ictimai nəqliyyatdan istifadə edən yüksək rütbəli məmura rast gəlmək demək olar ki, mümkün deyil. Yollarda velosiped zolaqlarının olmaması isə vəziyyəti bir az da çətinləşdirir. Amma təbii ki, istisnalar da var. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və millət vəkili Fuad Muradovu gündəlik həyatlarında ictimai nəqliyyatdan istifadə edərkən görməsək də, tez-tez veloyürüşlərə qatılmasının şahidi oluruq.
Mövzumuz məmurların ictimai nəqliyyatdan, ya da velosipeddən istifadə etməsi deyil, sadəcə, bir az xatırlatma etmək istədik. Keçək əsas məsələyə. Artıq qış fəslinin sonlarına yaxınlaşırıq. Havaların soyuq keçməsi velosiped sürənlərin sayının azalmasına gətirib çıxarmışdı. Artıq yavaş-yavaş havalar istiləşir. Bu səbəbdən Yeni Bulvar deyilən ərazidə insanların sıxlığını və velosiped sürənlərin sayının artığı müşahidə olunur.
Velosiped kirayəsinin növbə rəisi Samir Əsədov da deyib ki, qış aylarında müştəri qıtlığı ilə üzləşirlər. Velosiped sürməyə gələnlərin sayı çox az olur. Yayda isə bu rəqəm birə beş artır. Onun sözlərinə görə, soyuq aylarda gün ərzində səhər saat 8-dən günorta saat 14-ə qədər 15-20 nəfər müştəri olur, günorta saatlarından sonra bu rəqəm bir az artır: "Velosiped götürəndə əsasən müştərinin istəyini də nəzərə alırıq. Müştərinin istəyi ilə hər hansısa bir sənəd və yaxud pul depoziti qoyulur. İlk olaraq isə şəxsiyyət vəsiqəsi tələb edirik. Bundan sonra müştəri velosipeddən istifadə edir".
Müsahibimiz deyir ki, velosiped sürməyə gələnlər daha çox oğlanlardır. Velosipedi götürüb qaytarmamaq kimi hallara isə rast gəlməyiblər. Amma velosipedi götürdükləri vaxtından gec qaytaranlar var. Bu zaman müştəri əlavə saatın pulunu ödəməli olur: "Bizdə adi velosipedlərin 1 saatının qiyməti 3 manat, sürətli velosipedlərin 1 saatının qiyməti 5 manatdır. Bundan başqa, bizdə velotaksilərdən də istifadə olunur. Velotaksilərin qiyməti isə 2 nəfərlik üçün 10 manat, 4 nəfərlik üçün 15 manatdır".
Samir Əsədov bildirib ki, velosipedlərin keyfiyyəti yaxşıdır. Son bir ayda yeni velosipedlər alınıb. Müştəri velosiped sürərkən xoşagəlməz hal baş verərsə, məsələn, velosiped sınarsa, pulunu müştəri özü ödəyir: "Bu velosipedlər əsasən topdansatış mağazalarından alınır. Keyfiyyət yoxlanılır, bundan sonra velosipedlər bura çatdırılır. Müştəri bizdən velosipedi götürəndə müqaviləyə imza atır. Həmin müqavilədə göstərilir ki, müştəri velosipedi yararsız vəziyyətə salarsa, orada göstərilən qaydaya əsasən pul ödəyir. Hər hansı bir detalı xarab olsa, ustaya göstərilir. Usta onun dəyərini bizə söyləyir, biz də müştəriyə deyirik, razılaşma yolu ilə həmin məbləği kassaya ödəyir".
Növbə rəisi deyib ki, Yeni Bulvarda uşaqlar üçün velosiped yoxdur. Burada olan velosipedləri yalnız 12 yaş və 12 yaşdan yuxarı yeniyetmələr idarə edə bilər. Uşaqlar üçün velosipedlərin gətirilməsi də nəzərdə tutulmayıb.
Samir Əsədovla sağollaşıb, velosiped seçimində çətinlik çəkən bu balacaya yaxınlaşdıq. Cavidan adlı oğlan bura vaxtı olanda velosiped sürməyə gəldiyini deyir:
"Bütün günü gəlmirəm, vaxtımız olanda gəlirik velosiped sürməyə. Sürə bilirəm. Mənə sürməyi babam öyrədib. Mənim boyum çatanı sürəcəyəm. Yanımdakı velosipedə boyum çatmır, otura bilmirəm".
Amma Cavidan özündə güc toplayıb "sürə bilmərəm" dediyi velosipedi məharətlə idarə edir. Velosiped sürməyə maraq göstərənlərin bu idman növünə marağının haradan yarandığını soruşuruq.
“Boş vaxtlarımızda dərsdən sonra bəzən gəlib sürürük. Hava normal olanda, isti olanda gəlirik. Yay aylarında isə daha çox gəlirik. Bu gün hava xoş olduğuna görə gəlmişik istirahət edək”.
“Dərslərdən vaxt tapıb gəlirik arada. Hər idmanın faydası var, əlbəttə ki, velosipedin də faydası olacaq”.
“Dostlarımla birlikdə gəlmişik. Bilirik ki, idmandır da, xeyirdir. İmtahanlar yeni qurtarıb, stress atmaq üçün gəlmişik”.
Bəli, bu gənclərin də dediyi kimi, velosiped sürməyin bir çox faydaları var.
Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olur. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir. 1 saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür.
Mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.
Velosiped sürərək ayaqlarınızı və ombanızı da formaya sala bilərsiniz. Üstəlik, bu zaman qarın və qol əzələləriniz də güclənəcək.
Ürəyin dostudur. Alimlər gündə, sadəcə, 30 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər.
Velosiped sayəsində tıxaclarda qalmadan istədiyimiz yerə vaxtında çata bilərik. Bu zaman benzinə və ya ictimai nəqliyyata ödəyəcəyimiz pul cibimizdə qalar.