Bu avtobuslar xəstəliyə aparır - Uşaqları qoruyun - FOTOLAR
Şəxsi avtomobili olmayan insanlar hər gün ictimai nəqliyyatdan istifadə edirlər. Ən çox istifadə edilən nəqliyyat növü isə metro və avtobuslardır. İnfeksion xəstəliklərin sürətlə yayıldığı bir vaxtda Medicina.az-ın əməkdaşı avtobuslarda təmizliyə riayət edilib-ediməməsiylə maraqlanıb. Məlum olub ki, Bakının mərkəzində fəaliyyət göstərən avtobusların şəraiti kifayət qədər ürəkaçan olsa da, bunu bütün istiqamətlərdə fəaliyyət göstərən avtobuslara şamil etmək mümkün deyil...
Avtobusun şüşələrinə Bakı Nəqliyyat Agentliyinin hazırladığı müxtəlif məlumat lövhələri vurulub: "Siqaretdən istifadə qəti qadağandır”, "Hər gün dezinfeksiya edilir” və s.
Şüşələrin çirkli, kənarlarının toz içində olması avtobusun nəinki hər gün, hətta uzun müddət dezinfeksiya edilmədiyini, təmizlənmədiyini sübut edir. Belə avtobuslarda sıxlıq isə digərləri ilə müqayisədə daha çoxdur. Avtobuslarda antisanitariya ilə yanaşı, müxtəlif tanışlıq saytlarının reklamlarını da görmək mümkündür.
Bəs bu natəmizlik və sıxlıq insan orqanizminə nə kimi təsir göstərə bilər?
Avtobusdakı məlumat lövhələrinə yazıldığı təqdirdə nə üçün əməl olunmamasının səbəbi ilə bağlı Medicina.az-nın sualına Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev cavab verib: "Avtobuslar reysdən qayıdan zaman mütləq şəkildə istehsalat bazasında müəyyən prosedurlardan keçməlidir. Bura avtobusların təmizlənməsi, texniki müayinədən, sürücülərin tibbi baxışdan keçməsi daxildir. Lövhələr agentliyin tələbinə uyğun olaraq yapışdırılır. Qeyd olunan natəmizliklərlə bağlı vətəndaşlardan şikayətlərin kifayət qədər daxil olduğunu bildirən M.Ağayev bu istiqamətdə müvafiq işlər görülüyünü qeyd edib: "Avtobuslar təmizlənməlidir. Avtobusların təmizliyinə, dezinfeksiyasına nəzarət birbaşa Nəqliyyat Agentliyində deyil, müvafiq orqanlar həyata keçirir. Biz hansısa avtobusun natəmiz şəkildə yola çıxdığını aşkar etdikdə daşıyıcıya irad bildirərək, tövsiyə edirik ki, avtobusunuz yoxlanılmalıdır və təmizlənməlidir”.