Binəqədidə 240 alman avtomobili yağışın altında niyə çürüyüb? – FOTO
Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə etdiyi avtomobillər bu qış da yağışın, qarın altında sahibini gözləyəcək. Avtosfer.az xəbər verir ki, artıq 4 ildir bu maşınlar Binəqədi rayonu ərazisində dayanacaqda saxlanılır. Maşınlar çürüsə də, ehtiyat hissələrindən istifadəyə belə icazə verilmir.
Qeyd edək ki, “Eurovision-2012” mahnı yarışmasını izləməyə gələn bir qrup Almaniya vətəndaşı gəldikləri şəxsi avtomobillərini Bakıda qoyaraq ölkələrinə təyyarə ilə dönüblər. Mühafizəçi dayanacaqda 240 avtomobilin olduğunu bildirsə də, kənardan maşınların sayı çox az görünürdü. “Bu dayanacaqdakı maşınlara Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, bir də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov nəzarət edir. Dayanacağa giriş qadağandır, yalnız onlar icazə verdikləri halda maşınlar ərazidən çıxarıla bilər”,-nəzarətçi deyib. Təxminən 1980-ci ildə istehsal olunmuş avtomobillər qaçqınlara verilmir, çünki maşınlar gömrükdə qeydiyyatdan keçirilməyib. Maşınların birinin qeydiyyatı üçün tələb olunan rüsum maşının qiymətindən bahadır. Buna görə də illərdir avtomobillərlə bağlı qeyri-müəyyənlik davam edir.
Avtodayanacağın nəzarətçisi maşınlara “Qaçqınkom”un nəzarət etdiyini təsdiqləsə də, komitədən maşınların gələcək taleyi ilə bağlı açıqlama vermək istəmirlər. “Bu maşınlar haqda mətbuatda oxumuşuq, amma yəqin ki, qaçqınlara verilməyəcək”-komitədən yalnız bunu söyləməklə kifayətləniblər.
Bəs maşınların açarları kimdədir?
Komitə bu suala dəqiq cavab vermir. Qeyd edək ki, bir müddət əvvəl avtomobillərin dayanacaqdan çıxarılaraq Bayram Səfərovun Novxanıdakı boş torpaq sahəsinə aparıldığı haqda məlumatlar yayılmışdı. Elə açarların da onda olduğu söylənilirdi. Amma icra başçısı maşınların onlarda olmadığını deməklə kifayətlənmişdi.
Virtualaz.org-un əməkdaşları avtomobillərin saxlandığı ərazinin fotolarını kənardan da olsa çəkməyə müvəffəq olublar. Fotolarda da maşınların sayının az olduğu görünür.
Xatırladaq ki, “Eurovision – 2012” yarışması ərəfəsində Bakıya gələn və maşınlarını qaçqınlara bağışlayan almanlar xeyriyyə aksiyasının iştirakçısıdırlar. Belə ki, “Allgeau-Orient” adlı avtoralliyə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulub ki, onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya doğru (9000 km məsafə) dünyanın ən böyük avtomobil yürüşünü ediblər.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, bu avtomobilləri o halda sənədləşdirmək çətinlik törədə bilər ki, bu avtomobillərin ya xaricdən gətirilərkən ilkin sənədləri olmasın, ya idxal zamanı “Avro 4” standartına cavab verməsin, ya da gömrük ödənişi həyata keçirilməsin. Avtomobillərin heç olmasa ehtiyat hissələrindən istifadə edilməsinə gəldikdə isə, ekspert bunun yalnız maşın sahibinin razılığı əsasında ola biləcəyini deyir. “Qanun “Avro 4” standartına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsini qadağan edir. Bu baxımdan qanuna hörmət olunmalıdır. Hər kəs bunu anlayışla qarşılamalıdır və burada istisna ola bilməz. Ümumiyyətlə, bu avtomobillər köhnədirsə, yararsız avtomobil kimə lazımdır? Məsələnin digər tərəfi isə onunla bağlıdır ki, əgər bu avtomobillər istifadəyə yararsız idisə, aidiyyəti dövlət rəsmiləri onları qəbul etməməli, geri qaytarmalı idilər. Gömrük Bəyannaməsinə görə, Azərbaycana daxil olan istifadəyə yararsız bütün avtomobillər geri qaytarılmalıdır”, - deyə ekspert bildirib. Bir müddət əvvəl avtomobillərin kəndlərdə əkin-biçinlə məşğul olan köçkünlərə verilməsi təklif olunurdu. Lakin təkliflər havada qaldı. Görünür, maşınlar tam çürüyənə qədər yağışın, qarın altında saxlanılacaq və son yeri zibillik olacaq.